“Əlimizdəki məlumatlara əsasən, cənab sədrimizin (Kamal Kılıçdaroğlu) topladığı səs təxminən 49 faiz, cənab Ərdoğanın (Rəcəb Tayyib Ərdoğan) topladığı səs isə 45 faizdir. Dəqiq”.
Azinforum.az xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş ilə birgə verdiyi açıqlamada İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu deyib.
O bildirib ki, birazdan dəqiq rəqəmlərlə də açıqlama verəcəklər.
Qeyd edək ki, “Anadolu” agentliyinin yaydığı məlumatlara əsasən isə hazırki Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ilkin nəticələrə görə 49,86 faiz səslə öndədir.
Onu Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu 44,38 faiz səslə izləyir.
İndiyədək açılan seçki qutularının nəticələrinə görə, “Ata” alyansının namizədi Sinan Oğan 5,30 faiz, Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,46 faiz səs toplayıb.
Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabət əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçir.
