Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Siyasət / İlham Əliyev İran nazirinə: Ümidvarıq, layiqli cəza alacaqlar

İlham Əliyev İran nazirinə: Ümidvarıq, layiqli cəza alacaqlar

İyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, görüş zamanı İranın xarici işlər naziri onu qəbul etdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirib.

Mətbuat xidmətinin məlumatına görə, Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.

“Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd edib, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib”,  – deyə açıqlamada qeyd olunub. 

Həmçinin bildirilib ki, İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.

Məlumata görə, söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.

Həmçinin oxuyun

Azərbaycan səfiri Belçikaya təşəkkür edib

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov erməni radikallarının …