Məlum olduğu kimi, 29 may 1918-ci ildə Milli Şuranın qərarı ilə Azərbaycan Demokratik Respublikası (ADR) İrəvan və digər ərazilərin ermənilərə verilməsi ilə bağlı saziş imzalamışdı. Həmin sazişin ləğv edilməsinin mümkünlüyü ilə bağlı iddialar irəli sürülür.
Azərbaycan Xalq Cumhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi Nəsiman Yaqublu 1918-ci ildə İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı imzalanan protokol haqqında danışarkən deyib: “Bu protokolun imzalanması məcburi atılan bir addım idi. Çünki o dövrdə Azərbaycan istiqlalını elan etsə də, çox pis vəziyyətdə idi. Yəni istiqlal elan edilməsinə baxmayaraq, hökumət yalnız Gəncəyə gəlib çıxa bilmişdi. Bakını azad edib qorumaq üçün, demək olar ki, bizim silahlı qüvvələrimiz yox idi. İki istiqamətdə döyüş aparacaq gücə malik deyildik. Bizə həmin dövrdə Bakını azad edib Azərbaycanın paytaxtı olduğunu dünyaya çatdırmaq lazım idi. Burada mövcud olan 14 minə yaxın silahlı qüvvə – erməni daşnaklar, ruslar və digər qüvvələr Bakını ayıraraq ayrıca bir quberniya kimi saxlamaq və Rusiyanın bir əyalətinə çevirmək istəyirdilər. Biz də həmin dövrdə Bakı uğrunda mübarizəyə başladıq və Osmanlı ordusu da köməyə gələndə İrəvanı deyil, Bakını xilas etməyə gəldiyini bildirmişdi. 1918-ci ildə imzalanan müqaviləyə əsasən, başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusu Bakını və Bakıətrafı əraziləri xilas etdi. İrəvan isə tamamilə kənarda qaldı. İrəvan məsələsi bizdən asılı deyildi, yəni böyük dövlətlərin də burda maraqları var idi. İngilislər Azərbaycanın İrəvanı ermənilərə verməsində israr edirdi, Türkiyə isə Gümrünü Ermənistana vermək istəmirdi.
Ona görə də bu məcburiyyətdən atılan addım idi. Bunu Milli Şuranın iclasında Fətəli Xan Xoyski də demişdi”.
Həmin protokolun ləğvi mükündürmü və Azərbaycan bu istiqamətdə hansı addımları ata bilər?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə bildirdi ki, beynəlxalq müqavilələrin hüququ ümumi beynəlxalq hüququn tərkib hissəsi olub, müqavilələrin bağlanması və xitamı da beynəlxalq hüququn digər subyektləri arasında münasibətləri tənzimləyən qaydalarla müəyyən edilir: “Bağlanmış hər hansı beynəlxalq müqavilədən bir tərəf imtina edərsə, həmin müqavilə öz hüquqi qüvvəsini itirmiş olur. Həqiqətlə ayaqlaşmayan beynəlxalq müqavilələrin ləğv olunması qanunla tənzimlənir. Eyni zamanda, həmin müqavilə bir qrup dövləti vaxtilə təmsil edən sələflər tərəfindən bağlanarsa və ya müqavilə bağlamış tərəf həmin müqavilənin şərtlərini bilərəkdən pozarsa, o müqavilə etibarsız sayılır. 29 may 1918-ci ildə bağlanmış müqaviləyə əsasən, erməni tərəfi azərbaycanlılara qarşı hər hansı kütləvi etiraz və hücumların olmamasına dair söz verib.
Ermənilərin götürdüyü bu öhdəliklər 4 iyun 1918-ci ildə bağlanmış Batumi sülh müqaviləsində də öz əksini tapıb. Lakin erməni hakimiyyətinin Tiflisdən İrəvana köçürülməsinə baxmayaraq, ermənilər, söz verdikləri kimi, yeni və xoş niyyətli erməni hökumətini qurmaq niyyətində deyildi. Ermənilərin yeni paytaxtı olan İrəvanda çoxluq təşkil edən azərbaycanlılar onların yad bir yerdə əsaslı erməni hakimiyyətini qurmaq və yerləşmək niyyətlərinə mane olurdu. Buna görə də erməni dövlətini formalaşdırmaqdan dolayı həmin ərazilərin azərbaycanlılardan təmizlənməsinə başladılar. Nəticə etibarilə bu da, faktiki olaraq, İrəvanda azərbaycanlıların soyqırımına gətirib çıxardı. Daha sonra azərbaycanlılara qarşı etnik təmizləmə planını ermənilər digər bölgələrdə də tətbiq etməyə başladılar. Ermənilər tərəfindən Dağlıq Qarabağda, Quba rayonunda kütləvi halda qadınlar, qocalar, uşaqlar amansızlıqla qətlə yetirilib. Bütün bunlar, ümumiyyətlə, azərbaycanlıların izinin yox edilməsinə hesablanmış plan idi. Ona görə də bu gün əminliklə deyə bilərik ki, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi ilə bağlı müqavilə öz əhəmiyyətini itirib. Qeyd edim ki, Azərbaycan Demokratik Respublikası sadəlövhcəsinə ermənilərin öz səhvlərini başa düşəcəyinə inanırdı. Lakin müəyyən müddətdən sonra Cənubi Qafqazın ərazisi Rusiya imperiyasının tərkibinə keçdi. Sovet dönəmindəki tarixdə bütün bu faktlar işıqlandırılmırdı. Çünki israrla xalqların dostluğu haqqında moizələr oxunurdu. Yeni nəsil isə Azərbaycan xalqının bu cür faciəvi illər yaşadığı haqqında məlumatsızdır. Sovet dönəmində və ondan sonra da erməni tərəfi yenə də öz ənənəvi separatçı siyasətini yürütməyə başladı. Nəticədə də Azərbaycanın 20 % ərazisi ermənilər tərəfindən işğal edildi. Bu baxımdan da beynəlxalq hüquq qaydalarına əsasən, biz İrəvanın geri qaytarılması ilə bağlı hüquqi prosedurlara başlaya bilərik”.
Məhəmmədəli QƏRİBLİ