Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Hacı İbrahimi məhkəməyə verəcəyəm, məndə önəmli faktlar var” – Şikayətçi, FOTOLAR

“Hacı İbrahimi məhkəməyə verəcəyəm, məndə önəmli faktlar var” – Şikayətçi, FOTOLAR

Dəniz içərisində “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmli işçilərinə maaş verə bilmir. 7 aydır ki, maaşlarını ala bilməyən işçilər bir müddət öncə musavat.com-un redaksiyasına üz tutmuşdular.
“Xəzər adaları”nda çalışan sürücülər, fəhlələr, ustalar, bir sözlə 130 nəfərdən çox işçi maaşlarını ala bilmirlər. İşçilər öz halal zəhmətləri ilə qazandıqları pulları ala bilmədikləri üçün çətin duruma düşüblər. Şikayətçi işçilərin sözlərinə görə, mart ayından bu günə qədər hələ də maaşlarını ala bilməyiblər.
İşçilərin ilk şikayəti zamanı  “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmli ilə də əlaqə saxlamışdıq. O, söz vermişdi ki, növbəti həftənin cümə günü işçilərin maaşları ödəniləcək: “Hər şirkətin borcu var. Bu, normal bir şeydir. İşçilərə borcumuz var. Amma ödəyəcəyik. Gələn həftənin 5-ci günü onların maaşları ödəniləcək. Söz verirəm”.
Bu sözə inanan işçilər deyilən vaxtda yenə “Xəzər adaları”na üz tutublar. Orada işçilərlə kobud rəftar edilib. Üstəlik, maaşları deyildiyi kimi tam ödənilməyib. İşçilərin bəzilərinə 150 manat, bəzilərinə isə 50 manat pul verilib. Bu isə ödənilməli olan borcun 10 faizi belə, deyil.
Verilən sözə yenə əməl edilmədiyini görən şikayətçilərdən biri olan Rafət İbrahimov yenidən redaksiyamıza pənah gətirdi. R.İbrahimov deyir ki, 2 ildir “Xəzər adaları” layihəsində çalışır: “Baxmayaraq ki, kran operatoruyam, özüm ali təhsilli mühəndisəm. İki ildir ki, bu layihədə çalışıram. Yanvar ayına kimi maaşlarda heç bir problem yox idi. 5-10 gün geciksə də, alırdıq. Amma yanvardan sonra pullarımızı normal ala bilmədik. May ayından sonra isə ümumiyyətlə, maaş verilmədi. Hacı İbrahim saxlanılanda bildik ki, vəziyyət pisləşib. Amma deyirdilər ki, “Hacı həbsdən çıxacaq və pullarınızı verəcək”. Lakin elə olmadı”.

“500 manatı al, bir də şikayət etmə…”

R.İbrahimovun sözlərinə görə, “Xəzər adaları” layihəsində iki mindən çox fəhlə müqavilə olmadan işləyib: “Mən ilk dəfə burada işə başlayanda əmək müqaviləsinə imza atmışam. Amma sonradan anladım ki, bunlar bu müqavilələri rəsmiləşdirməyəcəklər. Bu yolla da vergidən yayınacaqlar. Ona görə də, orada işlədiyim hər gün qeydlər aparmışam. Bütün qəbzləri, sənədləri topladım. Çünki bunlar sonra mənim orada işlədiyimi dana bilərdilər. Hansı ki, indiki zamanda bizim statusda olan bəzi işçilərə deyiblər ki, “Sizə heç bir borcumuz yoxdur. Siz bizim işçimiz deyilsiniz”. Bunlar bu yolla həm vergidən yayınırlar, həm də işçilərə maaş verməkdən boyun qaçırırlar. Əmək Müfəttişliyi bu məsələni ciddi nəzarətə götürməlidir. Biz onlara da müraciət etmişik”.

”Mən YAP-ın üzvüyəm. Partiyamdan yardım istədim, amma kömək etmədilər”

Şikayətçi deyir ki, məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciət də edilib: “Hətta bizdə dəqiq məlumat var ki, “Avesta” şirkətinin nümayəndəsi olan Ələsgər müəllimin bacısı oğlu Əmək Müfəttişliyində işləyir. Bu layihə ilə bağlı edilən şikayətlərə özü baxır və hər birini qeydə almadan, məhv edir. İmkan vermir ki, şikayət lazımı şəxslərə çatdırılsın.
Mənim yeganə tələbim halal pulumdur. Şirkətin mənə 2503 manat borcu var. Onu ödəsinlər, başqa heç nə istəmirəm. Bu gün Hacı İbrahimin həyat yoldaşı Validə xanımla görüşdüm. O, mənə 500 manat təklif etdi. Dedi ki, “500 manatı al, bir də şikayət etmə…” Mən də razılaşmadım. Bunlar baxırlar, kim daha aktivdirsə, daha çox şikayət edirsə, ona pul verib, susdurmaq istəyirlər”.
Haqqını tələb edən Rafət İbrahimov şirkəti məhkəməyə verməyə hazırlaşır: “Mən YAP-ın üzvüyəm. Partiyama üz tutdum, yardım istədim, amma kömək etmədilər. Onlardan sadəcə, dəstək istəyirdim. Heç olmasa, harasa zəng edib, məlumat verə bilərdilər. Lakin bunu da etmədilər. Hazırda məhkəməyə müraciət etməyə hazırlaşıram. O layihə ilə bağlı məndə maraqlı məlumatlar da var. Pulumu alana kimi dayanan deyiləm”.
Musavat.com

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın