Ana səhifə / Siyasət / İlham Əliyev Sarkisiyanla Berndə görüşəcək

İlham Əliyev Sarkisiyanla Berndə görüşəcək

Azərbaycan və Ermənistanın dövlət başçıları sabah Berndə bir araya gələcəklər; görüşlə bağlı proqnozlar bədbindir; Bakı Avropa Şurasından Dağlıq Qarabağla bağlı araşdırma istədi…
Ermənistan və Azərbaycan prezidentləri – İlham Əliyev və Serj Sərklisyan arasında çoxdan gözlənilən görüşün yeri və vaxtı açıqlanıb. Rusiya qaynağının məlumatına görə, prezidentlər bu dəfə İsveçrənin Bern şəhərində, dekabrın 19-da bir araya gələcəklər.

Ermənistan prezidenti bu gün – dekabrın 18-də Bernə işgüzar səfər edəcək. Sərkisyanın mətbuat xidməti bu haqda məlumat yayıb. Bildirilir ki, ertəsi gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə İlham Əliyevlə Serj Sərkisyan arasında görüş planlaşdırılır. Azərbaycan tərəfi rəsmən aşıqlama yaymasa da, belə görünür görüş bu dəfə alınacaq. Bəzi məlumatlara görə, Azərbaycan prezidenti artıq İsveçrədə istirahətdədir.

Ancaq əksər ekspertlər mövcud vəziyyət və şərtlər daxilində prezidentlərin görüşündən nəticə gözləmir. Nəzərə alsaq ki, ölkə başçıları arasında budəfəki birbaşa təmas cəbhə xətti boyu eskalasiyanın gücləndiyi, toqquşmaların təzədən şiddətləndiyi, o cümlədən artilleriya müharibəsinin getdiyi vaxta təsadüf edir və vasitəçilər də yaranmış durumdan ciddi narahatdır, o zaman istisna deyil ki, əsas müzakirə mövzusu da elə təmas xəttindəki durum olacaq.

Xatırladaq ki, İlham Əliyev və Serj Sərkisyan arasında sonuncu birbaşa görüş ötən il oktyabrın 27-də Parisdə, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə reallaşmış, lakin görüş hər hansı yazılı və ya şifahi anlaşma əldə olunmadan yekunlaşmışdı.

Bern görüşü alınarsa, bu, ən böyük pauzadan sonra reallaşacaq birbaşa təmas kimi tarixə düşəcək. Lakin sayından və pauzadan asılı olmayaraq, Azərbaycan tərəfi belə görüşlərin səmərəsizliyini dəfələrlə diqqətə çatdırıb. Sonuncu böyük fasilə əslində elə rəsmi Bakının prinsipial yanaşması ilə bağlıdır. Belə təmasların səmərəli olmasına nail olmaq üçünsə, ilk növbədə həmsədrlərin məsələyə obyektiv və konstruktiv yanaşmasına ehtiyac var.
Əfsus ki, bu – yoxdur. Əksinə, amerikalı vasitəçi Ceyms Uorlikin bir neçə gün öncə Vaşinqtonda separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla bir araya gəlməsi, saxta qurumun təbliğat törənlərinə qatılması, həmçinin separatçılara Amerika vizası verilməsi göstərdi ki, guya az-çox ədalətli mövqe tutan ABŞ da obyektivlikdən kifayət qədər uzaqdır.
Bəllidir ki, məsələ ilə bağlı rəsmi Bakı ABŞ-a etiraz notası təqdim edib. Bern görüşü həm də belə gərgin və həssas atmosferə təsadüf edir…

***
Bu arada Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun monitorinq komitəsinin sədr müavini Səməd Seyidov Avropa Şurasından Dağlıq Qarabağla bağlı araşdırma istəyib. APA-ya açıqlamasında o deyib: “Qoy, cənab Yaqland araşdırıcı missiyanı əvvəlcə Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə göndərsin”.

Deputat bu sözləri Avropa Şurası baş katibi Tyorbyorn Yaqlandın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başlamasına münasibət bildirərkən söyləyib.

Sitat: “Ən böyük beynəlxalq pozuntu Azərbaycan torpaqlarının işğal olunmasıdır. Qoy, cənab Yaqland Azərbaycana araşdırıcı missiyanı göndərməzdən öncə bu missiyanı Dağlıq Qarabağa, digər işğal olunmuş torpaqlara göndərsin. Görsünlər ki, Ermənistan Avropa məhkəməsinin tələblərini necə yerinə yetirir. 20 ildən çoxdur ki, bütün beynəlxalq qanunları pozaraq, Avropa Şurasının bütün qərarlarına zidd olaraq Azərbaycanın ərazisinin bir hissəsini işğalda saxlayırlar. Cənab baş katib qoy iclasda adını çəkdiyi bütün ölkələrə missiya göndərsin. Niyə məhz Azərbaycan? Hesab edirəm ki, bu, növbəti anti-Azərbaycan addımlardan biridir və bu addım heç bir ciddi nəticəyə gətirib çıxara bilməz. Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir və bu proseslərə baş katib bu şəkildə təsir göstərmək istəyirsə, o zaman həmin proseslər daha da sürətlənəcək. Nəticədə zərər çəkən Azərbaycan yox, böhran içərisində olan Avropa Şurası olacaq”.

Qeyd edək ki, Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb və bununla bağlı Azərbaycana araşdırıcı missiya göndərməyi qərara alıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın