Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında ciddi narazılıq yaranıb. Partiya sədrləri sosial şəbəkə hesablarında bir-birini tənqid edib.
Bakupost.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl “Facebook” səhifəsində geniş aspektdə terrorçu və sülhsevər erməni obrazlarının qarşılaşdırılmasını təklif edib, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə sülh naminə çalışmış Georgi Vanyanın adını verməyin mümkün olduğunu yazıb: “Madam ki, bu ərazidə ermənilər az sayda da olsa milli azlıq kimi yaşayacaq, bizim təqdim etdiyimiz mətndə onları inteqrasiyaya təşviq etmək üçün bir və ya bir neçə sülhsevər erməni obrazını canlandırmaq və onları terrorçu, separatçı erməni obrazına qarşı qoymaqdan söhbət gedir. Bununla diplomatlarımıza, siyasətçilərimizə ölkəmizə qarşı yönələn hücumlara qarşı material veririk ki, bizim hansısa erməni fobiyası daşımadığımızı hər dəfə bədxahlarımızın gözünə soxa bilsinlər. Hətta bilərəkdən yazmışıq ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşayacağı küçələrdən birinə sülh uğrunda çalışmış Vanyan kimi birisinin adını vermək də mümkündür. Bu, Xankəndidə yox ha, Şuşada yox ha, hansısa diqqətdən kənarda kiçik bir qəsəbədə də edilə bilər. Buraya sabah gələcək missiyaların gözünə soxmaq üçün Puşkini də, Taras Şevçenkonu da, Şekspiri, Hüqonu da hansısa yerdə xatırlatmamız bizim üçün hansısa itkiyə səbəb olmaz. Onsuz da böyük əksəriyyətini özümüzə aid adları verəcəyik. Tanınmış şəxslərimizin, şəhidlərimizin adlarını verəcəyik. Ancaq və hələ ki, bu günün əsas tələbi diplomatiyamızın, xarici siyasətimizin əlini möhkəmlətməkdirsə, kömək üçün onu da hərə öz platformasında dəqiq icra etməlidir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Facebook” səhifəsində geniş yazı ilə çıxış edərək, Fazil Mustafaya cavab verib və onu sərt tənqid edib. “Gəlin, əvvəlcə tarixi səhvlərimizə ekskurs edək… 1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə, öz halal yurdumuzu erməniləşdirdik…O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar”.
İqbal Ağazadə daha sonra Fazil Mustafaya xitabla yazır: “Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar. Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür. …Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan “Vanyan küçəsi” yazılıb? Düşündünüzmü, ayağını, qolunu itirən qazi “Vanyan küçəsi”ndə əlil arabasında gedir?”

İqbal Ağazadənin bu yazdıklarına Fazil Mustafa daha sərt şəkildə cavab verib:””Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək”. Bu sözlər başıboş insanları manipulyasiya etmək istəyən təcrübəli siyasət adamı İqbal Ağazadənin yeni yazdığı məqaləsindən götürülüb. Heç şübhəsiz ki, burada bizim son günlər Azərbaycanın haqlı davasını müdafiə etdiyinə və Ermənistanı işğalçı adlandırdığına görə müəmmalı şəkildə öldürülən George Vanyan haqqında fikirlərimizi nəzərdə tutub. Bəli, biz Azərbaycanın faydasına çalışmış hər kəsin haqqını verməliyik. Bunun rus, yəhudi və ya erməni olması fərq etməz. Təklif etmişik ki, xarici siyasətdə əlimizdə fakt olsun deyə terrorçu erməni və sülhsevər erməni obrazları yaratmalıyıq. Əgər bu ərazidə ermənilər yaşayacaqsa, onları sülhsevərliyə təşviq etmək üçün Vanyan və yaxud başqa sülhsevər şəxsin adını onların yaşadığı küçəyə də vermək mümkündür. Yəni Allah etsin ki, burada erməni qalmasın, əgər bu və ya digər səbəbdən qalacaqlarsa biz dünyadan gələn təzyiqləri nəzərə alaraq bəzi manevrlər etməliyik. Bu qədər sadə və aydın. Maraqlıdır ki, bu fikirlər yazdığım məqalədə çox ciddi təkliflərin içində əsas vurğunu izah etmək üçün yazılıb. İndi anlaşılır ki, İqbal Ağazadə məqaləni oxumadan siyasi əxlaqa uyğun olmayan addım atıb. Birincisi öz yazısında məsuluyyətsizcəsinə bunu Milli Məclisdə edilən çıxış kimi vurğulayıb, halbuki Milli Məclisdə tamamilə fərqli və maraqlı təkliflər səsləndirmişəm. Demək ki yazı mətnini oxumadan eşitdiyin yalan üzərindən səviyyəsiz bir davranış sərgiləmisiniz. İkincisi, mətndə Xankəndi adı çəkilmədiyi və “ermənilərin yaşayacağı ərazidə küçələrin biri” ifadəsi vurğulandığı halda LAF TV- də Xankəndi üzərindən yalan-palan ortaya qoyub və hətta bu yalana Ləman xanımı da inandırıb. Çünki bu Qarabağda ayrıca qəsəbə və ya kənd də ola bilər. Üçüncüsü, bu gün erməniləri qayıtmağa çağıran və onların hüquqlarına təminat verən və məhz sülhpərvər obrazı ortaya qoyan Azərbaycan dövlətidir. Nəticə isə göz qabağındadır: Azərbaycan əleyhinə xaricdə hansısa ciddi sənəd qəbul olunmadı. Məhz qalib dövlət kimi atılan humanist addımlara görə.
İndi bu cür saxtakarlıqla, yalançı milliyətçiliklə bəzənib bizim fikirlərə qarşı kampaniya aparanların ifşa olunacağınızı hamınız görəcəksiniz. Anlaşılacaq ki, əsl aşağılıq şəhid, qazi adını manipulyasiya edib, Qarabağ üzərindən süni vətənpərvərlik çağırışları edib cəmiyyəti yanlış istiqamətə yönəltməkdir, insanlarımızın reallıq duyğusunu zədələməkdir”.
İki partiya sədri arasında fikir toqquşmasının davam edəcəyi gözlənilir.