Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Siyasət / İcra başçısı keçmiş komitə sədrinin obyektinin tikintisini dayandırdı

İcra başçısı keçmiş komitə sədrinin obyektinin tikintisini dayandırdı

Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olur.

Bu barədə virtualaz.org saytına müraciətində otel rəhbərliyi məlumat verib. Saytın müxbiri hadisəni yerində araşdırıb.

Məlum olub ki, Rafiq Əliyevin 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə aldığı torpaq sahəsi hasarlanıb. Bundan sonra Nəsimi RİH-dən bildirilib ki, həmin hasarlar söküləcək.

R.Əliyevin nümayəndəsi İsgəndər Quliyevin sözlərinə görə, onların bütün sənədləri qaydasında olsa da icra hakimiyyəti razılaşmaq istəmir: “Bizim bütün sənədlərimiz qaydasındadır. 2004-cü ildə Nəsimi Rayon icra Hakimiyyətinin də razılığı ilə Bakı Şəhər İcra Hakimiyyətindən bu torpaq sahəsi ilə bağlı sərəncam verilib ki, burada qonaq evi tikilə bilər. Biz o vaxt tikinti aparmadıq, bu yaxınlarda işə tikintiyə başlamaq istədik. Ondan əvvəl də prosedur qaydalarına uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyətinə bu barədə bildiriş göndərdik. Amma bildirişimizə nə müsbət, nə də mənfi cavab verilmədi. Ona görə də işimizi görməyə başladıq”.

İsgəndər Quliyevlə söhbətimiz zamanı Nəsimi RİH təsərrüfat şöbəsinin əməkdaşları da əraziyə gəldi. Həmin şəxslərlə obyekt sahibinin narazılığı barədə danışmaq istəsək də bildirdilər ki, onlar icra hakimiyyətinin əməkdaşları yox, sadə vətəndaşlardır.

RİH-in başqa bir nümayəndəsi ilə söhbətimizdə isə məlum oldu ki, özünü sadə vətəndaş kimi təqdim edən Teyyub adlı şəxs icra hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşıdır. Və onlar adıçəkilən əraziyə şifahi tapşırıq əsasında gəliblər: “Bizə bildirilib ki, filan ünvanda qanunsuz tikili var, onu sökmək lazımdır. Ona görə də bura gəlmişik. Bununla bağlı bizə hər hansı sənəd verilməyib”.

RİH nümayəndəsi ərazinin hasarlanması barədə obyekt sahibinin icra hakimiyyətinə bildiriş göndərib-göndərməməsindən də xəbərsizdir.

Rafiq Əliyevin özü ilə söhbətdən sonra mətbuata bu insident haqda açıqlama veriləcəyini deyən RİH nümayəndəsi ərazidən uzaqlaşdı.

Rafiq Əliyev isə virtualaz.org saytına açıqlamasında bildirdi ki, onlar sentyabrın 21-də Nəsimi RİH-ə bildiriş göndəriblər: “Biz 2004-cü ildə torpağı burada qonaq evi tikmək məqsədilə BŞİH başçısının sərəncamı ilə almışdıq. Mən o zaman tikintini aparmağı məsləhət bilmədim. Daha sonra burada 12 mərtəbəli yaşayış binası tikmək barədə qərara gəldik və bunun üçün də ayrıca sənədləşmə işləri apardıq. Eskiz layihəsini Dövlət Layihə İnstitutu hazırlayıb. Bunun üçün ayrıca akt alınandan sonra nazirliyə təqdim olunub və hazırda işçi layihəsi hazırlanır. O, hazır olandan sonra tikintiyə başlayacağıq.

Amma hasarlama üçün sentyabrın 21-də yerli icra hakimiyyətinə müraciət etmişik. Artıq bir ay keçsə də həmin bildirişə heç bir cavab verilməyib. Halbuki prezidentin fərmanına görə, bu bildirişə 15 gün ərzində ya müsbət, ya da mənfi cavab verilməlidir. Cavab vermədiklərinə görə də qanunla ixtiyarımız çatır ki, hasarlama işini reallaşdıraq. Yəni Nəsimi Rayon İcra Hakimiyyətinin bizə maneə törətməs qanunsuzdur”.

R.Əliyevin sözlərinə görə, bu, icra hakimiyyəti nümayəndələrinin obyektə ilk gəlişi deyil: “Mən hər şeyi hüquqi müstəvidə həll etmək, işimi görüb dövlətə vergi vermək istəyirəm. Bu, onların ilk gəlişi deyil. Bundan əvvəl də Nəsimi RİH təsərrüfat şöbəsindən Qurban adlı əməkdaş gəlmişdi. Onunla söhbətimiz isə baş tutmamışdı. Onun tikintini dayandırmağa heç bir əsası və müvafiq sənəd-sübutu yoxdur. Yalnız bunu deyirlər ki, rayon icra hakimiyyəti başçısının “bığının altından keçmək” lazımdır. Bizə məsləhət gördü ki, onlarla razılığa gələk”.

Hasarlanmış ərazinin yaxınlığında icra hakimiyyəti nümayəndələri ilə yanaşı bir neçə fəhlə də gözə dəyirdi, lakin bir müddət sonra onların hamısı oranı tərk etdi.

R.Əliyevin vəkili Fuad Kərimov da virtualaz.org saytına açıqlamasında icra hakimiyyəti nümayəndələri ilə söhbətinin heç bir nəticə vermədiyini təsdiqlədi: “Biz onlara bütün sənədləri təqdim etdik, göstərdik ki, hər şey qaydasındadır. Onlar isə yenə məsləhət gördü ki, Rafiq Əliyev rayon icra başçısına zəng etsin və onlar öz aralarında razılığa gəlsin. Vəziyyət hələlik bu yerdədir”.

Nəsimi RİH-dən isə bu mübahisəyə münasibət bildirmək istəmədilər. Lakin RİH-in də mövqeyini dərc etməyə hazırıq.

P.S. Məqalə çapa hazırlanarkən aldığımız məlumata görə, obyektin hasarları artıq sökülüb. Son 4 foto söküntü prosesini əks etdirir.

 

 

Həmçinin oxuyun

İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisə yaranıb

Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı …

Bir cavab yazın