Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “İran səmimidirsə, Ermənistanın “nəfəsliyi”ni bağlasın!” – TƏLƏB

“İran səmimidirsə, Ermənistanın “nəfəsliyi”ni bağlasın!” – TƏLƏB

İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regional güclərin iştirakına əsaslanan yeni təklif hazırlayıb. Bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçı məlumat verib. O qeyd edib: “Biz öz üzərimizə məsuliyyət götürürük və bu böhranı həll etməyə kömək edəcəyik. Tərəflərə regional yanaşmaya əsaslanan, o cümlədən problemin həll edilməsində aparıcı rol oynayan ölkələrin iştirakını nəzərdə tutan bir plan təqdim etdik”.
İranın belə təşəbbüslə çıxış etməsi, düzü, təəccüblüdür.

Axı biz indiyədək onun ancaq məkrli siyasətini, “yad oğul” ritorikasını görmüşük. Nə oldu birdən-birə? Yoxsa, tərəfləri yenidən “start nöqtə”sinə qaytarmaq istəyirlər? Hər halda belə bir ehtimal var.

Odur ki, diplomatın sözügedən açıqlaması ilə bağlı BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidovla söhbətləşdik:

– Abbas Araqçinin bəyanatını necə qiymətləndirirsiniz?

-İran həmişə Cənubi Qafqazda baş verən hadisələrdə maraqlı olub. Amma məsələni, həqiqətən, həll etmək istəməyib. Sadəcə belə demək mümkünsə, “gözdən pərdə asmağa” çalışır. Yəni İran səmimi deyil. Onun öz maraqları var. Bir misal çəkim, Birinci Qarabağ müharibəsi zamanı da cənub qonşumuz öz vasitəçiyini təklif etmişdi. Beləliklə, 1992-ci il mayın 7-də Tehranda danışıqlar oldu və atəşkəsə dair razılıq əldə olundu. Bir gün sonra, yəni mayın 8-də isə Şuşa tapdaq altına düşdü.

-Elə isə İranın yalançı təəbbüskarlığı nə ilə bağlıdır?

-Birincisi, kifayət qədər siyasi təsir mexanizmi yoxdur. İkincisi isə işğalçıya lazımi qədər təziq göstərmir. Əlbəttə, bu iqtidara sahibdir, amma sadəcə istəmir. Ümumiyyətlə, İranın Ermənistanla əməkdaşlığı hər kəsə məlumdur. Sözdə Azərbaycanın ərazi büyövlüyünü dəstəkləsə də, düşmənimizin güclənməsinə kömək edir. Ona qalsa, Fransa saxta bəyanatlarla bizi dəstəkləyir. Nə olsun? Nəticəsi göz qabağındadır. Rəsmi Tehranın sözügedən təklifi “Regionda mən də varam, mənim də sözüm eşidilməlidir” ritorikasıdır. Amma onun siyasi müstəvidə konstuktiv mövqə tutacağını gözləmirəm. Çünki status-kvonun dəyişilməsində maraqlı deyil. Hərçənd, biz onu artıq dəyişmişik.

-Müsəlman ölkəsi olan İran bilə-bilə niyə haqsızı, işğalçını dəstəkləyir?

-Bəli, onlar əməkdaşlıq edirlər. İranın şimalındakı Azərbaycanın güclənməsini istəmir. Belə olan halda İrandakı soydaşlarımızın da hərəkətlənməsindən narahatdır. İkinci bir tərəfdən Azərbaycan İsrail münasibətləri rəsmi Tehranı belə mövqeyə vadar edir. İranla İsrail arasındakı düşmənlikdən, yəqin, xəbərdarsınız. Bu nöqteyi-nəzərdən İran münaqişədə sadəcə müşahidəçi kimi yox, iştirakçı kimi görünməyə çalışır. Və həm də ABŞ-ı, İsraili yox, ancaq region dövlətlərini- Türkiyə, Rusiya və İranı tərəf kimi görmək istəyir. Konkret desək, rəsmi Tehranın məqsədi proseslərin aktiv iştirakçısına çevrilməkdir. Amma İran səmimidirsə, başqa addımlar ata bilərdi.

-Məsələn?

-Əvvəla, İran məsuliyyəti öz üzərinə götürürsə, neytral olmalıdır. Amma elə deyil. İkinci bir tərəfdən isə, həqiqətən, haqq səsimizi eşidirsə, ondan Ermənistanla sərhəddi bağlansın. Çünki işğalçı ölkənin “nəfəsliyi” Gürcüstan və İrandır. Rəsmi Tbilisi artıq mövqeyini bildirib. Ancaq İran da sərhədlərini bağlasaydı, məsələ heç müharibə səviyyəsinə çatmadan Ermənistan “iflic” olacaqdı.

– Əgər siyasi iştirakı təmin olunmasa, sizcə, İran hərbi müdaxilə yolunu seçər?

-Dağlaq Qarabağ müharibəsinə istənilən kənar müxadilə qeyri-qanunidir. Xüsusilə Ermənistanı dəstəkləyən üçüncü tərəfin işğalçıdan heç bir fərqi olmayacaq. Nəzərə almaq lazımdır ki, bütün beynəlxalq sənədlər, qətnamələr 7 rayonu Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də hansısa hərbi müdaxilədən söhbət gedə bilməz. Bu, müzakirə mövzusu deyil. Eyni zamanda İran birbaşa olmasa da, dolayısı ilə Ermənistana yarım edir. Silahlarını daşınmasına göz yummaq bunun bariz nümunəsidir.

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …