Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / İlham Əliyev: “Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır”

İlham Əliyev: “Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır”

Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

Trend-in məlumatına görə, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatla çıxışı zamanı səsləndirib.

Azərbaycan Prezidenti bildirib: “İlk növbədə, xanım Prezident, məni Xorvatiyaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən, Siz qeyd etdiyiniz kimi, Xorvatiyada özümü evimdəki kimi hiss edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etmək mənim üçün çox xoşdur.

Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Xanım Prezidentin qeyd etdiyi kimi, beş il bundan əvvəl Zaqrebdə bu barədə Bəyannamə imzalanmışdır”.

Dövlət başçısı qeyd edib ki, strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir: “Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər.

Əlbəttə ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər”.

Prezident İlham Əliyev deyib ki, əlbəttə, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir: “Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır.

Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”.

Dövlət başçısı bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir: “Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir.

Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olmuşdur. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini vermişdir. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir: “Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olmuşdur. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdir. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir.

Bir sözlə, həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır. Bu gün xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi. Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək.

Hörmətli xanım Prezident, dəvətə və göstərilən qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Dost Xorvatiya xalqına daim tərəqqi və xoşbəxtlik arzulayıram. Sağ olun”.

*   *   *15:25

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu, Xorvatiya uğurunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad etdi.

*   *   *14:28

Sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri davam edir.

*   *   *14:22

Sentyabrın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıbar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıbar.

*   *   *14:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.

*   *   *13:01

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Virtualaz.org bildirir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*   *   *12:22

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub.

Prezidentlər birgə foto çəkdiriblər. (AzərTAc)

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …