Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / “İranda dini təhsil alanlar Azərbaycan əleyhinə təbliğatda iştirak edirlər”

“İranda dini təhsil alanlar Azərbaycan əleyhinə təbliğatda iştirak edirlər”

“Hazırda İran İslam Respublikası dərin böhran keçirir. Bu böhran eyni zamanda, orada din adı altında istifadə olunan siyasətin böhranıdır”. 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə ölkəmizdən də tələbələr gedib:

“Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır. Ümumiyyətlə hazırda nəinki İranda, başqa ölkələrdə də dini təhsilin alınmasına ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayət qədər kadr hazırlamaq imkanımız var”.

Mübariz Qurbanlı əlavə edib ki, ayrı-ayrı ölkələrə gedib din sahəsində təhsil alanlar həmin ölkənin dövlət-din modelini mənimsəyir və öz ölkəsinə qayıtdıqdan sonra burada təşviq etməyə çalışırlar:

“O cümlədən İranda da təhsil alanlar arasında təsir altına düşənlər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər və hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan bu cür anti-Azərbaycan hərəkətlərə son qoyulmasını tələb edir”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, İranda Azərbaycan əleyhinə edilən hər bir hərəkət bütün sahələrdə bumeranq olaraq özünə qayıdır:

“İran Azərbaycanda bu və ya digər formada istənilən sahədə, o cümlədən də din sahəsində fitnəkar əmələ nail ola bilməz. Ona görə ki, Azərbaycan xalqı monolitdir, birdir. 44 günlük Vətən müharibəsi də bunu bir daha təsdiq etdi. Mən hesab edirəm ki, Azərbaycandakı din xadimlərimiz də İranın Ermənistana yaxınlığını, ona dəstək verdiyini görür. Ölkəmizdə dövlət-din siyasəti yüksək səviyyədədir, stabillik var, bütün din xadimlərimiz də Azərbaycan dövlətinin yanındadır. Bu yaxınlarda din xadimlərimizin bəyanatı da yayıldı. Onlar da İranda din adı altında Azərbaycan əleyhinə bu cür hərəkətləri qətiyyən pisləyiblər. O cümlədən Ermənistanla yaxınlığın müsəlman aləminə zidd olduğunu bildiriblər. İşğal olunmuş ərazilərimizdəki dini abidələrin, məscidlərin dağıdılmasına İran daim göz yumub. Erməni işğalçıları orada olan 67 məsciddən 65-ni, həmçinin digər dinlərə aid ibatəd yerlərini dağıdıblar”. APA

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …