Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Siyasət / Hafiz Hacıyevin müavinindən SƏRT SÖZLƏR

Hafiz Hacıyevin müavinindən SƏRT SÖZLƏR

“Zamanla siyasi mühitimiz söyüşdən və söyüşçülərdən təmizlənəcək. Söyüşü, təhqiri siyasi mübarizə vasitəsinə çevirənlər nəhayət zəif düşüncələrinin, yaxud “əməklərinin” müqabilində əldə etdikləri var-dövlətin eyforiyasından oyanacaqlar. Çətin oyananları isə bizlər sağlam siyasi mübarizəmizlə məcbur da olsa oyadacağıq”.
Versus.Az xəbər verir ki, bunu azərbaycanlı söyüş blogerlərin beynəlxalq axtarışa verilməsiylə bağlı məsələyə açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.
Könül İsmayılova qeyd edib ki, az öncə hərəsi bir xarici ölkəyə sığınıb yaratdığı “youtube” kanalında Azərbaycan dövlətinə, dövlətin atributu olan Prezidentə və onun ailəsinə tərbiyəsizcəsinə şər-böhtan yayırdılarsa, artıq demək olar ki, qismən də olsa qınlarına çəkiliblər:
“Bu ünsürlər öz çirkin əqidələri ilə siyasəti də eybəcərləşdirirlər. Azərbaycan siyasətini söyüş siyasətinə çevirirlər. Guya öz məssəblərincə siyasətlə məşğuldular və mübarizə aparırlar. Onlar söyüşlə siyasəti uzlaşdırmağa çalışırlar və elə zənn edirlər ki, buna nail olurlar. Amma özləri də yaxşı bilirlər ki, Azərbaycanı, onun dövlətçiliyini sevən hər bir vətəndaşımız düzü əyridən asanlıqla seçə bilir”.
Könül xanımın sözlərinə görə, ictimaiyyətə özlərini “tənqidçi bloqer” kimi sırıyan bu “söyüş makinaları” artıq fərqindədilər ki, xaricdə və daxildə olan himayədarları ifşa olunur və cəzaları ağır olacaq:
“Söyüşçülərin Azərbaycan hökuməti tərəfindən İnterpol xətti ilə axtarışa verilməsi “blogerəm” deyib ağzının üfunətini aləmə saçan bu “blogerlər” “quyruğu” qapı arasında qalan sahiblərindən əllərini üzmüş durumdadılar. Onların ağalarıisə öz canlarının hayındadılar. Son proseslər onu göstərir ki, sular durulduqca, dibindəki çirkablar aydın görünür”.
MMP olaraq söyüş blogerlərinin beynəlxalq axtarışa verilməsini vaxtında verilən qərar kimi qiymətləndirdiklərini deyən K.İsmayılova qətiyyətlə bildirdi ki, siyasi mühit söyüşdən və söyüşçülərdən təmizlənməlidir:
“Sağlam siyasi partiyalar olaraq birləşib, siyasəti sivilləşdirməliyik. Siyasətə söyüşçülər yox, sağlam təfəkkürə malik, etik çərçivələri gözləyən, sivil münasibətlərə üstünlük verən savadlı insanlar gəlməlidir. Öz hüquqlarını qorumaq və demokratiya uğrunda mübarizə aparmaq istəyən hər kəs bunu sivil yolla etməli, qanunlar çərçivəsində mübarizə aparmalıdır. Partiyamızın sədri Hafiz Hacıyev öz komandasını məhz bu amala yönləndirir və daim cənab Prezidentimizə dəstək mövqeyini tutur”.

Həmçinin oxuyun

Parlament niyə siyasi meydana çevrilmir?

Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə …