Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Gürcü iqtidarının azərbaycanlı deputatı: “Xalq müxalifətin arxasınca getməyəcək”

Gürcü iqtidarının azərbaycanlı deputatı: “Xalq müxalifətin arxasınca getməyəcək”

“Gürcüstanda keçirilən parlament seçkiləri başa çatdı. Bu seçki bir neçə məqama görə çox əlamətdar idi. İlk növbədə konstitusiyaya dəyişikliyə əsasən, səslərin böyük hissəsi, yəni 120 deputat proporsional, 30 deputat isə majoritar qaydada seçildi.

Proporsional seçki sistemi Gürcüstan cəmiyyətinin böyük hissəsinin arzusu idi və istəkləri baş tutdu”.

Bu sözləri Musavat.com-a Gürcüstanda parlament seçkilərində növbəti dəfə qalib gələn hakim Gürcü Arzusu Partiyasının hazırkə azərbaycanlı deputatı Mahir Dərziyev bildirib.

Onun sözlərinə görə, Gürcüstanda indiyə qədər heç bir iqtidar iki seçkidən artıq tab gətirməyib:

“İstər Şevardnadze, istər Saakaşvili hakimiyyətləri olsun, iqtidarı saxlaya bilməyiblər. O baxımdan bizim üçün bu seçki məhək daşı kimi idi, görəsən, “Gürcü Arzusu” qalib gələcəkmi?!

Onu da deyim ki, seçkilərə əvvəldən beynəlxalq tərəfdaşlarımızın, Avroatlantik məkanda olan dostların, bütövlükdə dünya ictimaiyyətinin böyük diqqəti var idi”.

M.Dərziyevin sözlərinə görə, müxaifət müəyyən seçki pozuntuları olduğunu söyləyir və nəticələri tanımır: “Amma ayrı-ayrılıqda müəyyən pozuntuları istisna etsək, seçkilər demokratik və şəffaf keçirilib. Artıq Mərkəzi Seçki Komissiyası da elan edib ki, “Gürcü Arzusu” proporsional siyahıda yerlərin təxminən 50 faizini götürüb. Bu da 60 deputat yeri deməkdir”.

İqtidar deputatının dediyinə görə, Tiflisdə 8 majoritar dairədə təkrar seçki keçiriləcək: “Eyni zamanda bəzi regionlardakı dairələrdə ikinci tur gözlənilir. Lakin birmənalı olaraq seçkilərin nəticələrinə görə, “Gürcü Arzusu” təkbaşına hökumət qura biləcək və hər hansı partiya ilə koalisiyaya getməyə ehtiyac olmayacaq. Bundan əlavə, 9 partiya 1 faizlik baryeri keçib və qanunvericiliyə görə parlamentə düşmək üçün 1 faizi keçmək lazım idi. Artıq həmin 9 partiya parlamentdə təmsil olunacaq”.

M.Dərziyevin sözlərinə görə, müxalifət MSK qarşısında aksiya keçirib, bu gün Tiflisin Rustavelli prospektində parlament binası önündə aksiya keçirməyi nəzərdə tutub: “Bizim iqtidar da bildirmişdi ki, müxalifətin yeganə ümidi gərginlik, qarşıdurma yaratmaq, təkrar seçkilər keçirilməsinə nail olmağa çalışmaqdır. Lakin əminəm ki, əhalinin böyük hissəsi Gürcü Arzusu Partiyasını dəstəkləyir və müxalifətin radikal tələblərinin arxasınca getməyəcək”.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası liderlik edir.

Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 58,54 faizinin hesablandığını, “Gürcü Arzusu”nun 49,32 faiz səs topladığını açıqlayıb.

Mixail Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu müxalif “Güc və Birlik” bloku 25,94 faiz səs toplayıb.

Parlamentə Avropa Gürcüstanı, Vətənpərvərlər Alyansı, Lelo, Qirçi, Aqmaşenebeli Strategiyası və Vətəndaş partiyaları da daxil olub.

Sabiq spiker Nino Burcanadzenin Vahid Gürcüstan Partiyası parlamentdə təmsil olunmaq üçün 1 faizlik səs baryerini aşa bilməyib.

Bundan əlavə, 30 birmandatlı dairənin 15-də seçkilərin ikinci turu keçiriləcək. Qeyd edək ki, Gürcüstanda deputatlar 4 illik müddətə seçilir.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …