Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Heydər Əliyevin sabiq müşaviri: “Rusiyanı ağılla dərk etmək mümkün deyil”

Heydər Əliyevin sabiq müşaviri: “Rusiyanı ağılla dərk etmək mümkün deyil”

Rusiyanın Azərbaycanla Ermənistana münasibətdə daim Ermənistana daha çox önəm verməsi, Ermənistana hər cür dəstək verməsi daim müzakirə olunan məsələlərdən biridir. Şimal qonşumuz Cənubi Qafqazda öz maraqlarını təmin etmək, region liderliyini qorumaq üçün hər zaman Ermənistan üzərindən daha çox siyasət yürüdür. Azərbaycan Rusiya ilə nə qədər yaxın olmaq xəttini tutsa da Moskva heç vaxt Ermənistanı bizdən arxa plana keçirmir.

Azərbaycanın strateji, coğrafi mövqeyi, iqtisadi imkanları Ermənistandan qat-qat üstün olmağına baxmayaraq Rusiyanın nədən Azərbaycana daha çox önəm verməməyi maraq doğurur.

Ekspertlər Rusiyanın bir əsrə dayanan bu siyasətini bir sıra amillərlə izah edirlər. Onlar hesab edirlər ki, buna səbəb Azərbaycan-Türkiyə arasında qardaşlıq əlaqəsidir, eyni zamanda ermənilərin xisləti elədir ki, Rusiya hələ 19-cü əsrin əvvəllərindən ermənilərdən öz maraqlarını yeritmək üçün alət kimi istifadə edib. Ermənistan adlı dövləti də Azərbaycanla Türkiyənin arasında Rusiyanın yaratması hər şeyi deyir.

Bu barədə danışan politoloq Qabil Hüseynli musavat.com-a açıqlamasında Rusiyanın çətin proqnoza yatan ölkə olduğunu bildirib: “Adını unutduğum bir mütəfəkkir deyib ki, Rusiyanı ağılla dərk etmək mümkün deyil. Bu da siyasi liderlərin xarakteri, siyasi elitanın davranışları ilə qırılmaz sürətdə bağlıdır. Bu məsələ Azərbaycana münasibətdə də özünü göstərir. Müəyyən müddətdə Azərbaycan-Rusiya münasibətləri yaxşı səviyyədə olur. Hər halda zahirən bu belə görünür. Amma elə ki, məsələ Dağlıq Qarabağa gəldi, burada Rusiyanın mövqeyi obyektiv olmur. Rusiya bölgədə özünü jandarm rolunda aparır. Bu zaman bölgədəki dövlətlər müxtəlif münasibətlərdən yanaşır. Burada isə xristian təəssübkeşliyi özünü açıq şəkildə büruzə verir. Ya onlara kömək edir, ya da problemlərinin həllinə süni əngəllər yaradır. Ermənilərlə bağlı Rusiyanın ənənəvi münasibəti var. Bunun kökləri uzun tarixə gedib çıxır. Azərbaycana qarşı münasibətdə dini və milli faktor sözsüz ki, mühüm rol oynayır. Rusiya hazırda Azərbaycan üzərindən siyasətini qurmaq arzusunda ola bilər. Amma Azərbaycanın siyasi rəhbərliyi müstəqil siyasət yürüdür, kiminsə əlaltısı olmaq fikrində deyil. Ermənistan müstəqilliyinin bir hissəsini Rusiyaya verib, sərhədlərini Rusiya qoruyur, düşmən ölkədə rus bazaları var, aralarında uzun müddətlik hərbi saziş imzalanıb, birgə ordu yaradıblar. Ermənistan faktiki olaraq Rusiyanın işğalı altındadır. Amma Azərbaycanın siyasi rəhbərliyi ölkənin suverenliyini hər şeydən uca tutur.Azərbaycan tərəfi hər zaman Rusiya ilə münasibətlərdə maraqlı tərəf olub. Ölkəmiz heç zaman Rusiya üçün problem yaratmayıb. Əksinə bölgədə Rusiyanın münasibətlərinin qorunması üçün müəyyən töhfələrini verib. Lakin bütün bunlara baxmayaraq Moskva seçim edəndə Ermənistana üstünlük verir. Səbəblərdən bir də on illər boyu ermənilərin Rusiyanın siyasi dairələrində, rəsmi strukturlarında kifayət qədər kök atmasıdır. Zamanında kök atmış və şaxələnmiş erməni şəbəkəsi artıq Rusiyanın Cənubi Qafqaz siyasətinə belə təsir göstərə bilir. Azərbaycanla münasibətlərə bu şəbəkə xüsusilə təsir edir”.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …