Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / İlqar Məmmədov: “Anar Məmmədxanov mənə demişdi ki…”

İlqar Məmmədov: “Anar Məmmədxanov mənə demişdi ki…”

“Tanınmış yazıçı Seymur Baycan keyfiyyətli ədəbiyyat müsabiqələrinin keçirilməməsi haqda bir məqalə ilə çıxış edib. O yazını oxuyanda iki şeyi xatırladım: 1) Anar Məmmədxanov sağlığında mənə demişdi ki, gənc yazarların hamısının əsərlərini oxuyur və onlar arasında ən perspektivlisi Seymur Baycandır, 2) 10+ il əvvəl davamlı bir ədəbiyyat müsabiqəsinin yaranmasında birbaşa da olmasa, dolayısı ilə iştirak etmişdim. Avropa Şurası nəzdində fəaliyyət göstərən, müdiri olduğum Siyasi Biliklər məktəbinin dinləyiciləri arasında özəl mobil rabitə şirkətinin reklam yönəticisi və kitab satan bir özəl şəbəkənin sahibi vardı. Bir dəfə fasilədə üçümuz eyni masada yemək yeyirdik. Söhbətimiz elə fırlandı ki, bunlar ikisi ölkədə böyük, səs-küylü bir ədəbiyyat müsabiqəsinin yaradılması haqda qərara gəldilər. Sonra bir neçə il o mükafat həqiqətən verildi və mətbuatda geniş işıqlandırıldı. Məncə ölkədə kitab satışına ciddi təsir də etdi, amma bu fikrimi statistika ilə sübut edə bilmərəm – sadəcə şəxsi təəssüratımdır. Bunları niyə xatırlayıram? Seymur Baycan daha Məmmədxanovun dediyi gənc yazar deyil və ədəbi çevrələrdə nüfuzlu söz sahibidir. Amma onu kimi yaradıcı şəxslərin məhsulunu bazardakı ünvanına çıxaracaq infrastruktur ölkədə yetişmədi. Həmin o dediyim mükafat da tədricən söndü – mobil operator dövlətin mülkiyyətinə keçdi deyə reklama marağını itirdi, kitab satan özəl şəbəkənin isə təkbaşına bu işi görməsi çətindir”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hökumət ədəbi fikrin və dilin inkişafına daha çox tərcümələr layihəsi kimi baxır: “Bu illər ərzində dünya ədəbiyyatından bir xeyli yeni tərcümə nəfis çap edilib. Amma hökumət anlamır ki, başqa dil, yer və zəmanələrdən gələn fikirləri öz dilimzə çevirəndə bu, dilimizin inkişafı üçün ancaq bir faydalı gübrədir. Ədəbi fikrimizin və dilimizin sağlam boy atması öz millətimizin, o cümlədən öz ədəbi elitamızın içindən gələn enerjisiz mükün deyil və təbii olmayacaq. Belə yanaşma ilə ədəbiyyat xalqımıza, onun yaşadığı təcrübəyə daha da yadlaşacaq. Odur ki, Seymur bəy vacib bir mövzuya toxunub. Ədəbiyyat müsabiqələrinə yeni nəfəsin verilməsinin çoxdan vaxtıdır. Respublikaçı Alternativ hökumət olanda belə təşəbbüslərin ticari xeyrini tuta biləcək özəl şirkətlərin çatışmazlığını yaradıcı sinif hiss etməyəcək. YAP isə, göründüyü qədər, ədəbiyyata dəstək işini dövlətbazlıq pafosu ilə bəzəyərək artıq zayını çıxarıb”.

Həmçinin oxuyun

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.  Görüşdə …