Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Heç kəs zəmanət verə bilməz ki, Ermənistan yenidən təcavüzkarlıq siyasəti ilə çıxış etməyəcək”

“Heç kəs zəmanət verə bilməz ki, Ermənistan yenidən təcavüzkarlıq siyasəti ilə çıxış etməyəcək”

“İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur”.

Bunu Prezident İlham Əliyev Qubadlı rayonuna səfəri zamanı etdiyi çıxışında deyib.

Dövlət başçısı deyib ki, bundan sonra da ordumuzun müasirləşdirilməsi, onun döyüş potensialı, peşəkarlığı daim diqqət mərkəzində olacaq: “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmayacaq. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.

Məlumat üçün qeyd edək ki, gələn il Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3 faizini və ya 3 milyard 954 milyon manat (2 milyard 326 milyon dollar) təşkil edəcək.

Bütün bu deyilənlərin fonunda, hərbi xərclərin artırılması ilə bağlı ölkə başçısının arqumentlərini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hərbi xərclərin artırılmasının tərəfdarı olduğunu bildirdi: “Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə çoxlu silah istifadə edildi. Azərbaycan 20 ildən çox idi ordunun gücünü artırırdı. Neft gəlirləri ölkəyə gələndən sonra müdafiə gücünün artırılmasına, müasir silahların alınmasına büdcədən daha çox vəsait yönəldildi. Bu da öz bəhrəsini verdi. Məlum olduğu kimi, sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin böyük bir hissəsi azad edildi. Ötən illər ərzində orduya göstərilən diqqət, yönəldilən vəsaitlər səmərəli nəticə verdi. Müharibədə alınan silahların bir hissəsinin istifadə edildiyini nəzərə alsaq, təbii ki, onların yeri doldurulmalıdır. Bu baxımdan hərbi və müdafiə xərclərinin artırılması zəruridir. Bununla yanaşı, Azərbaycan hər zaman müasir silahların alınmasına xüsusi önəm verməlidir. Bunu şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, Azərbaycan çox həssas bir geosiyasi məkanda yerləşir. Nəzərə almaq lazımdır ki, bir sıra böyük dövlətlərin Cənubi Qafqazda maraqları toqquşur. Eyni zamanda, heç kəs zəmanət verə bilməz ki, Ermənistan haçansa yenidən təcavüzkarlıq siyasəti ilə çıxış etməyəcək. Bütün bunlardan çıxış edərək müasir silahların alınması və bu minvalla ölkənin müdafiə qüdrətinin zamanın tələblərinə uyğun gücləndirilməsi vacibdir. O baxımdan hesab edirəm ki, Prezidentin sözügedən məsələdə ortaya qoyduğu mövqe tamamilə məntiqlidir”.

Ekspert hesab edir ki, ölkəmiz istənilən təhdidə hazır olmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …