Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / İrəvanın Bakıya göndərdiyi yeni paktın detalları – TƏHLİL

İrəvanın Bakıya göndərdiyi yeni paktın detalları – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təqdim etdikləri təklifləri açıqlayıb. Bu təkliflərdə iki məqam xüsusilə diqqət çəkir:

– Silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması;

– Sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanması;

Birinci təklif absurd səslənir. 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir. Bu situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Nikol da anlayır ki, Bakı bunu etməyəcək, lakin belə bir təkliflə “sülhdən yana olan Ermənistan hərbi arsenalını da açmağa hazırdır” görüntüsü yaratmaq istəyir.

İkinci təklif əslində Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir. Mövcud şərtlərdə İrəvanın iki yolu var: ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır;

İkinci yol Ermənistan üçün təkcə “dalan ölkə” olaraq qalmaq yox, həm də hərbi müstəvidə gələcək təhlükələr vəd edir. İrəvanda düşünürlər ki, Qərbin dəstəyi azalarsa, yaxud bölgədə xüsusilə Ermənistana hələ də manevr etməyə imkan verən mövcud şərtlər dəyişərsə, Azərbaycan problemlərin həllini hərbi müstəviyə keçirə bilər. Misal üçün, Bakı delimitasiya olunmayan sərhədi daha əvvəlki illərin xəritələrinə uyğun çəkmək, SSRİ dövründə ermənilərə “əkin və otlaq” adı altında bağışlanan ərazilərin ən azı sərhədboyu hissəsinə nəzarəti bərpa etmək istəyə bilər. Paşinyanın tez-tez dilə gətirdiyi “Sülh sazişi imzalansa, Ermənistan kadastr sənədi əldə edəcək” sözləri də bu kontekstdə təsadüfi deyil. Çünki sərhəd delimitasiya edilmədiyi, Bakı ilə rəsmi sülh sazişi imzalanmadığı müddətdə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın legitimlik problemi qalacaq.

Paşinyan vəziyyətdən çıxış yolu axtarır: həm mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, həm də “silahlara nəzarət”, “hücum etməmək haqda pakt” kimi gedişlərlə Azərbaycanın əl-qolunu bağlamağı planlaşdırır;

Hərçənd, rəsmi Bakı dəfələrlə gündəmə gələn “Ermənistana hücum edəcək” iddialarını təkzib edib, mövcud şərtlərdə bu ssenari o qədər də sərfəli görünmür. Buna rəğmən, Paşinyanın irəli sürdüyü təkliflər “Azərbaycan hücum edəcək” iddialarını bəsləmək məqsədi də daşıyır.

Asif Nərimanlı

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …