Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / İlham Əliyev Ramiz Mehdiyevdən yazdı: – “Sənə elə bir toy tutaram ki…”

İlham Əliyev Ramiz Mehdiyevdən yazdı: – “Sənə elə bir toy tutaram ki…”

Xalqımızın özünəməxsus milli adət-ənənəsi, dəyərləri var. Hansı ki, bu dəyərlər dünyanın nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq aləmdə yayılması tövsiyə olunur. Xüsusilə də, bizim toy adətimiz daha maraqlı və rəngarəngdir. “Bəyin oğurlanması” kinofilmində yaxşı deyilir: “Şair də yaxşı deyib, xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”.

Düzdür son vaxtlar min illərdir ki, xalqımızın tarixində dərin izlər buraxmış toy bir qədər sosial şəbəkələrin ruhuna, Avropanın yaşam tərzinə uyğun formalaşdırılıb. Yəni, sərhədlər keçilib, izlər ört-basdir olunub. Bayağı, zövqləri alt-üst edən musiqilər, süfrəyə düzülən onlarla təamlar, vur- çatlasın, çal oynasın rəqsləri toy kimi gözəl adətimizə arzuolunmaz çalarlar əlavə edib. Hələ toylara dəvət olunan bahalı müğənnilərə ödənilən xərcləri demirəm. Cümleyi-aləmdə mütrüblər kimi ad qazanıb, toy toğlusu kimi meydan sulayan müğənnilər saatı 10 min manatı az bilib, 20-25 min manata iddia edirlər. “Ayağını yorğanına görə, uzat” məsəlini qulaqardına vuran kasıb, imkansız insanlar sadaladığım zənginliyin içinə kor-korana daxil olmaqla bir növ özlərini yanan ocağın üstünə atmış olurlar.

Ailələr var ki, toyların onlara tutduğu toyun ağrı-acısını uzun illər çəkməli olurlar. Bu baxımdan hərdən fikirləşirəm, nə yaxşı ki, qədim dövrlərdə olduğu kimi, indiki dövrdə də 7 gün 7 gecə və ya 3 gün 3 gecə toy çalınıb, şənlik təşkil edilmir. Onda vay olardı, toy sahiblərinin halına. Kütləvi şəkildə ailələr evlərindən və şirin canlarından olardılar. Azmı olub, 5-6 saatlıq toy şənliyinin sonunda, pulu ödəmək imkanı olmadığı üçün şadlıq evinin sahibi, bəyi və ya gəlinin qayınatasını girov saxlamasın. Dəfələrlə, övladına toy etmək üçün Bankdan götürdüyü krediti ödəyə bilmədikləri üçün ailələr isti ocaqlarından olublar, yaşadıqları evləri banklar məhkəmə qaydasında əllərində alıb. Bir sözlə toylar toy edənə və toya gedənə toy tutur. Bəzən bu yanğını unutmağa çalışırıq. Ona görə ki, toy adətimizdir. Məsəl var deyərlər, “ev alana və toy edənə borca düşməkdə, xeyirdəndir”. Amma onu da unuduruq ki, xoşbəxliyin açarı, bahalı qızılda, cehizlərdə, nə də ki, dəbdəbəli toy mərasimlərində deyil. Cütlük arasında səmimiyyət, mehribanlıq, qarşılıqlı sevgi və məhəbbət sağlam və xoşbəxt ailənin yol yoldaşıdır.

Son vaxtlar bizə sözün əsl mənasında toy tutan toylarımız daha ağır ictimai narahatçılıqlar gətirməkdədir. Ölkəmizdə pandemiya səbəbindən bir sıra həyati məhdudiyyətlərin tətbiqi, toy etmək arzusunda olan ailələri çıxılmaz duruma salıb. Amma altdan-altdan toy etməyə cəhd edənlər tapılır. Onlar pullu-paralı, vəzifə sahibi olmalarından istifadə edərək, Nazirlər Kabineti yanında operativ qərargahın toyların keçirilməsinə qoyduğu qadağalara əhəmiyyət verməyərək, övladlarına şənlik təşkil edirlər. Amma gizlincə toy şənliyi təşkil edənləri ifşa edib, cəzalandırmaq uzun çəkməyir. Elə bu günlər Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinə gizlincə toy təşkil etməsi, qısa müddət sonra ictimaiyyətə aşkarlandı. Məhz bu zaman dövlətin nəyə qadir olduğu bəlli oldu. Dövlətin gücü və hakimiyyətin mövqeyi isə, qadağalara əhəmiyyət verməyib, toy şənliyi quranların və toyda iştirak edənlərin cəzalandırılması ilə nəticələrindi. Bununla da bir daha nümayiş etdirildi ki, heç kim qanundan üstün ola bilməz. Bu fakt həm də onu göstərdi ki, toydan ziyanla çıxanlar ancaq kasıb, imkansız insanlar deyil, varlı-karlı, vəzifə mənsubları da toydan zərərlə çıxırlar. Həm də, elə bir zərərlə ki, ömürlərinin sonuna qədər bu zərərin ağrısını, acısını yaşamalı olacaqlar.

Nəisə, Allah bu koronovirus bəlasını bizdən uzaq etsin, toylar bərpa olunsun. Cütlükər və onların valideyinləri, qohumlar bahalı qızıllarla, kreditlə alınan cehizlərlə dəbdəbəli toy mərasimlərinə axın etsinlər. Mütrüblərdə səbəbkarları tərif etmək üçün ortaya çıxıb, bayağı, zövqüsüz mahnıları ilə meydan sulasınlar. Təbii ki, toy şənliyinin sonu necə olacağını düşünmədən…. Amma el məsəlini də unutmayaq: “Sənə elə toy tutaram ki, dəymişin durunca, kalın tökülər”.

“Səs” qəzetinin şöbə müdiri İlham Əliyev

Həmçinin oxuyun

“Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və “otxod”u olub” – Partiya sədri

Bu gün sosial şəbəkədə Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənovun adının hərbi xidmətdə …