Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Heydər Əliyev bizim nəzərimizdə kimdir?

Heydər Əliyev bizim nəzərimizdə kimdir?

Heydər Əliyevi görən, izləyən, onun ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdığı dövrü yaşayan insanlar üçün bu şəxsiyyət haqda danışmaq yəqin ki, daha asandır düşünürdüm. Çünki 90-cı illərdə doğulan, Heydər Əliyev 2003-cü ildə dünyasını dəyişəndə heç yeniyetmə yaşına belə çatmayan, Heydər Əliyevi dərk etmə təfəkküründə olmayan bizim nəsil həqiqətləri, yaxın tariximizdə baş verənləri daha çox onların dilindən eşidirik, onların gözü ilə həmin dövrü və bu ağır illərdə Heydər Əliyevin etdiklərini “görməyə” çalışırıq. Ancaq nə qədər maraqlanırıqsa, hər dəfəsində o dövrü yaşayan insanların özü belə Heydər Əliyev şəxsiyyətini hələ indi-indi tam dolğunluğu ilə təsəvvür etdiklərini etiraf edirlər. Yəni hamı bilir ki, Azərbaycanı xilas edən, ölkəmizi parçalanmaqdan qoruyan, daxili çəkişmələrdən çıxardan, ordunu quran, meqalayihələrin əsasını qoyan Heydər Əliyevdir. Ancaq onun vəfatından yalnız illər keçdikcə, tarix köhnəldikcə və bəzi dəhşətli hadisələrin üstündən “məxfilik qrifi” götürüldükcə Heydər Əliyev dühası ortaya çıxır, bu şəxsiyyətin hansı ktirik anda, hansı gərginlikdə, hansı təzyiqlər, çətinliklər içərisində necə dahiyanə qərarlar verdiyi çılpaqlığı ilə ortaya qoyulur. Bu xatirələrdən birini rəhmətli Vəfa Quluzadənin dünyasını dəyişməzdən öncə son müsahibələrindən birində oxumuşduq. O vaxta qədər Azərbaycanda böyük əksəriyyətin “Əsrin Müqaviləsi” adlandırılan və Azərbaycan üçün həddən artıq qiymətli olan, müstəqilliyimizin qarantına çevrilən bu müqaviləyə yaradılan əngəlləri təsəvvür belə etmirdik. Heç kəs xatırlamaq belə istəmir ki, Elçibəy neft müqavilələrini imzalamağa hazırlaşanda ölkəmizdə dəhşətli qiyam baş vermişdi. Bəs, Heydər Əliyev necə nail oldu bu müqavilənin imzalanmasına?

V.Quluzadə danışırdı ki, Rusiya kəşfiyyatı neft müqavilələrinin hazır olmadığına tam əmin idi, Azərbaycan müqavilələri hazırlamağa başlayanda isə ölkədə böyük fəlakət yaşana bilərdi. Və Heydər Əliyev heç kəsə demədən neft şirkətləri ilə görüş hazırlığı tapşırır, ora bütün səfirlər, o cümlədən Rusiya səfiri də dəvət edilir və gözlənilmədən “sənəd” ortaya qoyulub, imzalanır. Vəfa Quluzadə deyirdi ki, əslində şirkətlər “boş müqaviləni” imzalamışdılar, müqavilə bağlandıqdan sonra detallar üstündə aylarla iş getdi. Ancaq bu rəsmi müqavilənin gözlənilmədən imzalanması Rusiya kəşfiyyatını şoka salmışdı, hətta tədbirdə iştirak edən Rusiya səfiri qanıqara halda Prezidentin müşavirinə yaxınlaşaraq, “Heydər Əliyev kəşfiyyatımızı ələ saldı” deməkdən belə çəkinməmişdi. Bu xatirəni oxuyanda Heydər Əliyevin hansı çətinliklər, risklər, həm də öz həyatı bahasına Azərbaycan üçün nələr etdiyini daha yaxşı dərk edir. Bunun ardınca baş verən qiyam, Surət Hüseynovun 4 oktyabr çevriliş cəhdi də təsadüf deyildi. Neft müqaviləsindən cəmi 14 gün sonra Rusiya kəşfiyyatı qisas almağa qərar vermişdi. Ancaq Surət Hüseynov Gəncədən Bakıya 400 km-lik yolu gələrkən bir iş görə bilməyənlər və qaçanlar gördü ki, prezident iqamətgahının “on addımlığında” olan Surət Hüseynov bu “on metrlik yolu” gəlincə artıq Heydər Əliyev bircə güllə atmadan, qardaş qırğını törətmədən qiyamı təkbaşına necə məhv etdi, Azərbaycanın düşmənlərini xalqı arxasına alaraq bircə günün içində yerində oturtdu. Bir də Prezidentin yanında olan daha bir yüksək çinli məmurun bir xatirəsi yada düşür. Rusiya hərbi texnikalarını, aviasiyasını ermənilərə verərək, bakı-Ceyhanın ehtimal edilən marşrut xəttini işğal etmək üçün Ermənistanı təhrik edir və həmin zaman Gəncə-Tərtər istiqamətində böyük hücum başlanır. Bu hücumun qarşısı hansı fədakarlıqla və necə alınır? Heydər Əliyev nələr edir?

Bu tarixi həqiqətlər həmin zaman çoxlarına bəlli deyildi, yalnız indilərdə bəziləri açılır, gün üzünə çıxır və yalnız bu halda hətta həmin dövrü yaşayanlar belə təəccüblənir. Yəni əslində Heydər Əliyev böyüklüyü ondan uzaqlaşdıqca açılacaq, xalqımızı Heydər Əliyevin fiziki varlığından uzaqlaşdıran illər əslində onu bizə daha da yaxınlaşdıracaq. Çünki daha hansı “məxfi qrifi” üstündən götürülən hadisələrin açılacağını və həmin kritik dönəmdə Heydər Əliyevin necə misilsiz siyasi qərarlar verdiyini bilmirik. Bunları bildikcə Heydər Əliyev zirvəsi bizim təsəvvürümüzdə daha aydınlığı ilə görünəcək. Xalq məsəlində deyildiyi kimi. uca dağdan uzaqlaşdıqca doğın möhtəşəmliyi daha aydın görünür. Heydər Əliyev də elədir – onun vəfatından illər keçdikcə Heydər Əliyevin böyüklüyü daha da aydınlaşır. Allah Azərbaycanın dahi oğlu Heydər Əliyevə rəhmət eləsin!

Həmçinin oxuyun

Cenevrə görüşü niyə təxirə salındı?

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini …