Şənbə , Mart 30 2024
Ana səhifə / Siyasət / Hüquq müdafiəçisi Rəsul Cəfərov cəzaçəkmə müəssisəsinə köçürülüb

Hüquq müdafiəçisi Rəsul Cəfərov cəzaçəkmə müəssisəsinə köçürülüb

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 5-də 1 saylı Bakı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə (Bakı şəhəri, Nərimanov rayonu) köçürülüb.

Rəsul Cəfərov Apellyasiya Məhkəməsi zamanı vəkili vasitəsilə şifahi şəkildə həbsinin bir ilinin tamam olması ilə bağlı “Amerikanın Səsi”nin suallarını cavablandırıb.
Conflict.az həmin müsahibəni təqdim edir:

-Həbsdə olduğunuz bir ili necə qiymətləndirirsiniz?

-Bu suala cavab olaraq 3 əsas məqama toxunmaq istəyirəm. Birincisi bildirmək istəyirəm ki, həbsə və məhrumiyyətlərə hazır olsam da, yaxınlarımı və ümumilikdə mənə sevgisi olan şəxsləri bunlara hazırlaya bilmədim, ikincisi də bu bir ilin vaxt itkisi olduğuna əminəm. Çünki, azadlıqda olacağım təqdirdə cəmiyyətimizin bəhrələnə biləcəyi layihələri həyata keçirə bilərdim. Üçüncü məqam isə ondan ibarətdir ki, bir ilin hamısını mən hakimiyyəti inandırmağa çalışmışam ki, mən hüquq müdafiəçisiyəm və bizim fəaliyyətimiz barışdırıcı xarakter daşıyır, biz şiddətə şiddətlə cavab verən deyilik. Mənim mövqeyim ondan ibarətdir ki, həbsimdən əvvəl, həbs dövrü və ondan sonra da müstəqil hüquq müdafiəçilərinə məxsus olan prinsiplərə əməl etmişəm və bundan sonra da edəcəm.

-Azadlığa çıxmaq imkanlarınızı necə qiymətləndirirsiniz?

-Mən müstəqil hüquq müdafiəçisi kimi nəzərdə tutulmuş və qırmızı xətti keçmədən azadlığa çıxmaq üçün nə mümkündürsə etmişəm. Belə ki, hələ istintaq getdiyi zaman 15.10.2014-cü il tarixində prezidentə müraciət etmişəm. Bu yaxınlarda isə prezidentə etdiyim müraciəti xatırlatmaq üçün prezidentin köməkçisinə müraciət etmişəm. Vergi borcu iddia edilən vəsaiti də dövlət büdcəsinə ödəmişəm. Indi vəziyyət belədir ki, mən hakimiyyətə əl uzatmışam və əlimin havada qalmayacağına ümid edirəm. Mən inanmaq istəyirəm ki, mənim müraciətlərimə tezliklə cavab veriləcək və mən həmin anda da azadlığa çıxacağam.

-Bir il ərzində həbsdə vaxtınızı necə keçirdiniz?

-Saxlanma şəraiti və mənə olan münasibətdən şikayətim yoxdur. Bir ilin hamısını Bakı İsintaq Təcridxanasında keçirdim. Təcridxana rəhbərliyi və əməkdaşları ilə yaxşı münasibətlərim olub. Bir il ərzində hər 3 aydan bir Ombudsman Aparatınının əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə baş çəkiblər. Təcridxananın həkimləri də vaxtaşırı səhhətimlə maraqlanıblar. Hal-hazırda da fiziki və psixoloji cəhətdən normal durumdayam. Təcridxanadakı vaxtımı da kitab oxumaqla, radio dinləməklə və televizorda yalnız futbol və xəbərlərə baxmaqla və rus dilində krasvordlar həll etməklə keçirmişəm.

-Müdafiənizi necə qiymətləndirirsiniz?

-İstər yerli, istər beynəlxalq hüquq müdafiə ictimaiyyəti nə mümkündürsə ediblər. Sonuncu Apellyasiya Məhkəməsində yeni simalar gördüm, hansı ki, əvvəl məhkəmələrimdə iştirak etməyiblər bunu məni çox məmnun etdi.

Həmçinin oxuyun

İran Bakıdakı səfirini bu fotoya görə geri çağırıb

İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu gün vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, onun …

Bir cavab yazın