Ana səhifə / Siyasət / “Habil Əliyev, İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev yuxarılara donos yazdı”

“Habil Əliyev, İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev yuxarılara donos yazdı”

Azərbaycan xalq musiqilərinin və muğamlarının tədqiqatçısı Firudin bəy Şuşinskinin “Azərbaycan musiqi xəzinəsi” adlı kitabı çapdan çıxıb. Kitabı araşdırmaçı Aslan Kənan tərtib edib. F. Şuşinksi Azərbaycan incəsənət tarixində ən çox təzyiqlərlə üzləşən şəxslərdən biri olub.  Həmin təzyiqlərin nədən ibarət olmasını Aslan Kənandan aldığımız müsahibədə görmək olar.
Aslan Kənan Moderator.az saytına verdiyi müsahibəsində hazırki bəzi xalq artistlərinin, eləcə də dünyasını dəyişən bəzi alimlərin F. Şuşinski ilə olan konfliktlərindən də söhbət açıb:
– Azərbaycan mədəniyyət, ədəbiyyat, maarifçilik tarixində araşdırılmayan şəxsiyyətlər çoxdu. Siz nəyə görə onların arasından məhz Firudin Şuşinskini seçdiniz?
– Tədqiqatlardan kənarda qalmış, əsərləri, araşdırmaları başqaları tərəfindən mənimsənilmiş, yaradıcılığı öyrənilməmiş şəxslər hər zaman diqqət mərkəzimdə olub. Firudin bəy də onlardan biridir. O, həyatının 30 ildən çoxunu Azərbaycan musiqisinin, muğamının tədqiqinə sərf edib. Elə buna görə də bəzi qüvvələr tərəfindən ömrü boyu təzyiqlərlə üzləşib. İlk dəfə 1962-ci ildə “Şuşa” kitabını yazandan sonra ermənilərin və “ermənibaşlar”ın təzyiqi ilə üz –üzə gəlib.
Kitab rus dilinə tərcümə edilənə qədər oxucular, tarixçilər tərəfindən təqdir olundu, əsərə yüksək qiymət verildi. Bu tarixi əsər artıq əl-əl gəzməyə başladı. “Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra müəllif kitabın bir nüsxəsini SSRİ Ali Soveti Rəyasət Heyətinin o vaxtkı sədri Mikoyana göndərir. Şuşinski şəxsən bu nadürüst dövlət xadimini tanıyırmış, həmçinin münasibətləri də pis deyilmiş. Əsəri oxuyandan sonra maskalanmış daşnakın müəllifə qarşı münasibəti kəskin dəyişir. Moskvada vəzifədə oturan bir qrup erməni başda Mikoyan olmaqla “Şuşa”ya görə respublikanın rəhbərliyindən Şuşinskinin cəzalanması üçün ciddi tədbir görülməsini tələb edir. Bunun müqabilində özümüzünkülərin təkidi ilə Şuşinskinin yazılarına qadağa qoyub, özünə də “xalq düşməni” adı verərək, məsələsini Mərkəzi Komitənin plenumuna çıxartmağa müvəffəq olurlar. Plenuma göndərilən məsələdə göstərilir ki, Firidun Şuşinski Androniki ifşa etməklə, guya millətlərarası ədavəti qızışdırır və ona görə də “Şuşa” kitabının bütün tirajı məhv edilməlidir. Plenumdan bir qədər sonra Fuad Əliyev, Oqtay Əfəndiyev. Məmmədəli Şərifli kimi tarixçilər mətbuat səhifələrində çıxış edərək Mikoyana xoş gəlsin deyə, “Şuşa” kitabını insafsızcasına “tənqid” atəşinə tutdular.
Əsəri müdafiə edənlər də var idi. Məsələn, Mahmud İsmayılov, İsmayıl Hüseynov, Əlövsət Əliyev, Cəmil Quliyev kimi alimlər onu müdafiə edirdirlər. Moskva Universitetinin professoru Əziz Şərif Qulam Məmmədliyə yazdığı məktubunda qeyd edirdi ki, araşdırmada müəyyən qədər qüsurlar ola bilər. Amma bu qüsurları sonradan düzəltmək mümkündü. Onu tənqid edənlər onun səviyyəsində bir araşdırma ortaya qoysunlar. Bununla da kitab böyük hay-küyə səbəb olur.
– Bəs sıravi ermənilər hansı məkrləri ilə yadda qaldı?
– O vaxt Firidun bəy yazırdı: “…Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi. O zaman mən ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basırdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər…
Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş “Kommunist” qəzetinə kimi bütün mətbuat əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdilər”.
Maraqlıdır ki, bu təhqirlər, hətta Livanın paytaxtı Beyrutdan da gəlirdi. Orada nəşr olunan “Hayastan” qəzeti də kitab müəllifi haqqında söyüş yazmaqla elə bil Ermənistanda yaşayan soydaşları ilə yarışa girmişdilər.
O, kitabdan sonra 3 ay Şuşaya gedə bilməyib. Ermənilər onu daşa basır, şantaj edir, evinin işığını kəsirmişlər. Evinin küçə qapısını, pəncərələrini sındırırmışlar. Çünki orada erməni məkrini, onların mənfur niyyətlərini, Andraniki tənqid etmişdi.
Müəllifin bu sətirləri yazmaqda məqsədi həmin ərəfələrdə Andronikin İrəvanda heykəlini qoymağa hazırlaşanlara etiraz etmək idi.
Ağrıdıcı haldır ki, Azərbaycan xalqının çörəyini yeyıb, tarixinə ləkə vuran, onu təhqir etməkdən həya etməyən nadürüst, dələduz  Zori Balayan “Ocaq” adlı iftira dolu kitabını nəşr etdirəndə, nədənsə bizim “ziyalılarımız” buna heç bir reaksiya vermədi, etirazlarını bildirənlər isə susduruldu. Bunun müqabilində də həmin erməni dələduzu Ermənistanın qəhrəmanı kimi təqdir olundu. Lakin simasızlıqda ad qazanmış türk dünyasının qatı düşmənləri, general Andronik, Dro, Nejde, və Tevanın quldur bandalarına qəzəbini gizlətməyən Firidun bəyə qarşı “səlib yürüşü” etmişdilər.
Şuşinski kitabda türk xalqının qatı düşməni, Andronikə kəskin şəkildə öz nifrətini bildirir, satqın hərəkətlərinə görə qulağının kəsildiyini də xatırladır. Bu səbəbdən də ona “Tayqulaq bandit”, “qulağı kəsik Andronik” deyildiyini də yazır.
– Bəs bu acınacaqlı durumdan Firidun Şuşinski necə çıxa bildi?
– Yaxşı ki, o zaman mərhum Heydər Əliyev məsələyə müdaxilə etdi və bu təzyiqlərin qarşısını aldı. O, özü də deyirdi ki, yadıma gəlir, o zaman “Şuşa” adında bir kitab çıxmışdı. Müəllifi Firudin Şuşinksi idi. Təəssüf ki, Bakıda da bir çox ziyalılar o kitaba qarşı çıxdı. Mənə o kitabı gətirdilər oxudum və xoşuma gəldi. Heydər Əliyev olmasa idi Firudin Şuşinksiyə təzyiqlər davam edəcəkdi. Onun aqibəti necə olacaqdı bu sual altında qalacaqdı.
– Ona qarşı olan təzyiqlərin ikinci dalğası nə zaman baş verdi?
– Şuşinskinin 1995-ci ildə “Musiqişünasın düşüncələri” adlı kitabı işıq üzü gördü. Orada bir çox xalq artistlərini, muğam ifaçılarını, tənqid etmişdi. O tənqidlərin bəziləri mətbuu orqanlarda ayrı-ayrılıqda işıq üzü görmüşdü. O zaman fərd olaraq tənqid olunan musiqiçilərin heç birinin Firudin bəyə qarşı etiraz etməyə cəsarəti çatmadı. Tədqiqatçı artıq xəstələnib yatağa düşdükdən sonra onlara cavab verə bilməyəcəyindən arxayın olaraq və qruplaşaraq ona qarşı kampaniyaya başladılar. Bunlara özünü “ədəbiyyatçı, şərqşünas, musiqişünas, jurnalist” sayan bir “alim” rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi şəxslərin arasında xalq artistlərindən Habil Əliyev, İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev və başqaları var idi. Onlar bu kitabın qarşısını almaq istəyirdilər. Odur ki, Firudinlə bağlı yuxarılara şikayət, donos yazdılar. Şuşinski ömürboyu istedadlı gənclərin qayğısına qalmış, onları həvəsləndirmək üçün haqlarında məqalələr yazıb, radioda aparıcısı olduğu verilişlərə dəvət etmişdi.
O, 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etdi, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirdi. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan, H.Əliyev tez bir zamanda şöhrət tapır. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə yaşıl işıq bərq vurdu.
Dövlət tədbirlərinə, qastrollara onu dəvət etməyə başladılar. Amma çox təəəssüf ki, bunların əvəzində Firudin bəy əks-reaksiya ilə qarşılaşdı. Ona qədər kamança əsasən ermənilərin əlində idi. Xalq artisti Şəfiqə Eyvazova kamança ilə efirə çıxanda Firudin bəyin gözlərindən yaş gəldi. Dedi, bu bəzi kişilərdən qeyrətli çıxdı. İndi rahatam ki, kamançamız xilas olur.
– Firudin bəy haqqında  birmənalı fikirlər səslənmirdi…
– Firudin Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı olanlar yeni bir üsula əl atdılar. Onu əsərlərində erməniləri “təbliğ” etməkdə günahlandırırdılar. Mənafeləri naminə məqamı gəldikdə ustalıqla bu simasızlardan istifadə etmiş və hal-hazırda da etməkdədirlər. Bununla da nəinki mədəniyyətimizə, incəsənətimizə, hətta adət-ənənələrmizə də hakim kəsildilər. Bu şərəfsizlər, xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, hökumət konsertlərimizi musiqiçilərimizlə birgə aparmaqla varlandılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edirdilər. Şəkillərini bizim korifey sənətkarlarlarımızla çəkdirməkdən qürur duyurdular. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər.
Unutmasınlar ki, respublikamızın televiziya ekranlarında hər hansı bir sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orada kamança, balaban çalan, ya da dəf vuran erməni olacaq. Bizim “Segah”, “Şur”,”Mahur”, “Uzun dərə”, “Tərəkəmə”, “Vağzalı” və digər oyun havalarını B.Məlikov, A.İoannisyan, S.Oqanezaşvili incə zövqlə və böyük məhəbbətlə çalıblar. Elə bir musiqi üçlüyü yoxdur ki, orada tarzən, ya kamançaçı, dəf vuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yoxdur ki, orada erməni millətindən olmasın. Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkilləri də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam edib. Hal-hazırda statiskaya görə Azərbaycanda 30 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Heç kəsə gizli deyil ki, keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, oynaşları bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamança çalanları, dəf, bəzən nağara vuranları müşayət edib. Bu da Firidun bəyin günahıdır? Toylara, məclislərə, dövlət tədbirlərinə azərbaycanlı sənətkarı siyahıdan silib, yerinə erməninin adını yazanda fikirləşdilərmi ki, hansı bir günahın sahibidirlər? Bəlkə bu da Firidun bəyin günahıdır? Vaxtilə ermənilərlə qucaqlaşıb şəkil çəkdirən sənətkarlar, keçmiş günlərini bir daha vərəqləsin. Kimin haqlı, kimin haqsız olduğunu özləri müəyyənləşdirsinlər. F. Şuşinskinin kölgəsini qılınclayanlar vaxtilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa, Firidun Şuşinski?
– Kitab haqqındakı məlumatda onun əsərlərinin mənimsənilməsinə də toxunmusunuz. Bu gün kimlər Şuşinskinin əsərlərinidən sui-istifadə edir?
– Bəli, çox təəssüfər oslun ki, Firudin bəy bu gün də bu haqsızlıqlarla üzləşir. Elə kitablar var ki, onun bəzi məqalələri bütünlüklə həmin kitaba salınır, heç adı da çəkilmir. Məsələn, Keçəçioğlu Məhəmməd, Sadıqcan haqqında məqalələri buna misal göstərmək olar. Bir-iki il bundan əvvəl Keçəçioğlu Məhəmməd haqqında məndən müsahibə almaq istəyirdilər. Dedim ki,  onun haqqında heç nə deyə bilmərəm, yalnız Firudinin kitabına baxandan sonra danışa bilərəm. Çünki onu və başqalarını Firidun bəydən başqa heç kim tədqiq etməyib. O, Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı haqqında iki fəsildən ibarət kitab yazmışdı. Dünyasını dəyişəndən sonra onun arxivində kitabın üçüncü fəslini də müəyyən etdim. Həmin fəsli kitaba əlavə edib, ona geniş ön söz yazdım. Sağ olsun ki, tədqiqatçının oğlu Məhəmməd Həsənov həmin kitabı “Şərq musiqisinin peyğəmbəri” və bir də Sadıqcan haqqında yazılmış olduğu “Azərbaycan tarının atası” adlı kitabları da öz vəsaiti hesabına nəşr etdirdi. Ondan cəmi 6 ay sonra “Şərq musiqininin peyğəmbəri” adlı başqa bir kitab işıq üzü gördü. Muğam teatrında da təqdimatı keçirildi. Həmin təqdimat mərasiminin aparıcısı da Opera və Balet teatrının baş rejissoru idi. Zalda da həmən “xalq artistləri” oturmuşdu. Mən axırda dözmədim, aparıcıya yaxınlaşıb dedim ki, axı Cabbar Qaryağdıoğlu haqqında ilk kitab yazan Firidun bəydir. Onun adı bir dəfə də olsun xatırlanmır. Cabbar Qaryağdıoğlunun övladı və nəvələri də orada olmasına baxmayaraq, məclisdə olan bəzi “hörmətli” qonaqların qorxusundan səslərini çıxartmadılar.
– Firudin bəy bəzi musiqiçilərlə, xanəndələrlə, sənətşünaslarla əsasən hansı səbəblərə görə razılaşmırdı?
– 1987-ci ildə Özbəkistanda musiqi festivalı keçirilirdi. Onların arasında musiqişünaslardan Ramiz Zöhrabov, Tahirə Məmmədova və başqaları da ora getmişdi. Gələndən sonra onların bəziləri məqalələrlə mətbuatda çıxış etdilər. Məqalələrdə yazırdılar ki, guya ermənilər də öra öz muğamlarını gətirmişdilər. Buna Firudin bəy əsəbiləşməsin nə etsin?! Axı ermənilərin heç vaxt muğamı olmayıb.
Xatırlayırsınızsa bir arada muğamımız unudulmaq üzrə idi. Heç kim bu barədə düşünmək istəmirdi. Televiziyaya, radioya dəvət olunanlar ağızlarına gələni “oxuyurdular”.
Bu ərəfədə Milli Məclisin üzvü, UNESCO və USESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın şəxsi müdaxiləsindən sonra muğam yenidən yüksəliş dövrünü yaşadı. Ulularımızdan bizə qalan bu ecazkar xəzinəni özümüzə qaytardı. Bu əsl fədakarlı idi. Buna görə nəinki muğamsevərlər, bütün xalq bu xanıma minnətdar olmalıdır. Bu sıçrayışdan sonra muğam “ifaçıları” hazırın naziri oldular. Bir-birinin ardınca orden-medallar, fəxri adlar, prezident təqaüdləri, evlər və sairə əldə etdilər. Bir sözlə hazırın naziri oldular.
 
– Deyəsən bu kitabın çapı çox çətinliklər başa gəldi…
-Bəli, bəziləri bu kitabın işıq üzü görməsinə imkan vermirdilər. Adlarını çəkdiyim “xalq artistləri”nin ürəyindən deyildi. Mən də ta ki, kitabı əlimə alınca bunu gizlətmək məcburiyətində qaldım. Çünki 13 min 600 tirajlı kitabı məhv edilməsinə nail olanlar 500 nüsxəyə də nail olardılar. Amma sağ olsunlar hörmətli Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev və Mədəniyyət naziri hörmətli Əbülfəs Qarayev. Onlar olmasa idi kitab çətin ki, çapdan çıxaydı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın