Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / II Əbülfəs Qarayev: Bu nazirlikdə nə baş verir?…

II Əbülfəs Qarayev: Bu nazirlikdə nə baş verir?…

Mədəniyyət Nazirliyi son iki ildə artıq ikinci dəfə ittiham və eyni zamanda da istehza, lağ-lağı obyektinə çevrilib. Birinci dəfə 2020-ci ildə nazirlikdə “DTX əməliyyatı” keçiriləndə və Əbülfəs Qarayev vəzifədən çıxarılanda, ikinci dəfə isə cəmi iki il sonra, yəni bugünlərdə DTX növbəti dəfə bu nazirliyə “baş çəkəndə”.

Nazir müavinin və nazirliyin Təchizat və əmlak şöbəsinin müdirinin həbs olunması onu deməyə əsas verir ki, əməliyyat yenə maliyyə cinayətləri, yeyintilərlə bağlıdır. Eyni cinayətlərin təkrarlanması az qala belə təəssürat yaradır ki, bura sanki nazirlik yox, mafiya yuvasıdır – cəza olsa da, bu, heç kimi cinayətdən çəkindirmir.

Ola bilsin ki, korrupsiya cinayətləri sarıdan bundan betər vəziyyətdə olan qurumlar da var, ancaq görünür, bu nazirlik hansısa xüsusi “özəlliyi” ilə seçilir… 

Mədəniyyət naziri Anar Kərimov nisbətən gənc nazirlərdəndir və cəmi iki ilə yaxındır ki, bu vəzifəni daşıyır. Adətən, belədə “nə yatdı ki, nə yuxu görsün” deyirlər. Amma belə görünür ki, bu nazir ümumiyyətlə, yatmayıb və “böyük sədaqət” nümayiş etdirərək, özündən əvvəlki nazirin “adət və ənənələrini” can-başla davam etdirib. Nəticədə, necə deyərlər, beş illik planı cəmi iki ilə doldura bilib…

Ümumiyyətlə, bu necə nazirlik, necə təşkilatdır, və orada hansı mühit var ki, adam ora ayaq basar-basmaz rüşvətxora, korrupsionerə çevrilir?

Axı, məntiqlə Əbülfəs Qarayevin vaxtında keçirilən “DTX əməliyyatı”nın xofu, əks-sədası ən azından bir müddət bu təşkilatın divarlarına hopmalı, havasına çökməli idi. Görünür, sözügedən nazirlikdə o qədər sərbəstlik, cəzasızlıq, ya da səhlənkarlıq və özbaşınalıq mühiti, “aurası” kök salıb ki, heç kim heç nədən nə qorxmayıb, nə çəkinməyib. Ya da hər şey sistemli şəkildə qurulub

Ən aşağı vəzifədə oturandan ən başda yer tutana qədər korrupsiya, rüşvət mexanizmi var gücü ilə işləyib. Yeni nazir də bu mexanizmə toxunmayıb. Axı, Azərbaycan reallıqları çərçivəsində kim deyə bilər ki, şöbə müdiri, hətta nazir müavini rüşvət alır, korrupsiya ilə məşğul olur, amma nazirin bundan xəbəri yoxdur? Kim buna inanar? Ən yeni Azərbaycan tarixində belə “fərsiz-fərasətsiz” nazir heç zaman olmayıb və ola da bilməzdi!…

Görünür, necə ki, Əbülfəs Qarayevin az qala bütün böyür-başı, müavini, şöbə müdirləri və s. həbs olundu, lakin özü “sudan quru çıxdı”, A.Kərimovla da bağlı eyni mənzərənin şahidi olacağıq. O vaxt idarə rəisləri, nazir müavini və hətta nazirliklə “işləyən” şirkət rəhbərləri öz ifadələrində birbaşa Qarayevin adını çəkərək, bütün göstərişlərin onun tərəfindən verildiyini, rüşvətin, “otkatlar”ın da ona çatdığını bildirdilər.

Doğrudur, Qarayevi heç kim tutmadı, heç istintaqa şahid qismində də olsa cəlb etmədi, ancaq ən azından xalq, cəmiyyət bildi ki, bu nazirlikdəki korrupsionerin, rüşvətxorun yekəsi elə nazirin özü imiş. Bəs, indi kim inanar ki, eyni nazirlikdə, eyni əməllər törədilir və nazirin bundan xəbəri yoxdur?

“Ssenarilər müsabiqəsi var və seçilən uğurlu ssenarinin əsasında da filmin çəkilişi olacaq. Biz çox filmlər çəkmək istərdik, amma bizdə olan məhdud resurslara görə Qarabağ haqqında bir vacib filmin çəkilməsini nəzərdə tuturuq…” Bunu A.Kərimov bu ilin fevralında demişdi və nazirliyin Qarabağa dair bir neçə film çəkməyə gücünün çatmadığına, maliyyə çatışmazlığından əziyyət çəkdiyinə eyham vurmuşdu. 

İndi, görək, DTX-nın həbs etdiyi nazir müavini və idarə rəislərindən nə qədər pul çıxacaq? Yəni, nə qədər yeyintiyə yol verildiyi məlum olacaq? Bəri başdan arxayın ola bilərsiniz ki, ortaya çıxan məbləğlər milyonlarla, bəlkə də on milyonlarla ölçüləcək və məlum olacaq ki, film çəkməyə tapılmayan həmin pullar kimlərinsə ciblərinə, bank hesablarına, villalarına axıdılıb…

Əbülfəs Qarayevin müavini də daxil olmaqla, başının dəstəsi həbs olunanda, həmin adamlara qarşı irəli sürülən ittihamların əsas hissəsi Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və yeyinti faktları ilə əlaqədar idi. 

Qarayev 2020-ci ilin mayında vəzifəsindən azad olundu. İyul ayından etibarən onun yerini Anar Kərimov tutdu və dərhal da dövlət satınalmaları və tenderlər məsələsində əvvəlki rəhbərliyin “metod və üslubları” ilə işləməyə başladı. Məsələn, elə həmin il Ə.Qarayevin dövründən bu nazirliyin əsas “tender tərəfdaşı” olan “STONE CONSTRUCTİON” QSC-yə təxminən 1.5 milyonluq tender verdi. Bu mövzuya ötən il toxunmuşuq və bu “tender tərəfdaşlığı”nın nələrə əsaslandığını yenidən izah etməyə yəqin ki, ehtiyac yoxdur…

Bütün bu baş verənlərin fonunda sıravi vətəndaşda sual yaranır – yaxşı, Əbülfəs Qarayev getdi, yola salındı, yerinə Anar Kərimov gəldi. Nəsə dəyişdimi? Mədəniyyət sahəsində hansısa nəzərəçarpacaq dəyişikliklər baş verdiyinə dair ciddi əlamət görmürük. Əvəzində, yenə DTX-nın növbəti əməliyyatı və nazirlikdə maliyyə yeyintiləri, korrupsiyaya dair ittihamlar var. Yəni, dəyişən heç nə yoxdur. Yaxşı, əgər belədirsə, Ə.Qarayevi o boyda hay-küylə yola salmağın, “urvatsız etməyin” nə mənası vardı? Kişi oturub işləyirdi də… Əbülfəs yemədi, Anar, Əhməd, Məmməd yedi – camaat üçün nə fərqi var, axı? 

Ümumiyyətlə, yaxşı olar ki, bizim bəzi yeni nazirlər öz adları ilə deyil, sələflərinin adıyla çağırılsın. Ən azından ona görə ki, əhaliyə və mətbuat işçilərinə yeni nazirin adını əzbərləmək, onu üzdən tanımaq üçün xeyli vaxt lazım olur. Ona görə də, o nazirliklərdə ki, nazirin ad və soyadından başqa heç nə dəyişməyib, nazirləri, məsələn, I Əbülfəs, II Əbülfəs, yaxud I Səlim, II Səlim, I Ziya, II Ziya və s. kimi adlandırmaq və tanımaq daha yaxşı olar…

Əslində, hər nə qədər ironiya ilə yanaşmaq istəsək də, bu baş verənlər olduqca acınacaqlıdır. Çünki məhz belə “gənc kadrlar”ın yarıtmaz, səhlənkar, biganə, bəzi hallarda isə korrupsiya və digər cinayətlərlə müşayiət olunan fəaliyyəti, əməlləri insanların islahatlara, Qərbdə təhsil almış gənclərə, bir sözlə, gələcəyə olan-qalan az-çox ümidini də qırır.

“AzPolitika.info”

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …