Ana səhifə / Siyasət / Hakimiyyətdə islahatlara mane olan qüvvələr var

Hakimiyyətdə islahatlara mane olan qüvvələr var

Hakimiyyət 44 günlük ağır müharibə dövründə belə ölkədə hərtərəfli islahatları dayandırmadı və öz tempi ilə davam etdirdi. Bu, müxtəlif sektorları əhatə edirdi və iqtidar idarəçilikdə mobilliyi, çevikliyi artırmağı qarşısında bir hədəf qoyduğunu nümayiş etdirirdi.

Xüsusilə korrupsiyaya ilə mübarizə, məhkəmə islahatları və siyasi partiyalarla əməkdaşlığın yeni mərhələsi başladıldı, təqdir olunacaq addımlar atıldı. Postmüharibədə  yaranmış yeni reallıqlar bu dəyişiklikləri daha da dərinləşdirməyi zəruri edirdi. Cəmiyyətdən gələn sosial sifariş, siyasi palitrada olan mənzərə, hakim partiyanın vitrini bu yeniləmələrə bir çağırış idi.

Ona görə YAP-ın qurultayından sonra bu yeniləşmə hakim partiyanı da əhatə etdi, köhnə partnomenklatura ilə vidalaşdılar. Eyni zamanda iqtidaryönlü deputatlar, təhlilçilər tərəfindən Seçki Məcəlləsinin yenilənməsi, proporsional seçki sisteminin bərpasını gündəmə gətirdilər. Amma son olaraq, məsələn, YAP-ın siyahısından 70 yaşlı Məzahir Pənahovun Mərkəzi Seçki Komissiyasının yenidən sədr olması seçki islahatları ilə bağlı müxalifətdə sualları artırdı. Hakimiyyətin siyasi opponentlərində müəyyən bir məyusluq yaranmağa başladı ki, M.Pənahovun MSK sədri postunda saxlanması ilə deməli, seçki sistemində islahatlara getmək istəmirlər, ənənəvi metodlar qüvvəsində qalacaq. Digər sahələrdə olan dəyişikliklərin davamı olaraq MSK-da da yeniləşmə gözləntisi varıydı. Son olaraq Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu fakta, ümumiyyətlə, hakimiyyətin ölkədə yenilənmə əhval-ruhiyyəsinə diqqət çəkərək hələ də islahatlara qarşı qüvvələrin olduğuna işarə edib.

Özəlliklə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və komandasının hakimiyyətdə olduğu vaxt bu qüvvələr islahatlara qarşı qənim hesab edilirdi. Əgər onlar artıq idarəçilikdə yoxdurlarsa, bəs reformalara müqavimət göstərən güclər kimlərdir? Bu gedişatla islahatlar əyləcinin tormozuna basan hansısa qüvvələrin olduğu hiss olunmaqdadır. Görünür ki, ölkədə iqtisadi, siyasi islahatlara qarşı olanlar hələ də var. Bəs bütün sahələrdə belə qüvvələr varmı, onlar niyə müqavimət göstərirlər və nə qədər istəklərinə “nail” ola bilirlər?

Arzuxan Əlizadə - VHP

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, islahatların sürətlənməsində maraqlı olmayan qüvvələrin hakimiyyət daxilində yer aldıqları görünməkdədir. Onun fikrincə, 2019-cu ildə dövlət başçısı siyasi islahatların aparılacağına anons verməsinə, konkret addımlar atılmasına baxmayaraq, reformaların lazımi səviyyədə reallaşmadığını müşahidə etməkdəyik. AMİP sədri hesab edir ki, ayrı-ayrı fiqurları əvəzləmək islahatlar yolunda effektiv olmur, köklü sistem yeniləşmələrinə zərurət var.  “Biz seçki sistemi ilə bağlı təklifləri irəli sürmüşük. Hesab edirik ki, ən azı qarışıq – proporsional və majoritar sistem seçkilərdə tətbiq edilməlidir. Ümumilikdə ölkənin idarəetmə sistemində ciddi dəyişikliklər olmalıdır. Yəni təkcə gənc kadrları köhnələrlə əvəzləməklə korrupsiyanın kökünü kəsmək olmur. Məsələn, səkkiz icra başçısı eyni motivlə həbs olunub, yenə korrupsiya halları davam etməkdədir. Və heç kəs qarantiya da vermir ki, yenə bu həbslər olmayacaq. Ona görə mexanizm dəyişmədikcə bu cür neqativ hallar olacaq”, – deyə A.Əlizadə qeyd etdi.

AMİP sədrinin sözlərinə görə, köklü islahatlar üçün mərkəzi icra strukturları dəyişməlidir, bələdiyyələrin formalaşması ilə bağlı real addımlar atılmalıdır, özünüidarəetmədə xalqın səs verdiyi şəxslər təmsil olunmalıdır: “Eyni zamanda idarəetməyə ictimai nəzarət güclənməlidir, medianın, QHT və siyasi partiyaların nəzarət imkanları genişlənməlidir. Mərkəzi icra strukturlarında ciddi dəyişikliklərə gedilməlidir. Ona görə siyasi iradə qoyulur, addımlar atılır, amma görürsən ki, yetərli deyil. Xüsusən müharibədən sonra islahatlar istiqamətində tormozlanma var və onun sürətlənməsinə mane olan qüvvələrin gücü hiss edilməkdədir”.

Cümşüd Nuriyev cəbhədə döyüşən qadınları əxlaqsız adlandırdı - VİDEO -  Unikal.org

Cümşüd Nuriyev

Politoloq, YAP üzvü olan sabiq deputat Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, islahatların ləng getməsinin elmi izahı var: “İngilislər buna ”piqul nəzəriyyəsi” deyirlər. Yəni dövlət qulluğunda çalışanlar öz nəfsinə hakim kəsilmirsə, dövlətə fayda vermədən mənfəət görürsə, cəmiyyətin parazitləri adlanırdılar. Bu nəzəriyyə Azərbaycanda özünü doğruldur. Dövlət qulluğundakılar masaya özəl şirkətin kürsüsü kimi baxırlar. Sovet vaxtı rüşvəti 50-55 yaşdan yuxarı məmurlar alırdısa, bizdə rüşvətin yaşı cavanlaşıb. Çünki ölkədən kənarda təhsil alanlar da gəlib rüşvətə qurşanıblar”.  C.Nuriyev hesab edir ki, nazirlərin, məmurların çoxunun uşaqları xaricdə təhsil alırlar: “Onlar Qərbdəki lüks yaşayışa öyrəşir, valideyn göndərdiyi pulla yaşamağa alışır deyə qayıdandan sonra həmin pulu istəyirlər. Ona görə həbs edilənlər cavanlardır, 30-35 yaşda olanlar rüşvətə almağa başlayıblar. Bundan əlavə, yeni klançılıq yaradırlar, hansısa nazirlikdə xalaoğlular, əmioğlular işləyirlər. Ümumiyyətlə, vəzifə təyinatlarında biabırçılıqdır. Bacanaqlar, kürəkənlər, yeznələr… Qalanları adam deyil? Baxın, ölkədə 8 icra başçısı tutulub, Prezident onların heç də hamısını tanımır. Bazarda dollar alverçisi, restoranda tamada qalmayıb, onların vəzifələrə təqdimatını verən şöbələr var. Əvvəl Ramiz Mehdiyevin kadrları idi, indi Zeynal Nağdəliyev bu təzələrin təqdimatını verəndə niyə baxmır?”

C.Nuriyev hesab edir ki, birinci surətdə təcili struktur islahatları aparılmalıdır: “Məsələn, səhiyyədə üç qurum var – Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi… Digər qurumlar da o vəziyyətdədir. Bundan başqa, sahibkarın boğazından o qədər asılırlar ki, batmaq üzrə olur. Bu şəkildə olmaz. Bir qurum yaradıcılıqla, digəri dağıdıcılıqla məşğul olur. İnsanları cərimələməklə idarə etmək konsepsiyasından imtina etməliyik, əhalidə gərginlik yaranır. Ölkənin 10 nazirliyi qalmalıdır, 37 dövlət qurumu nəyə lazımdır? Bir neçə komitə saxlanmaqla qalanları birləşdirilməlidir. Ən azı Türkiyə nümunəsinə baxmaq lazımdır. Mən üzvü olduğum partiyadan bu qədər həbslərin olmasına görə utanıram. Yeni qurultaydan sonra bəlkə yeniləşmə olar. Adamlara görə yaradılan strukturlar aradan götürülməlidir. Aqrar, təhsil, tibb və digər sahələrdə strukturlar birləşdirilməlidir. Eləcə də seçki sistemi dəyişməlidir. Ölkədə bu qədər partiya var, onlar bloklaşmalıdır. Məzahir Pənahovun yerinə kimi qoysan, eyni işi görəcək, odur ki, sistem dəyişməlidir. Azərbaycanda ASAN Xidmət modeli var, bu yolla getməliyik”.

Həmçinin oxuyun

“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi — Deputat

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə …