Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / “Həbsdəki aparat rəhbərinin həyatına təhlükə var” – iddia

“Həbsdəki aparat rəhbərinin həyatına təhlükə var” – iddia

RYTN-in “qara qutu”su olan Vidadi Zeynalov İlqar Əliyevin aqibətini yaşaya bilərmi?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki aparat rəhbəri Vidadi Zeynalov həbsi ilə barışa bilmir. Bu haqda müsavat.com-a məlumat verən mənbə bildirib ki, məsələ heç də daim komfort içində yaşayan, bahalı maşınlara, villalara öyrəşmiş  V.Zeynalovun gözlənilməz həbsindən sonra məhbəs divarları arasına salınmasının yaratdığı diskomfortla məhdudlaşmır.
İş bundadır ki, Vidadi Zeynalov RYTN-dən öncə, 1995-ci ildə Bakı Şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, 2000-ci ilədək isə Bakı Maliyyə İdarəsinin rəisi olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb, 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks aparat rəhbəri ilə sabiq naziri MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də MTN çetesinin  adamı kimi tanınıb.
Hazırda E.Mahmudov həbsdə olmasa da, onun rəhbərliyi altında çalışmış 10-a yaxın general da daxil olmaqla, ümumilikdə 20 MTN-çi həbsdədir. Tutulanlara verilən ittihamlar sırasında qanunsuz dinləmə ittihamı da yer alıb. Belə məlumatlar da var ki, qanunsuz dinləmələr MTN-dəki xüsusi bölümün və RYTN-dəki MTN çetesinə əlaqəli şəxslərin köməkliyi ilə həyata keçirilib.
Bu baxımdan V.Zeynalovun böyük sirlərə malik olması ona “MTN işi”ndə həbs olunan qurumun Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin taleyini yaşada bilər. Yada salaq ki, İ.Əliyev həbsindən sonra bildiklərini danışacağı ilə bağlı məhkəmələrdə bəyanatlar vermişdi. Az sonra isə sabiq rəis müavini Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada asılmış vəziyyətdə  aşkarlandı. İlqar Əliyevin ölümü ilə əlaqədar özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlansa da, bu işin heç bir perspektivinin olmadığı da gün kimi aydındır. İ.Əliyev həbsə alınan MTN-çilər arasında qurumdakı qara işlərin “qara qutu”su hesab olunurdu. Vidadi Zeynalov da “Rabitəçilərin işi” üzrə eyni statusda olan şəxs kimi tanınır. Bakı İstintaq Təcridxanasında saxlanılan V.Zeynalovun da ara-sıra danışacağı, bildiklərini açıb deyəcəyi xəbərləri gəlir. Ona görə də həbsdəki aparat rəhbərinin həyatının təhlükə altında olduğunu hesab etmək olar. Vidadi Zeynalov da RYTN-in “qara qutu”sudur. Onun ehtiyatsız bəyanatlar verib çölə ismarış göndərməsi günlərin birində qəzet səhifələrində barəsində xoşagəlməz yazıların dərc olunması ilə də nəticələnə bilər. Bu baxımdan V.Zeynalovun daha ehtiyatlı olması, bildiklərini çölə ötürməzdən əvvəl danışmaması “məsləhət”dir.
Yada salaq ki, V.Zeynalov nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur.
O, ötən ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bugünlərdə isə sabiq aparat rəhbərinin həbs müddəti daha 4 ay artırılıb.
musavat.com

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın