Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / İlham Əliyev iftar süfrəsində

İlham Əliyev iftar süfrəsində

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək müqəddəs Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə ehtiram və milli-mənəvi dəyərlərə verilən yüksək qiymət olduğunu vurğulayıb. Şeyxülislam Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib.

Ölkənin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan Şeyxülislam respublikada gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini qeyd edən Allahşükür Paşazadə Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdırıb. Birinci Avropa Oyunlarının açılış mərasimində onun “Qoy Tanrı bizi qorusun” deməsini mənəviyyatın təntənəsi adlandırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın, nümunəvi multikulturalizmin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib. O da I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ölkəmizdə dinlərarası dialoqun və millətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və Azərbaycanı özlərinə doğma bilirlər, onun uğurlarına sevinirlər.

Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və xoşbəxtlik arzulayıb. Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlət başçısı əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib.

“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur” – deyən prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırıb.

Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlət başçısı ölkədəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğulayıb. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirib.

Dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd edib.

“Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir” – deyən prezident İlham Əliyev vurğulayıb ki, xalqımız üçün milli-mənəvi dəyərlər hər şeydən üstündür.

Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlət başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırıb.

I Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən prezident İlham Əliyev öz adından və “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirib.

“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz” – deyən prezident İlham Əliyev qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı bir daha təbrik edib.

Sonda Şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevə milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq edib.

Sonra iftar süfrəsi açılıb.

Həmçinin oxuyun

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri 23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində İran adlı dövlətin mollla …

Bir cavab yazın