Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev müxalifət liderləri üçün ev istədi – reaksiyalar

Hafiz Hacıyev müxalifət liderləri üçün ev istədi – reaksiyalar

Müxalifət nümayəndələri isə hesab edir ki, hökumət mənzilə ehtiyacı olan vətəndaşları evlə təmin etməlidir

Jurnalistlər üçün tikilən ikinci binanın açılışının olması və media nümayəndələrinin evlə təmin edilməsi ictimaiyyətin gündəminə çevrilib. Ev alan jurnalistlər sosial şəbəkələrdə prezidentə təşəkkürlərini bildirib, dövlət tərəfindən atılan bu addımı müsbət qarşıladılar.

Jurnalistlərin bu kimi müzakirələrinə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də qoşulub və o da özü üçün ev istəyib. Belə ki, H. Hacıyev moderator.az saytına açıqlamasında bildirib ki, belə bir təşəbbüs partiya rəhbərləri üçün də olmalıdır: “Mən hazırda kirayələrdə qalıram. Mən dövlətçilik, qardaşım İlham Əliyevin yoldunda hər şeyimi qurban vermiş adamam. Ev nədir ki, bunun yanında? Amma kirayələrdə qalmaq da yaxşı hal deyil, mən də istəyirəm ki, nəvələrimin yanında başı uca olum. Sözün doğrusu, evlə bağlı bir neçə şəxsə ağız da açmışam, amma nəticəsi olmayıb. Mübarizə adamları olan Rəsulzadə və Elçibəyin də evləri olmayıb, biz də elə insanlardanıq. Məhrumiyyətlər içərisində yaşayırıq, bir tikə çörək tapanda yeyirik, tapmayanda sakit durub dövlətçiliyimiz üçün xidmətimizi davam etdiririk. Amma rüşvətxor, korrupsioner məmurlar ayda 1 villa almasalar dövlətçiliyə qarşı bütün təxribatlara əl atırlar. Çox təəssüf ki, ölkədə mənim kimi şəxslərə qiymət verilmir hələ də. Amma heç eybi olmaz, heç bir haqsızlıq məni tutduğum yoldan döndərməyəcək” deyə, H. Hacıyev bildirib.

Hafiz Hacıyevin bu cür təklifinə müxalifət nümayəndələri də öz fikirlərini bildiriblər.

AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bu təklifi ironiya hesab edib:

“Ev verilməsi məsələsi son zamanlar jurnalistlər üçün bina tikildiyi üçün daha da aktuallaşıb. Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmır. Təbii ki, həmin evi, hədiyyəni aldıqdan sonra jurnalist və ya digər şəxs öz peşəsinə xəyanət etməməli, obyektivliyini, tərəfsizliyini qorumalıdır. Müxalifətçilərə ev verilməsi söhbəti isə məncə, artıq məsələnin ironiyalaşdırılması, müxalifətin gözdən salınmasıdır. Düşünmürəm ki, müxalifət nümayəndələrinə ev verilməlidir. Çünki müxalifət birbaşa olaraq opponentdir və işi konkret olaraq hakimiyyətə gəlmək üçün yollar axtarmaq, dövlətin, millətin mənafeyinə xidmət etməkdir. Odur ki, müxalifətə bu və ya digər formada verilən hansısa güzəştlər birmənalı qarşılana bilməz və qarşılanmayacaq. Ona görə də bu cür avantürist fikirlərin əleyhinəyəm. Ev əvəzinə müxalifətin normal fəaliyyət göstərməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş halların həyata keçirilməsinə şərait yaradılsa daha yaxşı olaraq. Hafiz Hacıyevin təklifini ciddi qəbul etmirəm”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, müxalifət liderlərinə ev verilməsi asılılıq yarada bilər:“Bu təklifi edən yanlışa yol verir. Azərbaycan müxalifəti hakimiyyətin potensial tənqidçisidir, şəxsən mən öz adımdan ev almaram. Ola bilər kimsə gizlin və ya başqa formada hakimiyyətə qulluq edir. Ancaq nə mənim, nə də bizim partiyanın hakimiyyət təmsilçiləri ilə heç bir formada əlaqəmiz, təmasımız mövcud deyil. Hesab edirəm ki, jurnalistlərə ev verilməsini normal qiymətləndirmək lazımdır. Mənzillər dövlət büdcəsindən maliyyələşdirilib, dövlətin pulu ilə verilib. Ona görə də jurnalistlər də hakimiyyət qarşısında heç bir mənəvi öhdəliyə malik olmamalıdırlar. Mənzillərin verilməsi bizim birbaşa olaraq siyasi rəqibimizin qərarı ilə ola bilər. Bu baxımdan, partiya sədri olaraq hakimiyyətdən maddi dəyəri olan nəyisə qəbul etmək yanlışdır”.

ADP sədrinin müavini Həsrət Rüstəmov isə hesab edir ki, bütün vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunmalıdır: “Söylənən təklifdə məntiq yoxdur. Əslində ev təkcə jurnalistə, həkimə, müəllimə deyil, bütün Azərbaycan vətəndaşlarına verilməlidir. Ümumi yanaşarsaq, hökumət çalışmalıdır ki, mənzilə ehtiyacı olan Azərbaycan vətəndaşlarının hər birinin evi olsun. Təbii ki, bu məsələdə ayrı-ayrı kateqoriyaları da nəzərə almaq olar. Məsələn, hərbiçiləri, həkimləri, jurnalistləri nəzərə almaq olar ki, onlar daha tez mənzil əldə etsinlər. Müxalifətçilərə ev verilməsi isə bəlkə də ironik deyilmiş, çox qeyri-ciddi bir təklifdir. Birincisi, müxalifət bunu qəbul etməz, ikincisi də hökumət də heç müxalifətə ev verməz. Yaxşı olar ki, ipoteka şərtləri yumşaldılsın, Azərbaycanın milli gəlirlərindən bir hissəsi insanların məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunsun. Bunun üçün hökumətə xeyli sayda təkliflər də edilib. Ancaq hələ ki həyata keçirilməyib. Jurnalistlərin mənzil alması məsələsi müsbət haldır. O mənada ki, bu, onların gələcək fəaliyyətlərinə təsir göstərməyəcək. Yəni jurnalistlər bu mənzilləri hökumətin deyil, dövlətin verdiyi hədiyyə kimi qəbul etsinlər, lazım gəldikdə hakimiyyəti tənqid etməkdən də çəkinməsinlər”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da “Yeni Müsavat”a məsələ ilə bağlı münasibətini bildirib:

“Media hər zaman Azərbaycanın siyasətində ictimai rəyi formalaşdıran bir sahədir. Ona görə də evsiz jurnalistlərə ev verilməsini təqdir etmək lazımdır. Ümumiyyətlə, təkcə jurnalistlər deyil, bir Azərbaycan vətəndaşının evi yoxdursa, o mütləq evlə, işlə təmin olunmalıdır. Lakin statuslara bölmək lazım deyil ki, bu, filankəsdir və mütləq evi olmalıdır. Bu cür yanaşmanı doğru hesab etmirəm. Hələ sovet dönəmində gənc mütəxəssislər, alimlər və digər peşə sahiblərinə evlər verilərdi. Müxalifətə ayrıca ev verilməsi məsələsi də bir qədər nağılvaridir. Verilirsə, verilsin də. Ölkədə 56 siyasi partiya var və hər bir partiyanın da 10 minlərlə üzvü varsa, onların hamısına ev verilməlidir? Bu məsələlərə qeyri-ciddi baxıram”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın