Cümə axşamı , İyul 29 2021
Ana səhifə / Siyasət / Hikmət Hacıyev Ermənistanla Azərbaycanın xeyrinə olan arqumentləri açıqladı

Hikmət Hacıyev Ermənistanla Azərbaycanın xeyrinə olan arqumentləri açıqladı

The Washington Times, ABŞMüəllif: Hikmət Hacıyev (Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri)

Leonid Brejnev Vaşinqtona 1973-cü ildə etdiyi səfəri zamanı Uilyam Kolbi Sovet İttifaqının liderinə bu sözləri demişdi: “Biz bir-birimizi nə qədər çox tanıyırıqsa, o qədər təhlükəsizlikdəyik”. Uilyam Kolbi bu görüşdən bir müddət sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər vəzifəsinə təyin olunacaqdı…

Brejnevin iştirak etdiyi sammit “soyuq müharibə” dönəmində gərginliyin azalmasına töhfə vermişdi. Nəticədə növbəti illərdə Qərb ilə SSRİ arasında münasibətlərin normallaşdırılması və nüvə silahı istehsalının məhdudlaşdırılması ilə bağlı razılaşmalar imzalanmışdı.

Ötən ay Ermənistanla Azərbaycan qarşılıqlı addımlar atmağa başlayıblar. İndi bir çox insan bunu iki ölkə arasında gərginliyi azaldacaq ilk addımlar sayır. Söhbət Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsindən gedir. Qeyd edək ki, Azərbaycan onları öz ərazisində hərbi əməliyyatların başa çatmasından sonra, ötən ilin noyabrda saxlamışdı. Əvəzində Yerevan Bakıya Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrini təhvil verib. Bu, azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım göstərməlidir. Demək, həmin ərazilər mülki əhali üçün yenidən təhlükəsiz bölgəyə çevriləcək. Bir sözlə, həm Ermənistan, həm də Azərbaycan artıq bir-birini daha yaxşı tanıyır. Demək, onlar indi daha təhlükəsiz vəziyyətdədirlər.

Azərbaycan Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkisinin ardından iki dövlət arasında etimad yaradacaq növbəti addımları da atmağa hazırdır. Biz iki ölkə arasında diplomatik əlaqələri inkişaf etdirməli, zidiyyəti əməkdaşlığa çevirməliyik. Çünki qarşıda bizi çox işlər gözləyir.

Minaların basdırıldığı ərazilərin təmizlənməsi üçün xəritələrin əldə olunması çox vacibdir. Ermənistanın Azərbaycana təhvil verdiyi xəritələrdə 97 min minanın yerləşdirildiyi nöqtələr detallı şəkildə əks olunub. Amma bu, yalnız Qarabağın azad edilmiş rayonlarından birinə aiddir. Nə qədər ki, digər rayonlarla bağlı da anoloji xəritələr Bakıya təqdim olunmayıb, orada minatəmizləmə işləri kortəbii aparılacaq.

Yerevan Bakıya mina xəritələrinin cüzi hissəsini verdiyini Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özü də etiraf edir. Amma bunun özü belə, irəliləyişdir. Çünki son zamanlaradək Yerevan bu addımı atmaqdan boyun qaçırır, bunu “saxta gündəm mövzusu” adlandırırdı.

Bu gün Qarabağda nə qədər minanın basdırıldığı məlum deyil. Yalnız onu deyə bilərik ki, Qarabağ dünyada ən çox minanın basdırıldığı bölgədir. Ermənistanla Azərbaycan arasında 1990-cı illərdə baş vermiş Birinci Qarabağ müharibəsi nəticəsində yaranmış təmas xəttinin bir zamanlar Ermənistanın işğalı altında olmuş hissəsində 1,5 milyard kvadratmetr əraziyə partlayıcı maddələr basdırılıb. Odur ki, Qarabağ Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasından daha “çirkli” bölgədir.

Azərbaycanlıların öz torpaqlarını ziyarət etmək imkanı qazanmalarından bu yana yerli mediada mütəmadi olaraq insan faciələri haqda xəbərlər yayılır. Tərəflər arasında üçtərəfli bəyannamənin imzalanmasından keçən dövrdə bölgədə 144 mülki şəxs həyatını itirib. Onların əksəriyyəti doğma ev-eşiklərinin vəziyyətini görmək arzusu ilə alışıb-yanan azərbaycanlı məcburi köçkünlərdir. Söhbət 30 ildir doğma torpaqlarından didərgin salınmış insanlardan gedir.

Bu yaxınlarda iki azərbaycanlı jurnalist də yük maşınının minaya düşməsi nəticəsində həyatını itirib. Ermənistan ordusu həmin minaları oraya bölgəni tərk edən zaman basdırıbmış…

Belə insidentlər sülhə ən ciddi əngəldir. Tərəflər arasında ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyannamə hərbi əməliyyatlara son qoyulub. Buna baxmayaraq, azərbaycanlı mülki vətəndaşlar hələ də həlak olur. Ermənistanla Azərbaycan arasında müharibə başa çatdıqdan sonra həyatını itirmiş mülki insanların yaxınları baş verənləri müharibənin müxtəlif vasitələrlə davam etməsi qiymətləndirir. Sülh dövründə itkilərin qarşısını ala biləcək yeganə məlumatın gizli saxlanılması nə deməkdir? Bu, tətiyi çəkmək deyilsə də, növbəti qurbanların nə vaxt olacağını gözləməkdir.

Yerevan hesab edir ki, iki ölkə arasında sülhə əsas maneə Azərbaycanda saxlanılan ermənilərdir. Amma bəzi media orqanlarının da yanlış təqdimatının əksinə olaraq, onlar hərbi əsir deyillər. Tərəflər arasında imzalanmış üçtərəfli bəyanata əsasən, bütün hərbi əsirlər dəyişdirilib. Bu gün Azərbaycanda saxlanılan ermənilər noyabr bəyanatından sonra Azərbaycan ərazisinə girdikləri üçün saxlanılıblar. Odur ki, onları xarici agent saymaq daha doğrudur.

Biz Ermənistan hökumətini neçə mina xəritəsinə malik olduqlarını da açıqlamağa çağırırıq. Əgər onlar qalan xəritələri də bizə təqdim edərlərsə, bu, əlbəttə ki, iki ölkə arasındakı inamsızlığa son qoyulmasına yardım göstərəcək. Bu halda Azərbaycanla Ermənistan bir-birinin başqa istəklərini də yerinə yetirməyə başlaya bilərlər.

Doğrudur, Bakı ilə Yerevan qarşılıqlı etimadı gücləndirməyə yeni başlayıb. Odur ki, bizi qarşıda daha mübahisəli məsələlər gözləyir. Məsələn, iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, əlaqələrin normallaşdırılması kimi. Tərəflər tədricən etimadın gücləndirilməsi üçün addımlar atarsa, bu, əməkdaşlıq üçün zəmin yaradacaq. Bu halda bizim hədəflərimiz daha aydın görünəcək.

Azərbaycanla Ermənistanı birləşdirən dəmir və avtomobil yolunun – Zəngəzur dəhlizinin açılması bu iki ölkə, həm də region dövlətləri üçün yeni iqtisadi imkanlar yaradacaq. Ermənistandan keçən yolun açılması ilə Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasının tədrici başa çatacaq. Bu halda Ermənistan Azərbaycan vasitəsi ilə quru yolla Moskva və digər paytaxtarla əlaqə yaradacaq. Əslində, sərhədlərin 30 il ərzində bağlı qalması bu regionun coğrafiyasına qarşı cinayətdir.

Ümid edirik ki, 1992-ci ildə təsis edilmiş, ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupu regional dəyişikliklər fonunda keçmişdə qalmayacaq, əksinə, gələcəyin bir hissəsinə çevriləcək. Hesab edirik ki, bu qurum təcrübəsi və institusional yaddaşı sayəsində gələcək illərdə Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynaya bilər.

Beləliklə, bu gün bizim qarşımıza sabitlik və nəticə etibarı ilə qarşılıqlı çiçəklənmə şansı çıxıb. Bizim bir-birimizi tanımaq, daha təhlükəsiz şəraitdə inkişaf etmək və çiçəklənmək imkanımız var. Tərəflər arasında etimadı gücləndirməyə hesablanmış bütün addımlar nəticə etibarı ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına yol açacaq. Yox, əgər bunun əvəzinə revanşist düşüncələrə üstünlük veriləcəksə, yeni faciələr qaçılmaz ola bilər.

Azərbaycan hər zaman hesab edib ki, Ermənistan qonşuları ilə sülh siyasəti yürüdərsə, o, regional əməkdaşlıqdan faydalana bilər. Faydalanmalıdır da. Beləliklə, biz deyirik ki, gəlin, Cənubi Qafqazı daha gözəl məkana, sülh regionuna çevirək.

İngilis dilindən tərcümə – WorldMedia.Az

Həmçinin oxuyun

Putin Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti Təhlükəsizlik Şurasında müzakirə etdi

Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu haqda …