Şənbə , Mart 6 2021
Ana səhifə / Siyasət / “İlk dəfədir ki, Şəhidlər xiyabanına qalib xalq kimi gedirik”

“İlk dəfədir ki, Şəhidlər xiyabanına qalib xalq kimi gedirik”

“20 Yanvar Azərbaycan tarixində ağrılı hadisə olmaqla yanaşı, həm də ibrətli bir tarixdir”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib. Tarixçi alim bildirib ki, müstəqillik tarixində ilk dəfə Azərbaycan vətəndaşlarının Şəhidlər Xiyabanına qalib əsgər, qalib xalq kimi ziyarət etməsi tarixi hadisədir.

“20 Yanvar faciəsi Azərbaycan xalqına nəyi anlatdı? 70 il mövcud olan Sovet dövləti və xalqı, Azərbaycan xalqına heç vaxt dost olmayıb. Əgər xalqımıza dost olsaydı, o hərbçilər Azərbaycanın ordusu sayılsaydı, dinc əhalimiz vəhşicəsinə güllə-baran edilməzdi. 70 illik Sovetlər dönəmində hakimiyyət heç zaman xalqlara bərabər baxmadı. 20 Yanvar faciəsi də sübut etdi ki, bu ideologiya tarix boyu həm Çar Rusiyası, həm də Sovet dönəmində erməniləri müdafiə edib. Onları müdafiə edərək Azərbaycan xalqından qisas və intiqam almaq üçün belə bir qanlı addımlara getdilər”.

Anar İsgəndərovun sözlərinə görə, 20 Yanvar faciəsi həm də onu göstərdi ki, xalq və siyasi hakimiyyət-dövlət nə zaman birləşə bilmirsə, o xalqın faciələri çox olur. 20 Yanvar onu da sübut etdi ki, hər bir xalq azadlıq, müstəqillik istəyirsə, onu müdafiə edən qüvvələr olmalıdır:

“Çünki həmin faciələr baş verən vaxtlarda Türkiyənin bir qəzetini çıxmaq şərtilə Azərbaycanda cərəyan etmiş olayları geniş şəkildə işıqlandıran olmadı. Eyni zamanda Ümummilli liderimiz Heydər Əliyevin Moskvada xüsusi bəyanatla çıxış etməsini xatırlamaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bütün dünyaya bəyanat yaydı. Bu hadisələr onu göstərdi ki, azadlıq, müstəqillik istəyən hər bir dövlət və xalqın ətrafı onu müdafiə edən qüvvələrlə zəngin olmalıdır. 20 Yanvar bir qaranlıq gecə idisə, onun işıqlı səhəri 1991-ci ilin oktyabrında Azərbaycanın özünün dövlət müstəqilliyini elan etməsi oldu. Təbii ki, bu illər ərzində 20 Yanvar bizə çox şeyi öyrətdi. Azərbaycanın ilk şəhidləri, torpaq, Vətən, xalq üçün həyatından keçən insanlarımız bizə böyük dəyər qoyub getdilər. Onların ruhu həmişə bizi narahat edirdi”.

Tarixçi alim onu da vurğulayıb ki, biz ötən ilin sonunda baş tutan 44 günlük Vətən müharibəsi ilə böyük xalq olaraq bütün şəhidlərin ruhunu şad etmiş olduq. Bu dəyərli insanlarımız da vaxtilə Vətən, torpaq, xalq üçün mübarizə apararaq şəhid olmuşdular. Onlar bizə xalq və müstəqillik, dövlətçiliyin dəyərini aşıladılar:

“44 günlük müharibədə xalq və dövlətin birliyi, güclü ordu quruculuğu ona gətirib çıxardı ki, Azərbaycanın üçrəngli bayrağı ölkənin hər bir ərazisində dalğalanmağa başladı. Bundan sonra Şəhidlər Xiyabanına gedən hər bir azərbaycanlı artıq əvvəlki kimi torpağı işğalda olan, dərdli formada deyil, qalib əsgər, vətəndaş və dövlətin nümayəndəsi kimi ora ayaq basacaq. Vətəndaşlarımız 20 yanvarda xiyabana gedərək qürurla şəhidlərimizə deyə bilirlər ki, “rahat yatın, ruhunuz şad olsun. Biz sizin və bütün şəhidlərin intiqamını aldıq. Azərbaycanın ərazisi işğaldan azad olunub, uğrunda can verdiyiniz üçrəngli bayraq hər bir ərazimizdə dalğalanmağa başlanıb”.

Həmçinin oxuyun

YAP-ın İdarə Heyətinin yeni tərkibi – SİYAHI

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin yeni üzvlərinin siyahısı açıqlanıb. Azinforum.az xəbər verir ki, İdarə Heyətinə …