Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hökumət Amerika pullarına qapıları açır

Hökumət Amerika pullarına qapıları açır

Neftin qiymətinin kəskin ucuzlaşdığı, milli valyutanın başının üstünü ikinci devalvasiya təhlükəsinin aldığı bir vaxtda Azərbaycan hökuməti qapıları Amerika investorlarına açmaq qərarına gəlib.

Virtualaz.org saytı xəbər verir ki, Vaşinqtonla Bakı arasında gərgin siyasi münasibətlərin “nisbi atəşkəs” dövrünə daxil olmasının və diplomatik təmasların yenidən intensivləşməsinin ardınca Amerika investorlarından ibarət geniş heyətin Azərbaycana səfərinə hazırlıq görüldüyü açıqlanıb.

İnformasiya agentliklərinin yaydıqları xəbərə görə, Amerika-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Ticarət Xidmətinin təşkil etdiyi Amerika ticarət missiyası üçün ərizə qəbul edilir. Ərizələr oktyabrın sonu kimi qəbul edilir, missiya 18-20 noyabrda olacaq.

Ticarət Palatasının birgə məlumatında deyilir ki, bu, yerli bazarın öyrənilməsi, aparıcı regional ekspertlər, vəzifəli şəxslər, qlobal şirkətlərlə münasibətlərin qurulması üçündür.

“Missiya həmçinin potensial tərəfdaş, müştəri, distribütor tapmaq məqsədi güdür” – deyə USACC bildirir.

Tədbirə kənd təsərrüfatı, maliyyə, neft, kimya, təhsil, energetika, səhiyyə, yeyinti sənayesi, İT, tikinti, yüngül sənaye, maşınqayırma, əczaçılıq, nəqliyyat, logistika, turizm üzrə şirkətlər qatılacaq.

Gözləmək olar ki, Amerika ticarət missiyasının Bakıya səfəri zamanı Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə investisiyaların yatırılmasına dair müzakirələr aparılacaq. Belə ki, Amerika investisiyaları Azərbaycanın qeyri-neft sektorunda olduqca məhdud təmsil olunub və buna indiyə qədər bir çox amillər-inhisarçılıq, bürokratik əngəllər, mülkiyyət hüquqları ilə bağlı problemlər və s. mane olurdu.

Lakin indi əsasən inkişaf etməkdə olan ölkələri bürüyən qlobal böhran qapının ağzını kəsdirib və bu böhranın real iqtisadiyyata təsirləri indidən hiss olunmaqdadır.

Gələn il isə vəziyyət daha çətin olacaq. Çünki neftin qiymətlərinin yenidən artacağını heç kim gözləmir. Və Azərbaycana qonşu keçmiş sovet respublikaları bir-birinin ardınca milli valyutalarını devalvasiya edir.

Belə şəraitdə iqtisadi tənəzzülün qarşısını almağın yeganə yolu xarici investisiyalara qapıları açmaq və bu investisiyaları iqtisadiyyatın qeyri-neft sektoruna yönəltməkdir. Çünki Azərbaycanın özünün iqtisadiyyatı şaxələndirməyə dövlət investisiyaları yatırmaq imkanları məhdudlaşır.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın