Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Həbsdəki generallar Eldar Mahmudovu ələ verir

Həbsdəki generallar Eldar Mahmudovu ələ verir

Sabiq nazirin barəsində ziddiyyətli xəbərlər var

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovla  bağlı ziddiyyətli xəbərlər yayılıb. Onun müalicə adı ilə ölkədən çıxması iddiası var. Digər bir mənbə isə onun sadəcə saxlanıldığı yerin dəyişdirildiyini bildirir.
Eldar Mahmudov oktyabrın 17-də tutduğu postdan uzaqlaşdırılandan sonra onun Badamdar qəsəbəsindəki imarətinə aparıldığı, sonradan isə MTN-in Bilgəhdəki sanatoriyasına yerləşdirildiyi haqda məlumatlar yayılmışdı. Ən son məlumatlara görə, E.Mahmudov oradan çıxarılıb və naməlum istiqamətə aparılıb. Tamamilə mümkündür ki, onu digər saxlama yerinə köçürüblər. 
MTN-in Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyevin həbsi istintaqı keçmiş nazir Eldar Mahmudovun həbsinə daha bir addım yaxınlaşdırıb.
 
İstintaqa yaxın mənbələrdən virtualaz.org saytına məlum olub ki, MTN işi üzrə araşdırmalar dərinləşdikcə, Eldar Mahmudova qarşı ittihamların irəli sürülməsi də qaçılmaz görünür. Xəbər verildiyi kimi, general Elçin Quliyev əvvəlcə vəzifəsindən azad edilərək MTN Akademiyasına müəllim göndərilmişdi. Belə təsəvvür yaranırdı ki, E.Quliyev həbs təhlükəsindən sovuşa bilib. Baxmayaraq ki, onun müavini, Mahmudov-Çovdarov bandasının “qvardiyaçısı” polkovnik İlqar Əliyev hələ oktyabr ayında, Eldar Mahmudovun qruplaşmasının zərərsizləşdirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin keçirdiyi xüsusi əməliyyatda həbs edilmişdi. Bir neçə gün əvvəl isə İ.Əliyev təcridxanada özünü asaraq intihar etdi. Və maraqlıdır ki, İ.Əliyevin həbsindən sonra istintaq gözlənilmədən E.Quliyevin barəsində həbs qərarı verdi. Belə görünür ki, bu qərarın verilməsində İ.Əliyevin istintaqa verdiyi ifadələrin rolu olub. MTN işi üzrə istintaq prosesi olduqca qapalı aparıldığından və mətbuata informasiya sızdırılması xeyli məhdudlaşdırıldığından təfərrüatlar barədə məlumat yoxdur. Bununla belə, istintaqa yaxın mənbələr deyirlər ki, həbs edilənlər bir qayda olaraq rəislərini “satırlar”…
Mənbələr ehtimal edir ki, bugünlərdə yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə almayan, nəticədə xüsusi xidmət orqanlarından kənarlaşdırılan keçmiş nazir müavini Hilal Əsədovun da həbsinə sanksiya vermək üçün istintaqda dəlillər toplanmaqdadır. Bəzi ehtimallara görə, həbsləri E.Mahmudovda yekunlaşdırmaq üçün ondan əvvəl H.Əsədovu da həbs edə bilərlər.
 
Ötən saylarımızdan birində MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovla Füzuli Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Almaz Haşımovanın əlaqələri haqda yazmışdıq. Aldığımız son məlumata görə, hazırda A.Haşımovanın fəaliyyəti çox ciddi şəkildə yoxlanır. Almaz Haşımovanın MTN-in Binəqədi rayon şöbəsində çalışan oğlunun da işdən çıxarıldığı bildirilir. 
 
Almaz Haşımova rayonun təhsil şöbəsinə Alı Aliyev Füzulinin icra başçısı təyin ediləndən sonra gətirilib. Almaz Haşımova qohumu, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovun sayəsində rayonda sahibkarların, vəzifəli və imkanlı şəxslərin telefon danışıqlarını dinləyə bilib.
Daha bir məlumatda deyilir ki, bu yay Almaz Haşımova Sübahir Qurbanovla birlikdə Soçidə istirahətdə olub.
Belə ki, Sübahir Qurbanov Soçiyə gedəndən bir neçə gün sonra Almaz Haşimova bacısı ilə ora gedib, bütün xərcləri isə Sübahir Qurbanov çəkib.
Qeyd edək ki, Almaz Haşımova mətbuata açıqlamasında Sübahir Qurbanovla qohum olmasını təsdiqləyib.
“MTN işi”nə görə rəisin oğlu akademiyadan qovulub
“MTN işi”nə görə ləğv olunmuş qurumun İmişli rayon şöbəsinin rəisi Azər Səlimov da dindirməyə cəlb edilib. A.Səlimovun adının İmişlidəki sahibkarların, vəzifəli və imkanlı şəxsləri gizli və qanunsuz dinlənilməsinə qarşıdığı bildirilir. Qeyd olunur ki, A.Səlimovun təzyiq və şantaj etdiyi adamlar arasında Azərbaycan Şəkər İstehsalat Birliyinin (İmişli Şəkər Zavodunun) rəhbəri Fərhad Tuğal da olub. Məlumatda o da bildirilir ki, Azər Səlimovun MTN-in Heydər Əliyev adına Akademiyasının 4-cü kursunda oxuyan oğlu Səlim Səlimov ordan qovulub. Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, Azər Səlimov oğlunu qeyri-qanunu yolla akademiyaya qəbul etdirə bilib.
“MTN işi” başladılan gündən bu yana qurumla bağlı xeyli məlumatlar ortaya çıxıb. Qanunsuz dinləmələr, sahibkarların qanunsuz həbsi, bəzi hallarda vəhşicəsinə döyülməsi, işgəncələrə məruz qoyulması, şəxsi həbsxanalarda saxlanılması, hətta MTN əməkdaşlarının intiharına yol açan hərəkətlərə yol verilməsi halları haqda müfəssəl, həqiqiliyi şübhə doğurmayan məlumatlar var.
 
E.Mahmudovun 10 il nazirliyi dövründə qurum əməkdaşları tərəfindən törədilən cinayətlərin sayı-hesabı itib. Bu cinayətlərin üzə çıxmasının qurumun adının dəyişdirilməsində böyük rol oynadığına şübhə yoxdur. 
Halbuki E.Mahmudov bu vəzifəyə təyin olunduqdan sonra qurumun həyata keçirdiyi “Qara kəmər” əməliyyatı MTN-in adının doğrultması istiqamətində yaddaqalan addımlardan biri olmuşdu. Həmin əməliyyatla 10 il fəaliyyətdə olan böyük bir cinayətkar banda ifşa olunmuşdu. Sonrakı 10 il ərzində baş verənlər isə qurumun adının dəyişdirilməsinə, faktiki isə ləğvinə gətirib çıxardı. Bu gün Eldar Mahmudovun nazirliyi dövründə MTN-də baş verənlərlə Hacı Məmmədovun bandasının fəaliyyətdə olduğu 10 illik müddət ərzində törədilən cinayətləri müqayisə etsək, Hacı Məmmədovun törətdikləri kölgədə qalmış olar.
Bu baxımdan da Eldar Mahmudov onun nazirliyi dövründə törədilən cinayətlərə görə cəzasız qalmamalıdır.
musavat.com

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın