Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İcra başçısının milyonlar sərf etdiyi təpələrin hazırkı aqibəti… – FOTOLAR

İcra başçısının milyonlar sərf etdiyi təpələrin hazırkı aqibəti… – FOTOLAR

İcra başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonu ərazisində, Bakı-Sumqayıt yolunun kənarlarında saldığı təmtəraqlı təpələri yenidən gündəmdədir.

Dövlət büdcəsindən milyonlarla manat vəsaitin xərclənməsi hesabına yol kənarlarında salınmış təpələrin söküntüsü davam edir. İcra başçısının külli miqdarda pul xərclədiyi təpələr bir göz qırpımında yoxa çıxır. İndi xərclənən həmin pullar havaya sovrulur.

Xatırlayırsınızsa, bu təpələr salındığı zaman yolda uzun tıxaclar yaranırdı və bu problem aylarla davam etdi. İndi də həmin problem az da olsa, yaşanmaqdadır.

Ötən ildən başlayaraq, yolu genişləndirmək, piyadaların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən bir neçə istiqamətdə yerüstü piyada keçidinin tikilməsi nəzərdə tutulub və həmin layihə çərçivəsində Xaləddin İsgəndərovun təpələri “plana düşdü”.

Bir sözlə, məmurun biri tikir, digəri isə sökür, ortada sovrulan isə büdcə vəsaitləridir.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və söküntü prosesində son durumla maraqlanıb.

Təpələrin sökülmə prosesi “Azəravtoyol” ASC tərəfindən aparılır. Söküntü magistral yolun 3 hissəsində aparılır. İlk olaraq, Bakı Avtovağzalının yaxınlığındakı təpələr sökülmüşdü. Bu istiqamətdə daim sıxlıq yaşandığı üçün “Azəravtoyol” ASC tərəfindən həmin təpələrin ərazisi hesabına yol genişləndirildi.

Hazırda həmin istiqamətdə nəqliyyat rahat şəkildə hərəkət edir. Bu günlərdə isə “Avtovağzal” metrostansiyasına yerüstü tunel çəkilir. Burada təqribən 200 metrə yaxın ərazidə təpələr sökülüb.

Xatırladaq ki, mətbuatda həmin təpələrin Bakı-Sumqayıt yolundakı sürüşmənin əsas səbəbi olduğu qeyd edilir. Belə ki, təpələrin həm yola saldığı ağırlığın, həm də oradakı yaşıllığın gündəlik olaraq suvarılmasının yolun sıradan çıxmasına səbəb olduğu qeyd edilir.

Hazırda söküntü Bakı Avtovağzalından “Ekologiya postu” istiqamətində davam edir. Məqsəd burada da yerüstü piyada keçidlərinin tikilməsidir. Keçidin tikilməsi üçün də təpələrin sökülməsi zəruridir. Təqribən 100-150 metr uzunluğunda magistral yolun kənarındakı təpələr sökülür. Ərazidə çalışan işçilər də burada piyada keçidinin olacağını bildirdilər. Təəssüflər olsun ki, paytaxt küçələrində əvvəlcədən hesablanmış tikililərin sayı azdır, artıq yol çəkib sonradan qazmaq, obyekti tikib, sonradan sökmək adət halını alıb.

Digər söküntü prosesi Sulutəpə və Hökməli yolu istiqamətində aparılır. Burada da piyada keçidinin tikilməsi nəzərdə tutulub. Təpələr pərakəndə şəkildə sökülür.

Diqqət çəkən məqamlardan biri də odur ki, həmin təpələrin kənarında sərnişinlər üçün nəzərdə tutulmuş şüşə konstruksiyadan ibarət dayanacaq quraşdırılıb. İçərisi xüsusi zövqlə işlənmiş döşəmədən, üzəri isə şəffaf və mozaik metallardan hazırlanmış dayanacağa sərnişinlər kənardan baxmaqla kifayətlənirlər. Çünki dayanacaq hələ istifadəyə verilməyib. Sərnişinlər hələ ki, marşrutları ayaq üstə gözləməyə məcburdurlar.

Bununla yanaşı, dayanacağın yanında üstüqapalı piyada keçidi tikilib. Keçid elə yerdə tikilib ki, sərnişinlər ondan istifadə etmir. İçərisi zibilliyə və uşaqların oyun yerinə çevrilib. Buna da tam bir maliyyə itkisi desək, yanılmarıq.

 









Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın