Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İranda müalicə, yoxsa ölmək üçün seçilən məkan…

İranda müalicə, yoxsa ölmək üçün seçilən məkan…

Təbrizin “Kudəkan” xəstəxanasında vəfat edən azyaşlı Qorqud Dadaşzadənin meyitinin xəstəxanaya yaranmış borc səbəbindən ailəsinə verilməməsi ilə bağlı xəbərlər ötən həftə mətbuatın əsas müzakirə mövzularından biri oldu.

Mətbuatda və sosial mediada yazılan tənqidi şərhlərdən sonra ailənin xəstəxanaya olan borcu ödənildi, meyit geri qaytarıldı.

Yaxınları Qorqudun ölümündə xəstəxananı günahlandırsa da, faktı araşdıran, həkim səhvinin olub-olmadığını öyrənən olmadı. Təbii ki, səbəb bəllidir. Əməliyyatdan əvvəl ailə ilə müqavilə bağlanmayıb, xəstəxana, həkim öhdəlik götürməyib. Bəllidir ki, Qorqud xarici ölkə vətəndaşı olduğu üçün həkimin səhvindən ölüm baş veribsə belə heç kim məsuliyyətə cəlb edilməyəcək.

Bu, birinci və təəssüf ki, sonuncu fakt deyil. Təkcə ötən ilin 5 ayında 7 nəfərin İran xəstəxanasında öldüyü, meyitlərinin ailələrinə verilməsi üçün külli miqdarda pul istənildiyinə dair yerli mətbuatda məlumatlar verilib.

Təbii ki, cərrahiyyə əməliyyatı zamanı ölüm və ya fəsadlaşmadan heç kim sığortalanmayıb. Amma müalicə üçün xarici ölkələrə üz tutan və orada ölən azərbaycanlıların say göstəricisinə görə İran birinci yerdədir. Baxmayaraq ki, Azərbaycan mətbuatına bu faktları ya şikayət, ya da təsadüf nəticəsində bəlli olur.

İran mətbuatı isə, əksinə, Azərbaycan səhiyyəsi ilə bağlı tənqidi fikirləri, ölkəsinə üz tutan azərbaycanlı xəstələrin sayı ilə bağlı statistikanı tez-tez xatırladır. Məsələn, bu ölkənin Səhiyyə Nazirliyinə istinadən qonşu dövlətdə hər il 200 min azərbaycanlının cərrahiyyə əməliyyatı keçirdiyinə dair İran mətbuat bazar günü statistik açıqlama yayıb.

Qorqudun ölümü isə qonşu ölkədə müalicə məsələsini yenidən aktuallaşdırdı. Və ildə minlərlə həmyerlimizi İrana aparan səbəblərlə bağlı suallar yaratdı. Azərbaycanlı xəstələri İrana aparan səbəb nədir? Azərbaycanda səhiyyənin durumu, ucuzluq, yoxsa reklam?

Virtualaz.org saytının əməkdaşları bu sualların cavabını araşdırmağa çalışıb.

“17 yaşlı oğlum Aqşinin çəkisi bir-iki ayın içində 34 kiloqrama düşmüşdü, hərarəti qalxırdı, halsız olurdu. Bakıda uşağa sümük vərəmi diaqnozu qoydular. Həkimlər dedilər ki, vərəmə qarşı müalicə almalıdır, bundan sonra əməliyyat edəcəyik”.

Bunu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yaşayan Sahibə Mehdiyeva sayta ünvanladığı müraciətində yazır. Ana deyir ki, qohumların təkidi ilə oğlanı İrana, Təbriz şəhərinə aparıblar. Klinika və həkimi isə “İranda müayinə və müalicə” adlı Feysbuk səhifəsində verilmiş telefona zəng vurmaqla seçiblər: “Səhifədə güzəştli şərtlərlə Təbrizdə müayinə və müalicə aparıldığı göstərilirdi. Biz verilən telefona zəng vurduq, Təbrizdə Həsən adlı həkimlə caladılar. Həkim 4 min dollar qarşılığında əməliyyat edəcəyini bildirdi”.

Təbrizdə uşağı dərhal əməliyyata götürüblər. Ailə xəstəxanaya 4 min dollar ödəyib. Əməliyyatdan 3 gün sonra isə geriyə – Bakıya qayıtmağa məcbur olublar.

S.Mehdiyeva söyləyir ki, xəstənaya gündəlik əlavə 1000 dollar ödənilməsi tələb olunub: “Bankdan kredit götürüb əməliyyatın xərcini ödəmişdik. 4 min dollardan sonra hər gün üçün min dollar istənilirdi. Əlavə 3 min dollar ödəməyə imkanımız olmadı. Vəsaiti tam ödəmədiyimiz üçün xəstəxanadan bizi buraxmaq istəmidilər. Beləliklə, qohumlardan borc alıb 3 min də ödədik”.

Ailə çətinliklə yeni əməliyyatdan çıxmış Aqşini Bakıya qaytarıb. Amma 1 həftədən sonra uşağın vəziyyəti ağırlaşıb: “Həkimə zəng vurduq. Dedi ki, sümük vərəmi cirə, bir də dəvə südü ilə sağalır. Əməliyyatdan sonra dərmanlara da ehtiyac yoxdur. Onun telefonda dediyi dərmanları, türkəçarəni etdik. Lakin əlac olmadı. Əməliyyatdan 18 gün sonra oğlum dünyasını dəyişdi. Halbuki, həkim əməliyyatdan sonra tam sağalacağına təminat vermişdi. Sonra isə bizə dedi ki, pul verib xəstəxanada saxlasaydınız, uşaq ölməzdi. Yəni bizi günahkar çıxardı”.

Rəşad İsmayılov isə 9 yaşlı qızı Mehriban İsmayılovanı İranın beyin mərkəzi sayılan Urmiyaya aparıb. Uşağa ensofalit diaqnozu qoyulub. Müalicə ilk günlər yaxşı nəticə verib. Amma İranın Biləsuvar sərhəd keçid məntəqəsində tanış olduğu taksi sürücüsünün məsləhətilə Ərdəbilə başqa bir həkimin yanına gediblər. R.İsmayılov deyir ki, bir müddət sonra qızında qıcolmalar təkrarlanıb: “Bəzən bir gündə 5-6 dəfə tutma olurdu. Həkimin təyin etdiyi bütün dərmanları vaxtında verirdik. Amma tutmalar dayanmırdı. Bir müddət sonra isə kökəlməyə başladı, sözləri deyərkən kəkildəyirdi, bəzən mənasız yerə gülürdü. İrana getdiyimiz 2 ildə 10 min dollar xərclədim. Bütün müalicələri, müayinələri sınadıq. Yeganə qızım sağalmaqdan daha da pisləşdi. Hətta qəbul etdiyi dərmanlar qaraciyərini sıradan çıxarmışdı”.

Sonradan qızın müalicəsi Azərbaycanda davam etdirilib. Mehriban tam sağalmasa da, indi tutmaları azalıb. Atası deyir ki, İranda itirdiyi vaxt, pul qızının sağalmasına pis təsir edib.

Vüqar Qəhrəmanovun 3 yaşlı oğluna isə bud-çanaq sümüyünün anadangəlmə çıxığı diaqnozu qoyulub. O deyir ki, Bakıdakı xəstəxanada cərrahiyyə əməliyyatı ilə sağalacağına təminat veriblər. Lakin klinikaların biri tərəfindən dəvət edilən iranlı mütəxəssisin tövsiyəsi ilə Tehrana aparılıb: “Əslində həkim 1 yaş 2 aylıq olanda əməliyyat etməyi məsləhət görmüşdü. Amma kiçik olduğundan imtina etdik. Sonradan isə Azərbaycanda yaxşı həkim olmadığına görə uşaqda qüsur qalacağını dedilər. İranlı həkim də Azərbaycanda aparılan cərrahiyyə əməliyyatlarının uğursuz alındığını, azərbaycanlı həkimlərin əlil etdiyi uşaqların İranda təkrar əməliyyat olunduğunu dedi. Oğlum Tehranda əməliyyat olundu”.

Bu əməliyyat 2 min manata başa gəlir. Xəstəxananın digər gündəlik xərcləri çox olduğundan ikinci əməliyyat Bakıda aparılır və uğurlu alınır. V.Qəhrəmanov deyir ki, uzunmüddətli masaj, idman hərəkətlərindən sonra uşaq sərbəst və qüsursuz yeriməyə başlayıb.

Yalançı statistika…

Təbii ki, İranda sağalan, dərdinə əlac tapan həmyerlilərimiz də çoxdur. Amma hər il 800 min – 1 milyon azərbaycanlının müalicə üçün bu ölkəyə üz tutması, üstəlik ildə 200 min xəstənin əməliyyat olunması inandırıcı deyil. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 50 minə yaxın Azərbaycan vətəndaşı sağlamlığını əcnəbi həkimlərə etibar edib. Ötən il İran əcnəbi xəstələr üçün müayinə və müalicə qiymətlərini iki dəfədən çox artırıb. İran istehsallı dərmanlar da daxil olmaqla dərmanlar iki dəfə bahalaşıb. Yəni ucuz müalicə və müayinə reklamları daha heç kimə inandırıcı gəlmir. Üstəlik ötən ilin fevralında baş verən devalvasiya da xaricə müalicəyə getmək istəyənləri fikrindən daşındırıb. Şübhəsiz ki, xəstələrin sayı ilə bağlı statistika elə reklama hesablanıb. Əslində, azərbaycanlı xəstələrin daşınması üçün xüsusi avtobus xətti açan, bizlər üçün şəhərcik yaratmağı təklif edən, otellər tikdirən İran tərəfinin iqtisadi maraqları başa düşüləndir. Amma söhbət sağlamlıqdan gedirsə, reklam və təbliğatlara aldanmamaq üçün diqqətli olmaq lazımdır.

Mütəxəsislər deyir ki…

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun direktoru Vaqif Mehdiyev deyir ki, rəhbərlik etdiyi xəstəxanaya xarici ölkələrdə, xüsusilə də İranda əməliyyat və ya müalicə olunmuş, lakin fəsadlaşmış halda müraciət edənlər çox olur: “Müşahidələr göstərir ki, 30-40 faiz xəstələr fəsadlaşma ilə geri dönürlər. Məsələn, elə xəstəliklər var ki, tək cərrahiyyə əməliyyatı ilə sağalmaq mümkün olmur. Bəzən xəstə əməliyyat olunur, amma pulu olmadığından təkrar müayinələrə gedə bilmir. Bəzən xəstələri təkrar müalicə etmək istəmirlər, onlara “sizin sağalmağınız Allahdan asılıdır”. – deyən həkimlər də var”.

V.Verdiyev qeyd edir ki, azərbaycanlı xəstələrin əsas problem onların hüquqlarının qorunmaması ilə bağlıdır: “Həmyerlilərimiz xaricdə həkimə etibar edərkən heç bir zəmanətləri olmur. Onlarla müqavilə bağlanmır, nəticədə, müalicənin effekti olmadıqda və ya əməliyyat həkimin səhvindən uğursuz alınanda şikayətlər qəbul edilmir. Bizim xəstələrin hüquqları qorunmur”.

İnstitut direktoru deyir ki, fəsadlaşmış geri dönən xəstələrə yardım göstərmək çətindir. Başqa sözlə, ilkin əməliyyatları aparmaq fəsadı aradan qaldırmaqdan asandır: “Məsələn, onkoloji xəstələri cərrahiyyə əməliyyatı edilrlər. Amma bu xəstələrdə cərrahiyyə əməliyyatı kompleks müalicənin bir hissəsidir. Xəstə həm də kimyəvi və ya şüa müalicəsi almalıdır. Yaxud sümük vərəminin müalicəsində mütləq vərəm əleyhinə müalicə aparılmalıdır. Vərəm ocağı müəyyən qədər söndürüləndən sonra cərrahiyyə əməliyyatı aparmaq olar. Amma İrandan qayıdan xəstələrin əksəriyyətində vərəmə qarşı müalicə edilmədən əməliyyat aparıblar. Bundan sonra xəstələr baxımsız qalırlar. Nəticədə, vərəm yenidən inkişaf edir. Xəstələrə qoyulan dəmir, metal qurğular irinin içərisində üzür, yəni onlar bu vəziyyətdə geri dönürlər”.

V.Verdiyevin sözlərinə görə, belə xəstələrin sağalması çətindir. Amma hazırda bir çox xəstəliklər kimi, sümük vərəmi və sümük xərçənginin Azərbaycanda müalicə və əməliyyatını aparmaq mümkündür: ”Xəstələrin 80-90 faizi kimlərinsə vasitəsilə İrana gedir. Bəzi şəxslər müəyyən faiz qarşılığında və ya bilməyərəkdən xəstələri başqa ölkələrdə müalicəyə təhrik edirlər. İran həm yaxındır, həm də dil baxımından problem olmur. Buna görə də, xəstələrin çoxu İrana üz tutur. Amma təəssüf ki, xəstələr bəzən mütəxəssis yanına gedə bilmirlər. Onları bu ixtisaslar üzrə peşəkarlar müalicə etmirlər”.

Cərrah Nəriman Quiyev də eyni fikirdədir. Onun sözlərinə görə, bəzi xəstələr əməliyyatlardan sonra nəzarətdə saxlanılmalıdırlar. Lakin müraciət edən xəstələrin çoxu əməliyyatdan sonra geri dönmədiyini deyir: “İndi İranda və ya Türkiyədə müalicəsi mümkün olan, amma Azərbaycanda həyata keçirilməyən müalicə metodu və ya əməliyyat yoxdur. İranda müalicə olunmaq istəyən Azərbaycan vətəndaşlarının çoxu sərhədi o taya keçən kimi taksi sürücülərinin timsalında böyük bir dəstənin toruna düşürlər: Hətta xəstələr deyir ki, sərhəd keçid məntəqələrində azərbaycanlı xəstələrə “xidmət göstərən” taksi sürücüləri var. Onlar xəstə apardıqları üçün həkimlərdən faiz alırlar. İranda bəzi həkimlər eyni zamanda həm burun-boğaz, həm ürək, həm də qaraciyər xəstəliyinə dərman yazır. Mən hətta tibb bacılarının dərman təyin etdiyinin şahidi olmuşam”.

Həkim bildirir ki, səhhəti ağırlaşan xəstələrə sonradan yardım etmək çətinləşir: “Təəssüf ki, xəstə və ya onun yaxınları yerli həkimlərə etibar etmirlər. Elə təsəvvür yaradılır ki, İranda ölünü dirildirlər. İranlı həkimin yanlış müalicəsi nəticəsində vəziyyəti pisləşən xəstə hüquqi cəhətdən heç nə edə bilmir, şikayət etmək imkanları olmur”.

Göründüyü kimi, İrandakı müayinə və müalicələrdən narazı qalan, şəfa tapmayan xəstələrin də sayı kifayət qədərdir. Üstəlik, İranın öz vətəndaşına tətbiq etdiyi qanun və güzəştlər əcnəbi xəstələr üçün keçərli deyil. Ən azından İrana diri gedib ölü qayıdanlarla bağlı indiyədək hansısa həkimin sorğu-suala çəkildiyinə, cəzalandırıldığına dair xəbərə rast gəlməmişik. Halbuki, xəstəxananın pulu tam ödənmədiyi üçün xəstələrin və ya meyitlərin girov saxlanıldığı ilə bağlı tez-tez məlumatlar verilir. Bu isə onu deməyə əsas verir ki, İran azərbaycanlı xəstələrdən büdcəsinə daxil olan vəsaiti itirməmək üçün əlindən gələni əsirgəmir. Bir sözlə, seçim sizindir…

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın