Şənbə , Mart 2 2024
Ana səhifə / Siyasət / İrəvanın sülhdən başqa alternativ yolu yoxdur – TƏHLİL

İrəvanın sülhdən başqa alternativ yolu yoxdur – TƏHLİL

Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan başqa alternativ yolu yoxdur.

Son zamanlar Ermənistanın dövlət rəsmilərinin sülh sazişinin zəruriliyindən danışmalarına baxmayaraq, İrəvan müxtəlif siyasi manevrlərə əl atmaqla hər vəchlə sülh prosesinə əngəl yaratmağa çalışır.

Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, İrəvanın ya sülh sazişini imzalamaq niyyəti yoxdur, ya da bu sazişə imza atmaqdan çəkinir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.

Doğrudur, dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası Baş nazir Aparatının birgə bəyanatı təqdirəlayiqdir və bu, həqiqətən regionda sülhün bərqərar olunmasına aparan mühüm yoldur. Hər iki ölkə tərəfindən önəmli addımların atılması, həlledici mexanizmlərin tətbiq olunması sülh prosesini daha da intensivləşdirəcək, ikitərəf münasibətlərin normallaşmasına inamı daha da artıracaq. 

İstər dövlət rəhbərliyi, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində rəsmi Bakı ilə İrəvan arasında sülh və qarşılıqlı etimadın möhkəmlənməsinə yönələn məsələlərin nizamlanması barədə ətraflı müzakilərin aparılmasına ehtiyac var. Proseslər məhz bu istiqamətdə getməlidir.

Lakin Ermənistanın dövlət rəsmilərinin son bəyanatları, xüsusilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın iki ölkənin qoşunlarının sərhəd ərazilərdən qarşılıqlı şəkildə geri çəkilməsi ilə bağlı təklifi və guya bu məsələ ilə bağlı müzakirələrin aparılması barədə söylədiyi cəfəng fikirlər sülhün gedişatına ciddi əngəl yaradır.

Mirzoyan qeyd edib ki, İrəvan qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması təşəbbüsü ilə çıxış edir:

“Belə ki, bu, bölgədə mümkün eskalasiyaların qarşısını almağa kömək edəcək”.

İrəvanın bu əsassız təklifi Azərbaycanın maraqlarına xidmət etmir və rəsmi Bakı tərəfindən heç vaxt qəbul olunmayacaq. Çünki Azərbaycan öz gücü, qüdrəti və haqlı mübarizəsi ilə öz ərazi bütövlüyünü və Ermənistanla beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib. Buna görə də Azərbaycan Ermənistanla sərhəd ərazilərində daima öz qoşunlarını saxlayacaq və hərbi mövqelərini daha da gücləndirəcək. Bu, Azərbaycanın hüququdur və heç bir ölkə bu məsələdə ona mane ola bilməz.

Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesi həyata keçirilmədən hər iki ölkənin qoşunlarının mövqelərini müəyyən etmək qeyri-mümkündür. Ermənistan hakimiyyəti mütləq bunu anlamalıdır.

Digər önəmli məsələsi isə İrəvan Fransa və ABŞ-ın təlimatları əsasında hərəkət edir. Sözsüz ki, bu, Azərbaycana yox, məhz Ermənistanın özünə ziyan vuracaq. Yəni Azərbaycanla sülh sazişinin imzalanmaması və qonşularına qarşı düşmənçilik siyasətinin davam etməsi Ermənistanı iqtisadi inkişafdan geri qoyacaq, regional logistik və enerji layihələrindən təcrid edəcək və erməni xalqını yoxsulluq şəraitdə yaşamağa düçar edəcək. 

Əlbəttə, Ermənistan düşdüyü ağır vəziyyəti və regiondakı hazırki reallıqları çox yaxşı anlayır. Bu baxımdan Paşinyan hakimiyyətinin ilkin hədəfi ölkəsini acınacaqlı şəraitindən xilas etmək, ən əsası da Rusiyanın təsir dairəsindən uzaqlaşdırıb Qərbə inteqrasiyasını təmin etməkdir. Paşinyan da istəyir ki, onun ölkəsi regional logistik və enerji layihələrinə qoşulsun.

Amma bunun üçün Ermənistan ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı, ondan sonra isə Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Düşmənçilik və ədavatın aradan qalxması, qonşuları ilə normal münasibətlər qurmaq Ermənistana və erməni xalqına yalnız dividentlər qazandıracaq. Ermənistan yalnız bu yolla xilas olacaq. 

Nə Azərbaycanın, nə də Türkiyənin Ermənistana qarşı ərazi iddiası yoxdur.

Əksinə Bakı və Ankaranın iqtisadi-siyasi imkanları sahəsində Ermənistanın iqtisadi inkişafı və erməni xalqının rifahı təmin olunacaq. İstər Qərb, istərsə də Şərq istiqamətində Ermənistan bütün geoiqtisadi layihələrə qoşula biləcək. Hətta Ermənistana investisiyalar daha asanlıqla axın edəcək. 

Bir məqamı da əlavə edim ki, Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqların üçüncü tərəfin vasitəçiliyi ilə deyil, məhz ikitərəfli qaydada aparılması daha münasib olar.  Ona görə ki, Azərbaycan və Ermənistanın dövlət rəsmilərinin bir masa arxasında oturub birgə danışıqlar aparması həm müəyyən güc mərkəzlərinin proseslərə müdaxiləsinin qarşısını alacaq, həm də hər iki tərəfin bir sıra məsələlər üzrə ortaq razılığa gəlməsinə imkan yaradacaq. 

Bu, ən optimal, ən doğru və sülhə gedən ən kəsə yoldur.

Cebhe.info

Həmçinin oxuyun

“İrəvan Bakıya öz ərazisində dəhliz verməyə razı olmayıb” – Rubinyan

“Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb”.Bunu Antalya Diplomatik Forumunda Ermənistan parlamentinin …