Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Hikmət Hacıyev: “Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin”

Hikmət Hacıyev: “Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin”

“Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. SCUD tipli böyük məhvetmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir.

Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər radələrindən start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alınmışdı. Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilmişdir. Ermənistanın müdafiə nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalmışdır.

Bu gün səhər 07.00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. Bir nəfər həlak olmuşdur. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanmışdır. 100-dən çox mərmi atılmışdır.

Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də var.

Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır”.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Həmçinin oxuyun

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi”

“1990-cı ilin yanvarında Bakıya qoşun yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə …