Ana səhifə / Siyasət / İqbal Ağazadədən “agent” ittihamına sərt cavab

İqbal Ağazadədən “agent” ittihamına sərt cavab

Bu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar”; “Eldar Mahmudovla ömrümdə heç vaxt heç bir şəxsi tanışlığım olmayıb”

Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı ağır ittiham irəli sürülüb. 1News.az saytı İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-in agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Yazıda bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: “İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.

Sayt iddianı qüvvətləndirmək üçün İ.Ağazadənin E.Mahmudovla əlbir olmasıyla bağlı heç bir ciddi fakt, sübut təqdim etməyib. Müasir Müsavat Pariyasının sədri Hafiz Hacıyev və Milli Şuranın üzvü İbrahim İbrahimlinin bu məsələ ilə bağlı vaxtı ilə etdikləri çıxışlardan sitatlar təqdim edib və qeyd edib ki, H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də deputat mandatından məhrum edildi.
Qeyd edək ki, bu günlərdə İqbal Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə danışarkən onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər də gördüklərini deyib. O eyni zamanda agentlərin adlarının açılmasının düzgün olmadığını vurğulayıb. Ehtimal edilir ki, bundan cəmi iki gün sonra İ.Ağazadənin özünə qarşı “agent” ittihamının irəli sürülməsi həmin açıqlamasına cavabdır.
Ümid Partiyasının sədri İqbal Ağazadənin saytın iddialarına münasibətini öyrəndik. İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1News.az saytı hakimiyyətə yaxın saytdır heç bir fakt, sübut ortaya qoymadan yazı yazıb: “Hakimiyyət də, imkanlar da bunların əlində zəhmət çəkib yazdıqlarını sübuta edən bircə dənə də olsun fakt qoysunlar ortaya. Heç bir fakt olmaya-olmaya bu cür nağıl yazıb insanların düşüncələrini, beynini qarışdırırlar. Onu yazdıran hökumət nümayəndəsi ortaya sübut qoysun! Yazıda nə vaxtsa kimlərinsə hansısa ümumi fikrinə istinad edirlər. Adama deyərlər ki, sən o adamlara istinad edincə, konkret fakt, sübut ortaya qoy, ən azından bir hökumət nümayəndəsi çıxsın danışsın və fakt qoysun ortaya. Bu edilmir, çünki heç bir fakt, sübut yoxdur. Yazıblar ki, guya mən Eldar Mahmudova məlumat verən olmuşam. Bir ölkənin milli təhlükəsizlik nazirinə bir partiya sədrinin, deputatın verə biləcəyi informasiya nə ola bilər? Mən hansısa xüsusi xidmət orqanlarındamı, silahlı qüvvələrdəmi çalışırdım ki, o xüsusi xidmət orqanlarının planları haqda məlumat verim?! İnformasiyanın hamısı onlardadır, onlar dövlətə informasiya verirlər. Mənim verəcəyim nə informasiya ola bilər?! Yəni bu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar. Təəssüf ki, peşəkar insanlar, jurnalistlər bu cür absurd yazıların dalınca düşürlər”.
“Sizə qarşı o cür ağır ittihamı irəli sürən sayt və ya yazı müəllifindən məhkəməyə şikayət etməyi düşünürsünüzmü?” sualına İ.Ağazadə belə cavab verdi: “Heç bir məhkəməyə müraciət etmək fikrim yoxdur. Cavabımı media vasitəsilə verdim”.
“Eldar Mahmudovla nazir işlədiyi dövrdə və ondan əvvəllər şəxsi tanışlığınız, görüşünüz olubmu?” sualını isə belə cavablandırdı: “Eldar Mahmudovla mənim heç vaxt heç bir şəxsi tanışlığım olmayıb. Onu yalnız rəsmi dövlət tədbirlərində görmüşəm. Başqa heç bir halda onunla nə şəxsi görüşlərim, nə ümumi görüşlərim, nə telefon danışığım ömründə olmayıb. Heç vaxt!”
İqbal Ağazadənin müavini Tamilla Qulami isə sədrinin müdafiəsinə qalxıb və irəli sürülən iddiaları heç bir fakta söykənməyən fikirlər adlandırıb. “Yeni Müsavat”a açıqlamasında T.Qulami bildirdi ki, bundan öncə də hökumətyönlü saytların müxalifətdə olan siyasilərə qarşı bu cür mövqelərinə zaman-zaman rast gəlinib: “Bu məsələnin üstünə düşülüb. Əla. Bəs bir jurnalist, bir sayt niyə həmin hökumətyönümlü saytlara demir ki, ortaya bir fakt, bir bəlgə qoyun?! İqbal Ağazadə ölkənin milli təhlükəsizlik naziri olmuş, ölkədə baş verən bütün hadisələrdən bilgili, informasiyaların mənbəyi əlində olan Eldar Mahmudova bilmədiyi hansı informasiyaları verə bilərdi ki? Hansı məntiqlə bu cür şərləyici iddialar səsləndirirlər? Gülünc olan da bilirsinizmi nədir? Həmin sözügedən sayt Hafiz Hacıyevkimilərin sözlərini əsas tutub, arqument gətirir. Hafiz Hacıyevin dedikləri belə qəbul edilirsə, o zaman onun dediyi bütün sözləri qəbul etmiş sayırlar? Kimin kimdən xoşu gəlmir ona sosial damğa vurur. Bütün bunların səbəbi açıq-aşkar aydındır ki, hakimiyyətdəki bəzi qüvvələr yeni nəfəsin ortaya çıxmasında maraqlı deyil. 15 il ərzində Milli Məclisdə olduğu zaman bir siyasi xəttlə gedən İqbal Ağazadənin fəaliyyəti, parlamentdəki tənqidi, fərqli çıxışları buna sübutdur. Bu sualın bircə cavabı var. Kimin əlində nə fakt varsa, ortaya qoysun, daha söz oyunu oynamasınlar”.

Həmçinin oxuyun

Moskvada azərbaycanlılar Fuad Abbasova görə aksiya keçirdi

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında …

Bir cavab yazın