Ana səhifə / Siyasət / Hacı Məmmədovun ərizəsi Ali Məhkəməyə daxil oldu

Hacı Məmmədovun ərizəsi Ali Məhkəməyə daxil oldu

“Qara Kəmər” yenidən araşdırlacaq; həbsdəki generalın yaxınları prezidentə müraciət etdi
Ömürlük həbs cəzası almış Hacı Məmmədovun ərizəsi Ali Məhkəməyə daxil olub. Yaxın günlərdə ərizə üzrə araşdırmaların başlanacağı gözlənilir. Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün Ali Məhkəmənin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ilə əlaqə saxladıq. Şöbədən məlumatı təsdiqlədilər. Öyrəndik ki, Ali Məhkəmə sədri Ramiz Rzayevin dərkənarından sonra ərizə üzrə araşdırmalar başlanacaq.

Araşdırmanın hansı qaydada aparılmalı olduğunu öyrənmək üçün “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışa müraciət etdik. M.Baxış bildirdi ki, H.Məmmədovun ərizəsinin araşdırılması üçün Ali Məhkəmənin Plenumuna təqdimat verilə bilər: “Cinayət Prosessual Məcəllənin 464.1 maddəsinə əsasən yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqda ərizə vermək hüququna kasasiya şikayəti, kasasiya protesti və ya təqdimat vermək hüququ olan şəxslər malikdirlər. Hacı Məmmədovun ərizəsi Ali Məhkəməyə daxil olubsa, Ali Məhkəmə sədrinin təqdimatı ilə Plenuma çıxarılacaq.

Ali Məhkəmənin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqda ərizəyə baxılmasını Ali Məhkəmənin hakimlərindən birinə tapşırmalıdır. Hakim həmin ərizə üzrə araşdırma aparıb müvafiq rəy hazırlamalıdır. Hakim ərizəni baxılmamış saxlamaq hüququna malikdir. Və ya ərizədə göstərilənlər hökm və ya qərarda göstərilənləri şübhə altına alırsa, ərizə üzrə yeni icraat açılması haqda qərar verə bilər. Hakim ərizə üzrə araşdırma apararkən prokurora müvafiq göstərişlər verə, yeni hal üzrə araşdırmaların aparılmasını tapşıra bilər. Yeni açılmış hal üzrə hakim müvafiq xüsusi araşdırmalar aparır və nəticədə rəy tərtib edərək Ali Məhkəmə sədrinə təqdim edir. Bundan sonra sədr məsələni müvafiq qərar verilməsi üçün Ali Məhkəmənin Plenumuna çıxarır”.

M.Baxış bildirdi ki, Ali Məhkəmə Plenumu Hacı Məmmədovla bağlı çıxarılan qərarları ləğv edə və təkrar araşdırma üçün işi digər instansiya məhkəmələrinə göndərə bilər: “Yeni açılmış hallarla bağlı Ali Məhkəmə Plenumu həmin işi ləğv edə və apelyasiya instansiyasına, hətta birinci instansiya məhkəməsinə qaytara bilər. Digər hallarda işin ibtidai istintaqa qaytarılması mümkün deyil”.

Hacı Məmmədovun bacısı: “Yenidən istintaq araşdırması olacaq”

Hacı Məmmədovun bacısı Arifə Məmmədova bir müddət əvvəl “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, qardaşını MTN-də son 10 il faktiki girov vəziyyətində saxlayıblar. A.Məmmədovanın sözlərindən aydın olub ki, Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb edir. Buna görə də ona yeni vəkil tutulub. A.Məmmədova “Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Yenidən istintaq araşdırması olacaq” – deyə bildirmişdi.

A.Məmmədova qardaşı ilə görüş zamanı etdikləri söhbətlərin mövzusunu da açıqlamışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər ”ofisalnı” olsun. Hər şeyi açıb deyəcək”.

A.Məmmədova qardaşının illərlə susmasının səbəbinə də aydınlıq gətirmişdi: “Necə desin? Ora yerdir? Özləri ”julik”in böyüyü idilər. Hər şeyi açıb deyəcəyik. İndi ona təzyiqi kim edəcək? 10 ildir ki, oradadır… Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək”.

Zakir Nəsirovun ailəsi prezidentə müraciət edib

Bu arada Hacı Məmmədovun sabiq rəisi, onun ifadəsi əsasında ömürlük həbsə məhkum edilmiş Zakir Nəsirovun ailə üzvləri prezidentə müraciət edib. Həbsdəki generalın yaxınları müraciətlərində qeyd ediblər ki, MTN-in keçmiş rəhbərliyinin qanunsuz əməllərindən ziyan çəkənlərdən biri də Zakir Nəsirovdur.

Z.Nəsirovun vəkili Adil İsmayılov “Yeni Müsavat”a deyib ki, hazırda MTN-in sabiq rəhbərliyinin qanunsuz əməlləri Baş Prokurorluqda xüsusi komissiya tərəfindən araşdırılır: “Həmin məlumatların bir qismi MTN olayları ilə bağlı istintaqı aparan orqana göndərilir. Elə müraciətlər də olur ki, onların təsdiqini tapmadığı barədə ərizə sahiblərinə cavab verilir. Zakir Nəsirovun ailə üzvlərinə hələ ki, heç bir məlumat verilməyib.

Vəkil “Azadlıq” qəzetinə açıqlamasında isə deyib ki, yeni açılmış hallara görə işə yenidən baxılması mümkündür: “Yeni açılmış hallarla əlaqədar müraciət həm təqsirləndirilən şəxslər tərəfindən ola bilərdi, həm də hüquq-mühafizə orqanları tərəfindən. Konkret olaraq, bu gün bizim – Zakir Nəsirovun və ya onun vəkili kimi, mənim yeni açılmış hal barədə məlumat verməyimiz mümkünsüzdür, çünki bizə məlum olanları istintaq zamanı və məhkəmə proseslərində demişdik. Hacı Məmmədovun nə isə deməsi barədə mətbuatdan oxuduqlarımızı məhkəməyə yeni açılmış hal kimi təqdim etməyi də real görmürəm. Qəzetə istinadən müraciət eləməyimiz bir qədər yersiz olardı. Amma Hacı Məmmədovun özünün əvvəllər müəyyən səbəblərdən yalan ifadə verməsi barədə Ali Məhkəməyə müraciət etməsi mümkündür. Mənim də eşitdiyimə görə, belə bir müraciət var”.

Vəkil müvəkkilinə həbsindən sonra olan təkliflər haqda da danışıb: “Zakir Nəsirov özü də məhkəmə prosesində deyirdi ki, ona o vaxt müxtəlif təkliflər olmuşdu. Məsələn, ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin. Zakir Nəsirov da demişdi ki, mən belə bir ifadə verə bilmərəm. Zakir Nəsirova belə bir ifadə vermək təklif olunmuşdu ki, guya, Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını Mərkəzi Bankın sədri sifariş verib. Zakir Nəsirov buna da getmədi. O, hər dəfə təkrar edirdi ki, mən olmayan bir şey barədə ifadə verməyəcəm. Hesab edirəm ki, Zakir Nəsirovun eləmədiyi cinayətə görə bu gün həbsdə saxlanmasının səbəbi də odur. Əgər vaxtında o təkliflərə razılıq versəydi, çox güman ki, bu gün həbsdə olmayacaqdı. Çünki hələ o vaxt ona deyilmişdi ki, bu ifadələri verməsən, sonda ömürlük həbs cəzası alacaqsan. Dediklərini də elədilər”.

Vəkil məhz Zakir Nəsirovun hədəf götürülməsinin səbəbini də açıqlayıb: “Hacı Məmmədov əməliyyat müvəkkili idi. Hacı Məmmədovdan sonra onun işlədiyi şöbənin rəisi Kamil Sədrəddinov həbs olundu. Bundan yuxarı artıq həmin şöbənin də daxil olduğu Baş Cinayət-Axtarış İdarəsinin rəisi gəlirdi – Zakir Nəsirov. Sonrakı mərhələlərdə də daha yuxarı – nazir müavinləri, nazir gəlir. Bu qaydada da gedirdilər. Amma Zakir Nəsirovda bu xətt dayandı. Zakir Nəsirov ondan tələb olunan ifadəni versəydi, davam edəcəkdi. Belə deyək, Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı qurulmuş oyunda özünü qurban verdi”.
A.İsmayılov deyib ki, Zakir Nəsirovun həbsində, onunla bağlı istintaqda iştirak etmiş şəxslər sırasında “MTN işi” üzrə həbs olunanları da var: “Zakir Nəsirovla danışıq aparan və onun işi üzrə istintaqda iştirak etmiş adamlardan həbs olunanlar var”.

A.İsmayılov Z.Nəsirovun tez bir zamanda azad edilməli olduğunu da söyləyib: “Çalışmaq lazımdır ki, Zakir Nəsirov tez bir zamanda azadlığa çıxmasına nail olaq. Bunu da dövlət orqanları eləməlidir. Ən azı, ona görə ki, dövlət qarşısında müəyyən xidmətləri olan adamdır. Üstəlik, yaşı da az deyil, 1947-ci il təvəllüdlüdür, bu gün-sabah 70 yaşı tamam olacaq”.

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı həbs olunublar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın