Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “İlqar Məmmədov həbsdə yatdı, amma onun əziyyətinin bəhrəsini Erkin Qədirli gördü”
????????????????????????????????????

“İlqar Məmmədov həbsdə yatdı, amma onun əziyyətinin bəhrəsini Erkin Qədirli gördü”

“O, demokratik saymadığı parlamentdə oturmaqla demokratik düşərgəyə, indi isə belə danışmaqla ona mandat verənlərə xəyanət edir”.

Bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirlinin “demokratik yolla seçilmədiyi”nə dair etirafına münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, demokratik yolla seçilmədiyini özü də etiraf edən Erkin Qədirlinin mandatdan imtina etməməsi riyakarlıq nümunəsidir:

“Keçirilən seçkilərdə çatışmazlıqların, hətta saxtakarlıqların olmasına dünyanın bütün ölkələrində rast gəlinir. O cümlədən Azərbaycanda baş tutan seçkilər haqqında da ideal seçki olaraq bəhs edilməyib. Hətta hakimiyyət seçki komissiyalarının fəaliyyətindəki nöqsanlara görə cəzalandırmalar olub və çox sayda seçki dairəsində nəticələr ləğv edilərək, yeni seçkilər keçirilib. Bu, məsələnin bir tərəfi.

Erkin Qədirlinin deputat seçilməsinə gəldikdə isə hər kəs bilir ki, o, İlqar Məmmədovdan daha güclü siyasi fiqur deyil. Eyni zamanda İlqar Məmmədov həbsdə yatdı, çətinlikləri oldu, amma onun bu əziyyətinin bəhrəsini Erkin Qədirli gördü.

Bu şəxs belə obyektiv adamdırsa, demokratik yolla seçilmədiyini etiraf etdiyi halda niyə hələ də parlamentdə oturur? Halbuki obyektivlik tələb edirdi ki, o ilk istefa verərək, deputat mandatını götürməsin. Amma gördüyünüz kimi, üç ildir ki, parlamentdə fəaliyyət göstərir, yüksək maaş alır, AŞPA-da təmsil olunur və sair.

Bildiyiniz kimi, hazırda parlamentin indiki tərkibinin qürub dövrüdür, referendum və növbədənkənar seçkilər məsələsi gündəmə gəlib, müzakirə olunur. Erkin Qədirli də məhz bu ərəfədə ortaya çıxaraq belə bir mesaj verir. Mən onun bu hərəkətini riyakarlıq adlandırıram.

Yeni nəsil yaxşı tanımasa da, mən Azərbaycan siyasətində çox hörmətlə yanaşdığım iki nəfərin – Mirmahmud Mirəlioğlu ilə Lalə Şövkətin mandatdan imtina mədəniyyətini xatırlatmaq istəyirəm. Bu iki siyasətçi halal yolla qazandıqları mandatdan imtina edərək prinsipiallıq göstərdilər.

Amma demokratik yolla seçilmədiyini özü də etiraf edən Erkin Qədirli bu addımı atmadı. Əvəzində isə demokratik saymadığı parlamentdə oturmaqla demokratik düşərgəyə, indi isə belə danışmaqla ona mandat verənlərə xəyanət edir”.

Həmçinin oxuyun

Milli Şuranın aksiya ilə bağlı müraciətinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.BŞİH …