Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Siyasət / İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib.

Onun təhdidlərinə bizim din xadimlərimiz və ruhanilərimizin cavab verməməsinə təəssüf etsəm də, təəccüb etmirəm. Çünki bizim axundların əksəriyyəti elə həmin imam – cümənin təqlid etdiyi müctəhidin müqəllidləridir. Müqəllidin də müctəhidin fikirlərinə və ya müctəhidin nümayəndəsinin fikirlərinə qarşı çıxması, bu şəxslərin tabe olduqları dini-siyasi xəttə ziddir.

Bu təqlidçilər hətta tövsiyyə xarakterli, sülhə çağıran, ortaq nöqtələrə təmas edici söz demək cəsarətində və ixtiyarında da deyillər. Çünki dini məsələlərdə təqlidçilik elə bir şeydir ki, (əslində onu elə təqdim ediblər ki,) əgər sən təqlid etdiyin müctəhidin fikrinə əks çıxsan sənin bütün ibadətlərin batil ola, hədər sayıla bilər. Bu və bir çox səbəbdən bizim müqəllidlərin çarəsiz və məzlum durumları anlaşılandır.

İndi, niyə və nə cür olub, din mühitimizdə belə bir sistem formalaşıb ki, ruhanilərimizin, din xadimlərimizin böyük əksəriyyəti bizim dövlət siyasətimizin əksinə mövqe tutan, düşmənimizlə dost olan ölkənin ali ruhanilərinin müqəllidinə, müti xadiminə, pərəstişkarına və. s çevriliblər.., – buna toxunmuram…

Ancaq öz vicdan borcumu yerinə yetirmək xətrinə, Vətən qarşısında cavabdehlik naminə, haqsızlıq qarşısında susmağın şeytanlıq qədər çirkin olduğunu bildiyim üçün deyə bilərəm ki, adı çəkilən şəxs nə dini yöndən, nə qonşuluq baxımından, nə də siyasi tərəfdən doğru mövqe sərgiləməyib. Əgər islami dəyərləri nəzərə alsaq, Quranda Allah – təala vəhy edir ki, müsəlman müsəlmanın qardaşıdır. Müsəlman müsəlmana yardım etməli, onun düşmənini özünün düşməni hesab etməlidir.

“Təvəlla” , yəni dostlarla dost olmaq; “təbərra”, yəni düşmənlərlə düşmən olmaqdır. Faktiki olaraq Ermənistan uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlayaraq oradakı dini abidələri, məscidləri, kilsələri, qəbirləri, ziyarətgahları viran etdi, vandalizm aktları törətdi və bütün dünya da buna şahid oldu. Ermənistanın bu hərəkətinə susqun qalmaq İmam Əlinin (ə) nəzərincə zalıma yardım etməkdir. Məscidlərə donuz salan ermənilərlə həmkarlıq etmək, onlara yardım etmək İmam Hüseynin (ə) nəzərincə Yezidlikdir. Çünki İmam Hüseynin balalarını doğrayan Yezid (l) qoşunu ilə Xocalıda körpələri şişləyən daşnakların fərqi yoxdur. İmam Hüseynin xeymələrinə od vuran, onun altı aylıq Əli Əsğərini (ə) oxlayan Hərmələ (l) ilə Seyid Ayrımda (Bağanıs Ayrım) 39 günlük körpəni ot tayasına təpib yandıran erməni əsgərlərinin fərqi yoxdur. Amma necə olur ki, Yezidi min dörd yüz ildir lənətləyən bəzi kəslər indiki dövrün yezidlərinə qahmar çıxırlar, onlara dəstək verirlər, yanacaq, yardım ötürür, arxa-dayaq olurlar? Məgər bu, İmam Hüseynin yoluna tamamilə zidd deyilmi, Allahın düşmənləri ilə, daşnaklarla, erməni vandalları ilə dost olmaq Allaha, İmam Hüseynin amalına xəyanət deyilmi? Əlbəttə xəyanətdir!

Siyasi yöndən də yanlış mövqedir bu. Hizbullahın təsisçilərindən olmuş, təşkilatın sabiq sədri Şeyx Sübhi Tufeyli vurğulayır ki, mən birinci Qarabağ savaşında İranın Ermənistanın yanında olmasını onların rəsmilərinə irad tutdum və dedim ki, bu mövqe Quran mövqeyinə ziddir. Müsəlman müsəlmanın yanında olmalıdır. Ancaq onlar mənə dedilər ki, biz Ermənistana tərəf olmaqla Türkiyənin Azərbaycanla və digər türk dövlətləri ilə birləşməsinin qarşını alırıq, biz bu münaqişə vasitəsi ilə türk dövlətlərinin bir-biri ilə əlaqələrinə əngəl törədirik…

Yəni siyasi yöndən hər şey aydındır. Ancaq unudulmamalıdır ki, Azərbaycan və Türkiyə öz mövqeyində səmimidir. Yürütdüyü siyasət açıq və şəffafdır. Heç bir qonşuya, heç bir dosta ziyan gətirəcək bir siyasət yürütmürlər. Heç bir dövlətin torpaqlarına göz dikmirlər. Ona görə də Azərbaycana qarşı bədniyyətli olmaq, bədgüman olmaq, onun ziyanına olaraq düşməninə dəstək vermək regionun sülhü üçün də, mehriban qonşuluq maraqları üçün də təhdiddir. Ümumi tarixi ortaq dəyərlərimizə, dinimizə tamamilə ziddir.

Ermənistan özü Vətən savaşında məğlub olaraq torpaqlarımızdan qovulub, yerdə qalan bir neçə rayonumuzu da təslim sənədinə imza çəkərək boşaldıb – qaytarıb. Hazırki prosesdə də bəzi qalan məsələlər tənzimlənmək üzrədir. Bu, əslində bütün qonşu dövlətlər üçün də bir çox faydalar kəsb edəcəkdir. İndiki vəziyyətdə ermənidən daha çox ermənilik etmək nəyə lazımdır, anlamaq olmur.

Pakistan İslam Respublikası və Türkiyə Cümhuriyətinin hərbçilərinin Azərbaycan Respublikası hərbiçiləri ilə birgə qardaşlıq hərbi təlimi keçirməsi əslində bütün müsəlman ölkələrində sevinclə qarşılanır, fəxrlə izlənilir. Çünki bu dövlətlər heç zaman təcavüzçü olmayıb, hər zaman sülhün keşiyində duraraq terrorizmə, işğalçılığa qarşı mübarizə aparıb. Ona görə də bu müsəlman dövlətlərin yaxınlaşmasına, təlim keçirməsinə sevinmək lazımdır. Müsəlman müsəlmanın üzdə yox, dildə yox, əməldə qardaşı olmalıdır. Ona dayaq-dəstək durmalıdır.

Odur ki, müqəddəs İslam dinini, Qurani – şərifin müqəddəs əhkamlarını, Peyğəmbərin pak Əhli – Beytinin amal və əməllərini əsas tutaraq tövsiyyə və xatırlatma edirik ki, gəlin elə yaşayaq, elə siyasət yürüdək, elə qonşuluq edək ki, axirət günü, Allah məhkəməsində özümüzə mənəvi rəhbər seçdiyimiz İmam Hüseynin üzünə baxa bilək…

Peyğəmbərdən hədis var ki, kim kimi sevərsə, kimlə dost olarsa Qiyamət günü onunla birlikdə dirildilər, həşr olunar.
İndi vay gündən ki, Qiyamət günü kimlərsə Koçaryanla, Sarkisyanla, Paşinyanla birgə həşr oluna.

… Mübariz İbrahimovun yolu İmam Hüseynin yoludur. Monte Melkonyanın yolu da Yezidin yoludur. Yollar açıqdır, buyurun ağalar!

Tural İrfan
İlahiyyatçı-yazar

Həmçinin oxuyun

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi (VİDEO)

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber …