Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Həbs olunacaq qatil həkim məhkəmədən yayındı

Həbs olunacaq qatil həkim məhkəmədən yayındı

Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı bu gün keçiriləcək proses təxirə salınıb.

 

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, bu gün əslində məhkəmə yekunlaşmalı idi:

 

“Təqsirləndirilən şəxs Firuz İbrahimovun vəkili məhkəməyə teleqram vurmuşdu ki, xəstə olduğu üçün prosesdə iştirak edə bilməyəcək. Həmçinin, təqsirləndirilən Firuz İbrahimov da gəlməmişdi. Zərərçəkən tərəf kimi biz hesab edirik ki, Firuz İbrahimov və onun vəkilinin məqsədi vaxtı uzatmaqdır. Onlar prosesə gəlməməklə vaxt qazanmağa çalışırlar. Bundan öncəki prosesdə Firuz İbadovun təqsiri tam olaraq sübuta yetirildi, məhkəmə istintaqı başa çatdı və prokuror çıxış edib, 3 il iş istədi. Təqsirləndirilən şəxs isə hökmü təxirə salmağa çalışır”.

 

S.Vəkilov qeyd edib ki, məhkəmənin növbəti iclası aprel ayının 16-sı saat 12:45-ə təyin edilib:

 

“Hesab edirəm ki, bu cür mənasız cəhdlərlə təqsirləndirilən şəxs öz məsiliyyətini daha da artırmış olur. Əlbəttə, müvəkkilim üçün heç bir fərqi yoxdur, amma hakim Şəlalə Həsənova F.İbrahimovun məhkəmədən bu cür üsullarla yayındığından şübhələndiyi təqdirdə onun məsuliyyəti daha ağır olacaq”.

 

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

 

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb və hələ də davam edir.

 

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

 

Hazırda F.İdrisov barəsində CM-nin 178.1-ci maddəsi ilə açılan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatındadır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın