Ana səhifə / Siyasət / Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb?

Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb?

Müqəddəs Ramazan günlərində ölkəmiz Azərbaycan xalqının böyük oğlu, mərhum Prezident Heydər Əliyevin doğum gününü – 97 yaşını qeyd etdi. 
SSRİ dövründən bəri yüksək dövlət vəzifələrini tutmuş Heydər Əliyev insanın mənəvi keyfiyyətinin formalaşmasında dinin rolunu qiymətləndirib və ateist rejimin bütün sərtliyinə baxmayaraq Azərbaycanın minillik tarixi olan imanın qorunmasında öz köməyini əsirgəməyib. 
QMİ sədri Allahşükür Paşazadə mərhum prezidentin doğum günü ilə bağlı sosial şəbəkədəki səhifəsində  bir neçə paylaşım edərək dövlət başçısı ilə bağlı xatirələrini yada salıb.
Mərhum dövlət başçısı Heydər Əliyevlə Şeyxülislam Allahşükür Paşazadənin dostluq münasibətlərinin uzun illik tarixi var. QMİ sədri vaxtaşırı müxtəlif anım tədbirərində bununla bağlı öz xatirələrini danışır. Bu xatirələri təkcə Heydər Əliyevin Şeyxülislamla  şəxsi münasibətlərinin göstəricisi kimi deyil, dövlət başçısının ictimai-siyasi və şəxsi həyatında dinə, inanca olan münasibətinin bir indikatoru saymaq olar.   A.Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində Heydər Əliyev həlledici rol oynayıb.  A.Paşazadə özü bu barədə danışıb. 
70-ci illərin sonunda, on birinci Şeyxülislam, axund Mirqəzənfər İbrahimovun vəfatından sonra  Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə yeni rəhbər seçmək üçün namizədlər müəyyən olunur. 6  namizədin içində A.Paşazadənin də adı var idi. Qurultaydan əvvəl bu namizədlərin sənədləri baxılmaq üçün Mərkəzi Komitəyə göndərilir. 
A.Paşazadənin sözlərinə görə, özü də, digərləri də onun Şeyxülislam seçiləcəyinə inanmırdılar. Lakin QMRİ-nin qurultayında A.Paşazadə yekdilliklə sədr seçilir. Bu A.Paşazadə üçün də gözlənilməz olur.  Sonralar Şeyxülislam bunun detallarını öyrənə bilib.  
QMRİ-nin qurultayı ərəfəsində Şeyxülislamlığa namizədlərin sənədləri Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevə təqdim olunub:  “Sənədləri onun yanına aparan adam sonralar mənə danışırdı ki, anket məlumatlarından görünürdü ki, namizədlərin hamısı çox yaşlıdır. Heydər Əliyev də sənədlərlə tanış olduqdan sonra mənim anketimi oxuyub və əlini mənim sənədimin üstünə qoyaraq deyib ki, qoy bu cavan oğlan olsun Şeyxülislam.  Çox sonralar Heydər Əliyevin qəbulunda olanda  mənə dedi ki, “Şeyx, mən o vaxt icazə verdim sənin sədr olmağına…”-deyə QMİ sədri açıqlamışdı. 
Sovet dövründə QMİ-nin qapalı fəaliyyəti gənc Şeyxin seçilməsi ilə canlanmış oldu. Ötən il A.Paşazadənin açıqladığı bir maraqlı tarix Azərbaycan müsəlmanlarının etiqad məkanlarından birini ateist prinsipləri üstə bərqərar olan SSRİ-nin sərt caynağından necə xilas etməsi ilə bağlı olmuşdu.   
Əhvalat belə olub: 1980-ci illərin əvvələrində Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir. 
Allahşükür Paşazadənin dediyinə görə, Moskvada bu məktuba müsbət yanaşıblar. Siyasi Büro Gəncədəki müqəddəs məkanın dağıdılması barədə qərar çıxarmışdı. Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam çıxış yolu axtramağa başlayır. O, nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyasının Birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır. Çətinliklə məsələ ilə bağlı H.Əliyevin həyat yoldaşı, mərhum Zərifə Əliyevanı məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur.  “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” -deyə Şeyx xatırlayıb.
QMİ sədri açıqlamalarının birində,  mərhum prezidentin vaxtilə SSRİ rəhbərliyində olarkən Kommunist partiyası Siyasi Bürosunun gizli qərarları barədə onunla müzakirələr apardığını açıqlamışdı: “Mənə hər dəfə deyirdi ki, xüsusən İslamın qabağını almaq istəyirlər, amma xristianlara dəymirdilər. Kommunist Partiyasını Siyasi Bürosunun qərarları, kommunist tendensiyası öz təsirlərini göstərdi. Məscidlərimiz dağıldı, alimlərimiz Sibirdə çürüdü, kitablarımızı yandırdılar, basdırdılar. Amma imanımızı basdıra bilmədilər. Çünki bizim Heydər Əliyev kimi oğullarımız vardı”.
Məhz Heydər Əliyevin rəhbərliyi  ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilmişdi. Bu məscidin taleyi çox ağır olub. 
Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilmişdi. Dağıldılmış məscidlərdən biri də XII əsrdə Şirvanşah II Fərruxun memar Mahmud ibn Sadın layihəsi əsasında tikdirdiyi Bibiheybət məscidi idi. 1936-cı ildə dağıldılan məscidin yerində Stalinin heykəli qoyulmuşdu. Onuncu Şeyxülislam Əliağa Süleymanzadənin imzası ilə məscidin bərpası üçün Mərkəzi Komitəyə müraciətlər olunsa da bu sahədə lazımi irəliləyiş olmamışdı. 
Şeyxülislam Allahşükür Paşazadə  dövlət orqanları tərəfindən ciddi xəbərdarlıqlar almasına baxmayaraq hələ sovet dövründən Bibiheybət məscidinin bərpası üçün daha ciddi cəhdlər göstərməyə başlamışdı.  1990-cı ildə yenidən hökumət orqanlarına xahişlə müraciət edən Şeyxülislam nəhayət tikinti üçün torpaq sahəsi ayrılmasına nail olur. 1995-ci ildə Stalinin abidəsinin qələbə tağı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazimin (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edildi. Məscidin bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldı. 1997- ci il iyulun 23-də Bibiheybət məscidinin tikintisinə başlanır, cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılır.1994-cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Prezident Heydər Əliyev mütəmadi şəkildə buraya baş çəkərək, işlərin layihələndirilməsindən başlayaraq tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayırdı: “1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Həmin an onun sevincinin həddi-hüdudu yox idi desəm, yanılmaram.  Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu”.
Mərhum dövlət başçısı Bibiheybət məscidinin açılışında çıxışı zamanı QMİ və onun sədrinin fəaliyyətinə də toxunub: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri var. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, xalqın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm…”
Şeyxülislamın sözlərinə görə, Heydər Əliyev qəlbən hər zaman imanlı insan olub:  “Mən bunun şəxsən şahidi olmuşam. Onun Allah sevgisi, dinimizə müqəddəs yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Mən bunu Heydər Əliyevin oğlu İlhamın müsəlman qaydası üzrə kəbinini kəsərkən də, mərhumə Zərifə xanımın vəfatı zamanı ateizm rejiminin qadağalarına baxmayaraq dini duanı oxumağım üçün xüsusi şərait yaradılmasında sonra israrına şahid olduğum zamanlarda da hiss etmişəm”.
Mərhum prezidentin həyat yoldaşı Zərifə xanımın Moskvada dəfni ilə bağlı xatirəsində A. Paşazadə maraqlı məqamı açıqlamışdı: “Zərifə xanımın dəfnində mən və Kamil Əliyev “Yasin”oxuyurduq. Dəfndə SSRİ DTK-nın sədri də iştirak edirdi. O, mərasimdə bizim yüksək səslə “Yasin” oxuduğumuzu görüb tərs-tərs baxırdı. Yaxınlaşıb nə isə demək, “Yasin” oxumağımıza maneəçilik törətmək istədi. Rəhmətlik Heydər Əliyev buna imkan vermədi. Əlinin sərt hərəkəti ilə ona geri qayıtmaq işarəsi verdi, dedi ki, işin olmasın, qoy “Yasin” oxusunlar.  SSRİ DTK-nın sədrinə belə bir söz demək mümkün deyildi. Hamı qorxardı. Onun sözünün qarşısında söz deyilə bilməzdi. Ancaq Heydər Əliyev qorxmazlığını hər məqamda göstərirdi. İnam buna deyərlər. Heydər Əliyevin dinə, islama inamı bu qədər güclü idi”.
“Vətənə qayıtdıqdan sonra ömür-gün yoldaşının Bakıda müsəlman dininin qaydalarına uyğun dəfn edilməsi yönündə səylərini, bir din xadimi kimi mənimlə məsləhətləşmələrini xatırlayıram”. -deyə A.Paşazadə vurğulamışdı.
QMİ sədrinin dediyinə görə, ən maraqlı məqamlardan biri Azərbaycan Prezidentinin andiçmə mərasimində Ana Qanun olan Konstitusiyamızla yanaşı, müqəddəs Kitabımız Qurani-Kərimin yanaşı, qoyulması oldu: “Bu ənənənin də əsasını qoyan Heydər Əliyev oldu. O zaman – 1993-cü ildə mən çətinliklə əldə etdiyim və uzun illər boyunca qoruyub saxladığım, vaxtilə Nadir şaha məxsus olmuş nəfis Quran kitabını məhz təntənəli andiçmə mərasimi üçün təqdim etdim.  Prezidentin həmin gün öpüb and içdiyi həmin Quran kitabı uzun illər boyu Heydər Əliyevin iş otağında oldu, hal-hazırda da dövlətçilik tarixi muzeyində dəyərli eksponat olaraq qorunub saxlanılır”. 
QMİ sədri Heydər Əliyevlə dəfələrlə xarici ölkələrdə səfərdə olduğunu xatırladaraq İstər İslam Konfransı Təşkilatı xəttilə keçirilən tədbirlərdə, istər beynəlxalq konfrans və zirvə görüşlərində, istərsə də rəsmi nümayəndə heyəti tərkibində etdiyim səfərlər zamanı, yol boyunca hər dəfə Heydər Əliyevin yeni, maraqlı cəhətlərini özü üçün kəşf etdiyini demişdi. 
QMİ sədri müsahibələrinin birində qeyd edib ki, onun həyatı boyu yaddaşından silinməyəcək xatirəsi Heydər Əliyevin Məkkə ziyarəti ilə bağlı olub: “Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin içində Azərbaycan Prezidenti  Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, yaşayışımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı. O, bu müqəddəs səfəri ömrü boyu arzuladığını dilə gətirmişdi”.
Prezident İlham Əliyev də ötən il Şeyx Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə keçirdiyi iftar mərasimində bu dostluqdan danışmışdı: “Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdi. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır”.
QMİ sədri özü də etiraf edir: “Tam səmimiyyətlə deməliyəm ki, fəaliyyətimdə əldə etdiyim uğurlar, o cümlədən milli-mənəvi dəyərlərin bərqərarı və inkişafı, din-dövlət münasibətlərinin təkmilləşdirilməsə, dinlərarası əlaqələrin tolerantlıq müstəvisində gerçəkləşməsi sahəsində əldə etdiyimiz müsbət nəticələr bilavasitə Heydər Əliyevin ənənələri ilə bağlıdır”. 
Mərhum Heydər Əliyev 1994-cü ildə Mirmöhsüm Ağanın qəbrini ziyarət edərkən jurnalist in ona verdiyi “ürəyinizdə hansı niyyəti tutmusunuz?” sualına cavabı maraqlı olub: “Bir vaxtlar niyyətim o olub ki, Azərbaycan Respublikası müstəqil dövlət olsun, xalqımız azadlığa çıxsın, istiqlal əldə edilsin. Allaha Şükürlər olsun ki, biz artıq bu günlərə gəlib çıxmışıq. Xalqımız azaddır, özü öz taleyinin sahibidir, bundan sonra da azad olacaqdır. Mənə elə gəlir ki, bütün bunlar Vətənini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının niyyəti olub. Uzun illər dövlət işləri ilə və siyasi fəaliyyətlə məşğul olduğum üçün bu fikirlər bəlkə də mənə daha doğma, daha əziz olub. Niyyətimizə çatmışıq”.Heydər Əliyevə möhkəm hakimiyyət qurmağa və müstəqilliyin ilk illərində dövlətin mövcudluğu üçün hüquqi, siyasi və iqtisadi əsasları bərqərar etməyə müyəssər oldu.
Qismət belə gətirdi ki, Heydər Əliyevin nəşi məhz Təzəpir məscidindən islami qaydalara uyğun şəkildə qaldırıldı, Ər-Rəhman surəsinin sədaları altında dünyada hər şeydən artıq sevdiyi doğma Vətən torpağına tapşırıldı.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …