Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Siyasət / Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”…

Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”…

Bakının sabiq meri Hacıbala Abutalıbovun uzun müddət üz-araya çıxmadığı, gözə görünmədiyi halda, bir neçə gün əvvəl mətbuata geniş və belə demək mümkünsə, səmimi müsahibə verməsi ciddi şübhələrə yol açmışdı.

Həmin vaxt da qeyd olunurdu ki, belə müsahibələr təsadüfən verilmir və adətən nəyəsə hesablanır. 

Əslində, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbovun da olması, həmçinin onun adının yeni yaradılan Veteranlar Şurasına salınmaması sabiq mer üçün həyacan siqnalı idi.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “məşhər ayağına” çəkilməsi Abutalıbovu da narahat etməyə bilməzdi. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibə təsadüfi deyildi.

Həmin müsahibədə hakimiyyətə bir çox mesajlar verilir, Abutalıbovun sadə, mütəvazi həyat sürdüyü, oğlanlarınınsa elə bir böyük biznesinin olmadığı, sadəcə “başlarını aşağı salıb çörək qazandığı” görüntüsü yaradılırdı.

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına dair rəsmi məlumat yayılandan sonra Abutalıbovun sözügedən müsahibəsinin təsadüfi olmadığı təsdiqləndi.

Necə deyərlər, “xoruzun quyruğu göründü”. Belə ki, Rasim Quliyev məhz Hacıbala Abutalıbovun istəyi və əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib. Yəni bu şəxsin Abutalıbovun adamı olduğu şübhə doğurmur.

İndi isə sabiq merin “sağ əli” olan bu şəxsin cinayət işində Abutalıbovun adının ən başda keçəcəyi şübhəsizdir. Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.

Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək, çünki belə vəzifələrdə oturanlar adətən “kassir” rolunu oynayır və heç nəyi “şefin”, yəni bu halda Abutalıbovun xəbəri olmadan edə bilməz.

İndi istintaqın gedişini gözləmək qalır. Görək, hər kəsin bildiyi və gördüyü korrupsiya cinayətləri obyektiv araşdırılaraq üzə çıxarılacaq, yoxsa iş elə Rasim Quliyev səviyyəsindəcə bağlanacaqmı? (Azpolitika)

Həmçinin oxuyun

Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”

“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”. Bu sözlər Ermənistanın baş naziri …