Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Heç kimin villasının uçotunu aparmıram…”

“Heç kimin villasının uçotunu aparmıram…”

Milli Məclisin Aqrar Siyasət Komitəsinin son iclasında torpaqların qanunsuz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi aparılıb.

Komitə sədri Eldar İbrahimov çıxışında qeyd edib ki, əvvəllər torpaqların zəbt olunmasına görə ən azı 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Sonralar isə bu məsələlər bir qədər yumşadılıb və bununla da qanunsuzluqlar, hərc-mərcliklər başlanıb, cəzasızlıq mühiti yaranıb, kimin ürəyi nə istəyib, onu da edib.

Ona görə də komitə sədri qanunvericilikdə belə bir sərtləşdirmənin nəzərdə tutulmasını vacib sayıb. E.İbrahimov deyib ki, Cinayət Məcəlləsinin 314-2-ci maddəsinə təklif olunan dəyişikliyə görə vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

E.İbrahimov onu da deyib ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Komitə sədrinin bunun ardınca dedikləri ictimai müzakirəyə səbəb olub.

“Axı hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirmənin nəzərdə tutulması çox vacib addımdır. Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır. O, çıxışında hətta, ”Dostluq” parkı deyilən ərazidə qanunsuz şəkildə villaların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldırılmalıdır.

Mən də cənab prezidentin dediklərinin tərəfdarıyam. Vəzifəli şəxsin icazəsi olmadan kim gedib torpaq zəbt edə, orada, ev, villa tikə bilər? Ancaq cənab prezidentin də dediyi kimi, kimdən soruşursan, deyir mənimki deyil, mənim xəbərim yoxdur… Axı necə xəbərin yoxdur, necə xəbərin olmaya bilər? Axı əslində hamı bilir ki, o villalar, o qanunsuz, hasarlanmış torpaqlar kimindir. Həmin villalar göydən gəlib yerə düşməyiblər ki?! Həmin villaların kimlərə məxsus olduğunu onların sahibləri də, elə o ətrafda yaşayan sadə insanlar da bilirlər. Amma onlar, qanunsuzluğa yol verənlər özlərini bilməməzliyə, görməməzliyə vururlar ki, bunların da qarşısı alınmalıdır” – deyə E.İbrahimov bildirib.

Bəzi mətbuat orqanları bu fikrə diqqət çəkərək deputatın hətta ölkə başçısının xəbərsiz olduğu villa sahiblərini tanıdığını deməklə prezidenti çətin vəziyyətdə qoyduğunu yazıb. “Yeni Müsavat” bunlarla əlaqədar Eldar İbrahimovla danışıb.

– Eldar bəy, torpaqların zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklər qanunsuz zəbtetmələri dayandıracaqmı? 

– Mən ona nə deyim? Biz qanun qəbul edənik. Qanunu qəbul edirik, ardınca icra strukturu bu qanunla necə işləyəcək, onlardan soruşmaq lazımdır. Mən nə deyə bilərəm?

– Bu arada Milli Məclisə qanunların icrasına nəzarət etmək üçün əlavə səlahiyyətlərin verilməsi barədə təşəbbüslər də səsləndi. Ehtiyac varmı?  

– Yox. Milli Məclisin heç bir əlavə səlahiyyətə ehtiyacı yoxdur.

– Mətbuatda sizin komitə iclasında dedikləriniz fərqli şəkildə şərh olunub. Qeyd edilib ki, prezident sökülən villaların sahiblərini tapa bilmədiyini desə də, Eldar İbrahimov “hamı bilir ki, o villalar kimindir” söyləyib…

– Eldar İbrahimov başqa nə deyir ki? Demişəm ki, hamı bilir, sadəcə olaraq, yalan danışırlar. Məgər o villaların yan-yörəsindəkilər, qonum-qonşular bilmirmi onların sahibi kimdir? Bunu demişəm də, burda nə var? Mən də konkret olaraq onların sahibinin kim olduğunu bilmirəm. Amma onu bilirəm ki, torpağı verən var, bələdiyyəsi var, nə bilim daha kimlər var… Məgər onlar bilmirlər kimə torpaq veriblər? Bunu hamısı bilir.

– Elə isə onlarda bu cürət hardandır ki, hətta ölkə başçısından da villa sahiblərini gizləyirlər? 

– Vallah, mən bir söz deyə bilmərəm. O işlərin içərisində yoxam. Amma sadəcə olaraq, özümün inamıma görə deyirəm ki, bir yerdə bir villa tikilibsə, onun qonum-qonşusu, torpağı ona verən, onun tikintisinə icazə verən var, necə ola bilər ki, heç kəsin xəbəri olmasın? Mən o məntiqi deyirəm.

– Mətbuatda gedən xəbərlərə görə, sökülənlər arasında Lerikin icra başçısına məxsus villa da var…

– Dəqiq bilmirəm ki, kiminki sökülüb, kiminki qalıb. Mənim bu məsələlərdən xəbərim yoxdur. Kiminsə villasının “uçot”unu aparmıram. Mənə nə dəxli var ki, kim tikib, kim sökür… Amma çox sağ ol ki, mənim fikirlərimi düzgün qəbul etdiniz. Sadəcə, inamımla deyirəm, o villalar göydən düşməyib ki? Camaatın gözü qarşısında tikilib. İndi o adamlar qeyri-səmimilik göstərir, demirlər, yaxud aldadırlar, onların öz işləridir.

– Hacıbala Abutalıbov özü də etiraf etdi ki, Bakıda nə baş verirsə, onun adına yazılır. Villaların icra hakimiyyətlərindən xəbərsiz, icazəsiz tikilməsi real görünürmü? 

– Nə bilim, deyirlər də.

– “Dostluq” parkında 42 villanın söküləcəyi deyilir…

– Düzü, bilmirəm, heç maraqlanmıram da. Allah heç kimin evini yıxmasın. Amma qanunsuz ev tikən adam bilməlidir ki, bir gün onun evi sökülə bilər. Mən kiminsə ayağına daş dəyməsinə razı olan adam olmamışam, razı da deyiləm. Amma kimsə qanunsuzluq edib, indi sökürlər,  mən nə deyə bilərəm? Mən qanun qəbul edənəm.

– İndiki maliyyə böhranı şəraitində həmin villalardan aidiyyəti üzrə istifadə etmək bəlkə daha normal olardı, nəinki sökmək, razısınızmı? 

– Bəlkə də olardı, əlbəttə. Ancaq deyə bilmərəm. Bu, icra strukturunun işidir, mən onların işinə müdaxilə etmirəm, edə də bilmərəm. O baxımdan ki, konstitusiya ilə mənim buna ixtiyarım da yoxdur. Konkret olaraq bizim icra strukturuna göstəriş verməyə ixtiyarımız yoxdur. Onların öz işləridir, ya kiməsə verərlər, ya sökərlər, dağıdarlar, biz nə deyə bilərik…

– Deputat həmkarlarınızdan biri təklif edib ki, tikinti sahəsində qanunsuzluqların qarşısını almaq, faciəvi hadisələrin baş verməsinə imkan verməmək üçün Tikinti Nazirliyi yaradılsın. Bu təşəbbüsü necə qarşılayırsınız?

– Sən də bilirsən, mən də, onsuz da nazirliklərimiz çoxdur. Elə olanlarımız bəsdir. İlin-günün bu vaxtında hər şey üçün durub nazirlik yaradacağıq?

– Elə isə Binəqədidəki faciənin başqa formada təkrarlanmaması üçün nə təklif edirsiniz? 

– Bunun üçün aidiyyəti nazirliklər var da. İşləri ilə məşğul olmalıdırlar.

– Sonuncu toplantıda ölkə başçısının sərt fikirləri oldu. Cəzalandırmalar daha yuxarı müstəviyə keçə bilərmi?

– Mən də ölkə başçısının dediyi sərt fikirləri dəstəkləyirəm, komitə iclasında da dedim. Tamamilə doğru deyir. Əlbəttə, istər deputat, istər məmur, istər sadə insan olsun, biz özümüz də hər şeyi fikirləşməliyik də. Cəzalandırmalara gəldikdə, müvafiq qurumların işidir. Bu barədə heç bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, kaş belə hadisə olmayaydı.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın