Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / “İmtahanlar həmişə pullu olub, bundan TQDK qazanıb” – Ekspert DİM-i ifşa etdi

“İmtahanlar həmişə pullu olub, bundan TQDK qazanıb” – Ekspert DİM-i ifşa etdi

“Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. İmtahanların ödənişli olması Azərbaycan təhsil almaq istəyən insanlar üçün maneə yaradırmı? İmtahanların ödənişli olmasına ehtiyac varmı? İndiyənə qədər keçirilən imtahanlar ödənişsiz idi?

Qaynarinfo.Az-ın bu suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırdı. Ekspert bildirdi ki, Azərbaycanda keçirilən bir çox imtahanlar əvvəl də ödənişli idi:

“Qeyd edim ki, prezident İlham Əliyev 2016-cı ilin aprel ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv edilərək, yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılması ilə bağlı sərəncam imzaladı. Əlbəttə ki, DİM indiyənə qədər ayrı iki qurumun yerinə yetirdiyi funksiyanı icra etmək üçün yaradılmışdı. Bu mütərəqqi bir addım idi. İlk növbədə ona görə ki, bu qərara qədər TQDK-nın saxlanılması üçün hər il dövlət büdcəsindən 7 milyon manat vəsait ayrılırdı. Bu vəsaitin 2 milyon manatı komissiyanın saxlanılmasına, 5 milyon manat isə komissiya tərəfindən imtahanların həyata keçirilməsi üçün sərf olunurdu. Növbəti ilin yanvar ayından etibarən dövlət tərəfindən TQDK-nın maliyyələşməsi dayanacaq, artıq publik hüquqi şəxsi fəaliyyətə başlamasından ötrü büdcədən cəmi 1 milyon manat vəsait ayrılacaq. Bundan sonra imtahanların qiymətlərində ciddi şəkildə artım nəzərdə tutulur.

İlk növbədə bu qurum tərəfindən ictimaiyyətə sanki belə bir mesaj verilir ki, bu günə qədər keçirilən imtahanlar pulsuz idi. Guya bundan sonra pullu olacaq. Onsuz da TQDK tərəfindən həyata keçirilən qəbul imtahanları ödənişli əsaslarla olub. Yalnız buraxılış imtahanları pulsuz olaraq həyata keçirilib. Əslində bu da pulsuz deyildi, vəsaiti dövlət özü ödəyirdi. İndi də 9-11-ci siniflərdə buraxılış imtahanları dövlət büdcəsinin vəsaiti hesabına keçiriləcək, digər imtahanlar isə imtahan iştirakçılarının vəsaiti hesabına baş tutacaq. TQDK indiyə qədər sınaq imtahanlarından, dərs və jurnal materiallarının satışından və qəbul imtahanlarından kifayət qədər gəlir əldə edirdi. Baxmayaraq ki, dövlət büdcədən 5 milyon manat ayırırdı, TQDK qəbul və sınaq imtahanlarını ödənişli əsaslarla həyata keçirirdi”.

Ekspert bildirdi ki, əvvəlki imtahanlarda TQDK nəinki zərər görürdü, hətta hər iştirakçı üçün 1.50 manat civarında gəlir əldə edirdi və 100 mindən iştirakçının olmasını nəzərə alsaq bu böyük rəqəmdir:

“2016-cı ildə sınaq imtahanı iştirakçılarının, imtahan nəticələri haqqında internet və ya qısa mesajdan (SMS) istifadə sayı 1757979 min təşkil edib və bu xidmətdən istifadə haqqı 0.26 manatdır. Bundan əlavə, 2016-cı ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə sənəd vermək istəyən abituriyentlər üçün elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulundan istifadə sayı 96249 olub ki, bu xidmətdən istifadə haqqı da 2.54 AZN-dir. Habelə, statistikaya nəzər salsaq, görərik ki, 2016-cı ildə namizədlərin (abituriyentlərin, bakalavrların və s.) ərizələrinin onlayn qəbulu üzrə istifadə sayı 286782 dəfə olub ki, bunun da xidmət haqqı 3.54 AZN təşkil edir. Bakalavr səviyyəsinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanından istifadə sayı 2016-cı ildə 195879 olub ki, bu xidmətdən istifadə haqqı 3.56 AZN-dir.

Bu qurumun imtahan qiymətlərinin qaldırılması kimi bir problemi olmamalıdır. Çünki sərf olunan vəsait qazanılan məbləğdən dəfələrlə azdır. Bir imtahanın keçirilməsi üçün iştirakçıdan 3.50 manatdan çox vəsait alınırsa, bunların sərf etdiyi vəsait 3.50 manatdan aşağıdır. Tərtib etdikləri sual kitabçasının qiyməti 80 qəpikdən artıq deyil. Biz bura test tapşırığını tərtib edənlərin, nəzarətçilərin maaşlarını da əlavə etsək, TQDK-nın bir imtahan iştirakçısının sərf etdiyi məbləğ 2 manatı aşmır. Tələb olunan məbləğ isə 3.56 manatdır. Deməli, bir imtahan iştirakçısından TQDK 1.50 manat gəlir əldə edir ki, bunu da 100 min iştirakçıya vurduqda kifayət qədər böyük rəqəm alınır. Və bu proses hər il davam edir. Bu nəticəyə gəlirik ki, imtahanların qiymətlərinin artırılmasına ehtiyac yoxdur.

Bundan başqa TQDK-na daxil olan imtahan.az saytında sınaq imtahanlarının onlayn qaydada yazılması 7 manatdır. Bu Azərbaycan vətəndaşı üçün böyük bir məbləğdir. Bu yenilik pulsuz və ya ucuz qiymətə təqdim olunmalıdır ki, insanlar bu yeniliyi mənimsəyə bilsinlər. Hesab edirəm ki, imtahanların qiymətlərinin artırılması düzgün deyil”.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …

Bir cavab yazın