Ana səhifə / Siyasət / İdarə rəislərinə töhmət verildi, mütəxəssislər işdən çıxarıldı

İdarə rəislərinə töhmət verildi, mütəxəssislər işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bu ilin birinci yarısında fəalliyyətinin yekunlarına dair kollegiya iclası keçirilib. İclasda Bakı-Abşeron, Gəncə, Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz və Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərin aparılmasında ciddi nöqsanlara yol verildiyi, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydalarının pozulduğu bildirilib.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməyib və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaradıblar. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstəriblər.

Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.

“Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb.

Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür”,-deyə iclasda vurğulanıb.

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.

Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Nazir Heydər Əsədov Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə konkret tapşırıqlar verib.

Bu ilin 6 ayında Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizimlər və 78 halda nizamlanan zərərli orqanizimlər aşkar edilib, zərərli orqanizimlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalının, xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilib.

Təxminən 97 min ton yük, 1 milyon 470 min m3 taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın