Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Gürcüstanda dilimizin assimilyasiyası… –Ziyalılar “Borçalı”nın tədbirində müzakirəyə çıxardı (FOTO)

Gürcüstanda dilimizin assimilyasiyası… –Ziyalılar “Borçalı”nın tədbirində müzakirəyə çıxardı (FOTO)

Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Birliyinin geniş tədbiri keçirilib.

Tədbirdə birliyin təsisçiləri ilə yanaşı respublikamızın tanınınmış ziyalıları, alimləri, ali məktəblərin prorektor, professor, müəllimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Birlikdən Azinforum.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Şərif Kərimli əvvəlcə iştirakçıları “Borçalı” İctimai Birliyinin bəyanatı ilə tanış edib.

Həmin bəyanatda bildirilib ki, Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə cəmiyyətin əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərə görə sədr və idarə heyəti yenilənmiş və Ədliyyə Nazirliyində keçirilən növbədənkənar ümumi yığıncaq, yeni seçilmiş sədr və idarə heyəti üzvlərinin legitimliyi təsdiq olunub:

“Lakin köhnə sədr və onun ətrafındakı bir qrup şəxs ali dövlət qurumunun qərarına məhəl qoymur və Cəmiyyət adından qeyri-qanuni manipulyasiyalar etməkdə davam edirlər. Məhz elə bu cür separatçı hərəkətlərinə görə Gürcüstan hökuməti keçmiş sədrin bu ölkəyə girişinə qadağa qoyub.

Biz “Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçiləri bir daha bu hərəkətləri qətiyyətlə pisləyir və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə belə özbaşınalığa son qoymağa çağırırıq”.

Sonra tədbirin əsas mövzusu olan “Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri” ilə bağlı “Borçalı ” İctimai Birliyinin sədri Kərəm Məmmədov ətraflı çıxış edib.

O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən “Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur:

“”Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır.

Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.

Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!

Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!”.

Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firidun Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Azərbaycan Pedaqoji Universitetin prorektoru Məlikməmməd Cabrayılov, BDU- nun kafedra müdiri, professor Həmid Vəliyev, politoloqlar Ənvər Börüsoy, Natiq Miri, Əli Xəlilli, Kamran Xəlilov və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.

Tədbirdə xüsusi qeyd olunub ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın