İqtidar-müxalifət modeli eyni məqsədə xidmət edən vahid siyasi idarəetmə üsuludur. Məqsəd dövləti öz maraq və mənafeyi naminə gücləndirmək, xalqı itaətdə saxlamaqdan ibarətdir.
Əslində iqtidarla müxalifətə iki yox, bir, vahid qüvvə kimi baxmaq lazımdır. Çünki üzdə bir-birini nə qədər söysələr də, tənqid və təhqir etsələr də, dalaşsalar da, hətta tutsalar, döyüb-ödürsələr də maraqları eynidir.
Fikir verin, həm iqtidardakılar, həm də müxalifətdəkilər yaxşı yaşayırlar. Zatən insan nə uğrunda mübarizə aparır? Yaxşı, firavan yaşamaqdan başqa məqsəd, amal varmı? Yoxdur!
Pis yaşayan kimdir? Əlbəttə ki, xalq. Amma həm iqtidar, həm də müxalifət guya xalqın rifahı, firavanlığı uğrunda mübarizə apardıqlarını durmadan bəyan edirlər. Sual olunur: necə ola bilər ki, iki aparıcı qüvvə xalqın rifahı uğrunda çalışıb-vuruşur, amma yalnız öz rifahını yüksəldir?
Deməli, bu model özünü doğrultmur da. Bir tərəf bir bəyanat verir, ya da karikatura çəkdirir, o biri tərəf tökülür onun üstünə. Xalqı da bölürlər iki yerə. Bir deyir, Gündüz düz edir, o biri deyir səhv edir. Biri söyür, o biri müdafiə edir. Nəticədə xalqın öz problemləri yaddan çıxır. Sanki Gündüzdən, onun çəkdiyi o şəkildən başqa dərd yox imiş.
İndi sizə bir sual verim: o karikaturanı sıradan bir adam çəksəydi, bu qədər müzakirə olunardımı? Əsla! And içirəm ki, əksəriyyətin heç xəbəri olmayacaqdı. Çünki onu gündəmə gətirən olmayacaqdı. Gündəmi isə hakimiyyət və müxalifət birgə formalaşdırıb idarə edir. Xalq gündəm formalaşdıra bilmir, ancaq iqtidar-müxalifət birliyinin formalaşdırdığı gündəmin ardınca gedir.
Gündəm olmaq, yaratmaq istəyən hər kəs isə xalqdan ayrılıb bu birliyə qoşulmalıdır; fərqi yoxdur, istər iqtidara, istərsə də müxalifətə.
Ancaq hər kəsi qəbul da etmirlər. Kriteriyalar, şərtlər ağırdır. Qohumçuluq, regional amil, dostluq, kirvəlik, sosial mənşə, xarakter, temperament tipi, qeyri-leqal əlaqələr, aşnalıq və digər amillər mühüm rol oynayır. Bunlar yoxdursa, ən azı gərək sədaqət və yaltaqlıq stajın ola. Hər iki tərəf üçün keçərlidir; istər iqtidar, istərsə də müxalifət.
Çıxış yolu, əlbəttə, xalqın özünün təşkilatlanması kimi müşkül işdə gizlənir. Xalq özü icmalar, cəmiyyətlər şəklində təşkilatlanmalı, problemlərini özü qaldırmalı, iqtidar-müxalifət birliyinin oyunlarına alət olmamalıdır. Bizə nə xaricdə oturan biri nə yedi, nə içdi, nə çəkdi? Bizim hər bir məsələyə öz ağıllı və ayıq münasibətimiz olmalıdır. Biz mütləq kimisə söyməli və ya tərifləməli deyilik. Bizim öz maraqlarımız var və ilk növbədə ondan çıxış etməliyik. Bu isə belə olmalıdır: filan məsələnin mənə, ailəmə, el-obama xeyri nədir, ziyanı nə?
Bunu bacarsaq, ölkədə çox şey dəyişəcək…
Nadir QOCABƏYLİ
Azinforum.az