Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Siyasət / İlqar Məmmədovun oxuduğu universiteti bağlayırlar

İlqar Məmmədovun oxuduğu universiteti bağlayırlar

Aprelin 4-də Macarıstanda qəbul olunmuş qanun maliyyəçi Corc Sorosun əsasını qoyduğu universiteti ölkədən çıxmağa məcbur edə bilər. Bu plan Budapeştin özündə də, xaricdə də narazılıq yaradıb.Baş nazir Viktor Orban ötən həftə demişdi ki, Mərkəzi Avropa Universiteti (CEU) diplomların verilməsi zamanı qaydaları pozub. Universitet bu iddiaları təkzib edir.

Hökumət deyir ki, qanunun məqsədi xarici universitetlərdəki inzibati çatışmazlıqları aradan qaldırmaqdır. «Reuters» xəbər agentliyi bunu müstəqil institutlara təzyiqlərin artması kimi dəyərləndirir. Belə ki, Orba-ın müttəfiqlərinin ədliyyə, media və mərkəzi bank üzərində təsiri güclənməkdədir.

Macarıstanda və xaricdə çoxları hesab edir ki, qanun məhz CEU-nu ölkədən qovmaq niyyəti güdür. Baş nazir Viktor Orban bu təhsil ocağına liberal müxalifətin qalası kimi baxır. Parlamentdəki səsvermədən sonra CEU-nun vitse-prezidenti Liviu Matei jurnalistlərə deyib ki, bu addım AB ölkəsində akademik azadlığa görünməmiş hücumdur.

ABŞ və Avropadakı liderlər universitetə, akademik azadlığa dəstəklərini bildiriblər. Amma Orbanın humanitar məsələlər üzrə naziri parlamentdə deyib ki, Sorosun dəstəklədiyi qurumlar hökumətə zərbə vurmaqdadır.

«Corc Sorosun Macarıstanda və bütün dünyada işlək qurumları, sadəcə, kəşfiyyata işləyən mülki şəxslərdir və hədəfləri fəaliyyətimizi əngəlləməkdir», – nazir Zoltan Baloq deyib.

1991-ci ildə Budapeştdə yaradılmış CEU-nun 1400 tələbəsi var. Universitet qanuni fəaliyyət göstərdiyini, qəbul edilən qanunun konstitusiyaya uyğunluğunu mübahisələndirəcəyini deyir. Universitetin rektoru Mixael İqnatyef mətbuat konfransında söyləyib ki, Orban hökumətini qərarının əksinə inandırmaqdan ötrü beynəlxalq kampaniya təşkil edəcək.

Ignatieff hazırda Vaşinqtonda konqresmenlər, hökumət üzvləri, dövlət katibinin müavini Tomas Şannonla görüşlər keçirir. «Macarıstan prezidentinə sayqıyla müraciətimizdə bu qanunvericiliklə bağlı konstitusion məsuliyyətinin tətbiqini istəyəcəyik. CEU-nu xilas etməyə çalışmaqla Macarıstanda bütün ali təhsil qurumlarının akademik azadlığı uğrunda savaşırıq», – o deyib.

Bazar günü minlərlə tələbə, professor və universitet tərəfdarı Budapeştdə yürüşə çıxaraq, hökumətdən qanun layihəsinin ləğvini tələb edib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer dünən – aprelin 4-də Avropa Parlamentini insan haqlarının müdafiəsinə çağırıb, CEU-nun adını özəlliklə vurğulayıb.

Qanun tələb edir ki, xarici universitetlərin həm Budapeştdə, həm də öz ölkələrində filialları olsun. CEU Budapeştdə fəaliyyət göstərən, amma okeanın o tayında filialı olmayan yeganə beynəlxalq kollecdir. Xarici universitetlər o halda Macarıstanda dərəcə, diplom verə bilərlər ki, hökumətləri, CEU-nun durumunda Birləşmiş Ştatlar qanun qüvvəyə minəndən 6 ay ərzində bu məsələylə bağlı razılaşma imzalasın.

ABŞ Mərkəzi Avropa Universitetini hədəfləyən bu qanunvericiliyin sürətli qəbulundan məyusluğunu bildirib. «Birləşmiş Ştatlar bu təhsil ocağının müstəqilliyi və Macarıstanda maneəsiz işindən ötrü çalışacaq», –ABŞ-ın müvəqqəti işlər vəkili David Kostelancik deyib.

«Qanun layihəsinin peşəkar əsaslandırması sıfır dərəcəsindədir», – keçmiş təhsil naziri, sosialistlərdən deputat Istvan Hiller parlamentdə deyib.

17 Nobel laureatı daxil olmaqla, 500-dən artıq akademik təhsil ocağına dəstək bildiriblər. Qeyd edək ki, CEU-nun məzunları içində azərbaycanlı ictimai-siyasi fəallar da var. Həbsdə olan REAL lideri İlqar Məmmədov, NİDA-çı keçmiş “siyasi məhbus” Rəşadət Axundov həmin məzunlar sırasındadır.

virtualaz.org

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın