Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / İlham Əliyevə təbrik məktubu — Bayden hansı mesajları verdi?

İlham Əliyevə təbrik məktubu — Bayden hansı mesajları verdi?

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

C.Baydenin İ.Əliyevə ünvanlanan təbrik məktubundakı fikirləri bir neçə mühüm istiqamətdə diqqət çəkir və Azərbaycanın qlobal əhəmiyyətli mövqeyini bir daha təsdiqləmiş olur.

Təbrikdə hansı mühüm məqamlar qeyd olunur:

– İki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyinin vurğulanması. Bu 30 il ərzində regionda və dünyada inqilabi hadisələr baş versə də, bütün bunlar iki ölkə arasındakı strateji partnyorluğa xələl gətirməyib. 2001-ci ildə iki ölkə arasındakı iqtisadi-siyasi münasibətlər yeni və həlledici mərhələyə qədəm qoyub. 2010-ci ildən sonra ABŞ-Azərbaycan arasındakı münasibətlər hərbi, beynəlxalq təhlükəsizlik və iqtisadi-siyasi əlaqələri qlobal əhəmiyyətli hal alıb. Baydenin demək istədiyi budur: ABŞ-ın 30 il ərzində (1992-2022) Azərbaycanla pozitiv əlaqələr qurması onun strateji hədəfləri sırasında olub. Bundan sonrakı mərhələdə də ABŞ eyni mövqedədir və Azərbaycan hakimiyyəti ilə strateji partyorluğu davam etdirmək niyyətindədir.

– ABŞ Prezidenti Administrasiyasının Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyinin qeyd olunması… ABŞ başa düşür ki, Ermənistan tamamilə Moskvanın orbitinə daxil olub. Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanın gələcək inkişafı da Azərbaycanın verəcəyi regional qərarlardan asılı olacaq. Gürcüstanda isə hələ də siyasi-iqtisadi sabitliyi, dayanqlılığı bərpa etmək mümkün olmayıb. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, tam siyasi sabitliyə və müstəqil siyasətə malikdir və iqtisadi dayanıqlıq dövlətin strateji planının əsas tərkib hissəsidir. Cənubi Qafqazda sülhün, demokratiyanın əsas təminatçısı bundan sonra da məhz Bakı ola bilər. Qarabağda terrorçuların zərərsizləşdirilməsi, ardınca qlobal əhəmiyyətli regioanl layihələrin işə düşməsi Azərbaycanın Cənubi Qafqazın həlledici dövləti olduğunu göstərir.

– İqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəklərinin vacibliyinin bildirilməsi. Şərqi Zəngəzur iqtisadi rayounun yaradılması, İranla bağlanan müqavilə, Qarabağın bərpası prosesinin sürətlə aparılması, Cənub-Qaz Dəhlizi çəriçivəsində Azərbaycanın əhəmiyyətli və alternativ mövqeyi, Şərqlə Qərbi birləşdirəcək layihələrin məhz Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması istiqamətində atılan praktiki addımlar ABŞ-ı başqa seçim qarşısında qoya bilməzdi. Rəsmi Vaşinqton anlayır ki, NATO-nun əsas hərbi və iqtisadi güclərindən olan Türkiyə Azərbaycanın əvəzsiz dostudur. Azərbaycanla hər hansı diplomatik skandala rəvac vermək, iqtisadi-siyasi əlaqələrin tormozlanmasını həyata keçirmək Türkiyənin də maraqlarının tapdanması demək olardı. Azərbaycana yönələn bütün təhdidlər həm də Türkiyəyə yönəlmiş olur, eləcə də Azərbaycana verilən dəstək həm də Türkiyənin mövqeyinin ifadəsi hesab olunmalıdır. Digər tərəfdən, Azərbaycan çoxşaxaəli, balanslaşdırılmış siyasət aparır və hərbi toqquşmalara qoşulmama mövqeyində olmaqla, sülhün-barışın tərəfindədir.

ABŞ Prezident Administrasiyası Azərbaycan hakimiyyəti ilə işləməkdə maraqlıdır və bu, Vaşinqtonun milli maraqları prizmasından da belə görünür. Heç şübhəsiz, qarşılıqlı əməkdaşlıq və yeni təşəbbüs meylləri ABŞ-Azərbaycan işbirliyinin yeni və daha perspektivli istiqamətlərini də formalaşdıra bilər.

Samir Feyruzov 

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …