Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / “Günəşli” yatağında yanğın da, axtarışlar da davam edir

“Günəşli” yatağında yanğın da, axtarışlar da davam edir

Sosial şəbəkələrdə itkin düşənlərlə bağlı yazılanlar SOCAR tərəfindən etirazla qarşılanıb; general-polkovnik Kəmaləddin Heydərov və Elçin Quliyev hadisə yerində olublar

“Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş yanğından bir həftə ötür. Qəza nəticəsində itkin düşən 23 neftçinin axtarışları davam edir. Hər keçən gün itkin düşənlərin sağ qalmasına azacıq da olsa, olan ümidlər tükənməkdədir. Dekabrın 10-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev hadisə yerində olublar. Helikopterlə əraziyə baxış keçirilib, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarış işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, müzakirələrdə daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.
Məlumatda deyilir ki, dekabrın 4-də baş vermiş yanğınla əlaqədar DSX-nin sərhəd gözətçi gəmiləri və helikopterləri dərhal hadisə yerinə səfərbər edilib və axtarış-xilasetmə işlərinə başlanılıb.
Gündəlik olaraq dənizdə itkin düşmüş işçilərin axtarışı DSX-nin 7 gəmisi və 6 helikopteri tərəfindən FHN-nin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməkdədir.
Hazırda yanğın baş vermiş özüldən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
İtkin düşənlərin tapılması üçün axtarış miqyası genişləndirilib. Bu barədə APA-ya SOCAR-ın “Azneft” İstehsalat Birliyindən məlumat verilib: “Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib”.
Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. “Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur” deyə, İB rəsmisi qeyd edib.
Qeyd edək ki, SOCAR “Günəşli” yatağında qəza baş vermiş özüldə olan xilasedici qayığın video görüntüsünü təqdim edib. Video görüntüdə qayığın müasir tələblərə cavab verdiyi, adam tutumunun 42 nəfər, dənizdə qalma müddətinin isə məhdudiyyətsiz olduğu vurğulanıb.
 
Sosial şəbəkələrdə hadisə və itkin düşən neftçilərlə bağlı yazılan statuslar rəsmi qurumlar tərəfindən etirazla qarşılanıb. Xüsusilə, itkin düşənlərin ölməsi barədə yazılar narazılıq yaradıb. SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov operativ qərargahda keçirilən brifinqdə yazılara belə reaksiya verib: “Sosial şəbəkələrdə bəzi müzakirələr aparılır. Qeyri-peşəkar və hadisə barədə məlumatı olmayan insanlar statuslar yazır. Anlamırlar ki, söhbət yaxınını itirmiş insanlardan gedir. Bu, siyasi oyun deyil, burada siyasi oyunbazlıq etmək olmaz. İtkin düşənlərin ölmüş olması barədə qərarı məhkəmə verir. Biz son işçimizi də tapana qədər axtarışa ümidliyik”.
Xəzəryanı ölkələrə göndərilən müraciətlərə gəlincə, SOCAR rəsmisi bunun hələ ki, nəticəsiz olduğunu deyib. X.Məmmədov daha sonra qəzada xəsarət alan neftçilərin işə bərpasından söz açıb: “İşçilərin müalicə prosesi gedir və bu proses davam etdiriləcək. Müalicə bitəndən sonra tibbi müəssisə qərar verir ki, onlar tam sağlamdır və işə çıxa bilərlər. Ağır yaralanmış və əlil olmuş işçilərə isə, sağlamlıq sığortasına uyğun müavinət veriləcək”.
SOCAR rəsmisinin brifinqdə cəsədləri tapılan neftçilərin Qazaxıstan sərhədinə yaxın ərazidə tapılması barədə şok fikirlər səsləndirib. X.Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir. Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.
Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.
X.Məmmədov xəsarət alan neftçilərin gələcəkdə işləyib-işləməməsinə də aydınlıq gətirib: “Əgər onların sağlamlığı işləməyə imkan versə, öz işlərinə qayıdacaqlar. Əlil olmuş neftçilərin əlillik dərəcəsi isə, müvafiq dövlət qurumları tərəfindən müəyyən olunacaq. Bu halda onlar həm əlillik dərəcəsinə görə müavinət alacaq, həm də onların sığortası var, buna görə də onlara müavinətlər veriləcək”.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib ki, itkin düşən neftçilərin son ana qədər axtarışları davam edəcək: “Çalışırıq ki, son günə qədər əməkdaşlarımızı axtarıb tapaq və ailələrinə təhvil verək, əzizlərinə çatdıraq.  Son məqama qədər bununla bağlı ümidlərimizi itirmirik. Hazırda 5 gəmimiz orada yanğını söndürür. SOCAR-ın orada yanan 4  qaz quyusu var. Hazırda quyuların söndürülməsi, yanğının söndürülməsi illə məşğuluq. Küləkli havanın olmasına baxmayaraq işlər davam etdirilir. Eyni zamanda bizim texnikli tədbirlərdə həyata keçirilir. Özüldə su təminatı olmadığı üçün biz ilk növbədə çalışırıq ki, özülün su ilə təminatını bərpa edək ki ,quyuları söndürə bilək”.
Xatırladaq ki, “Günəşli” yatağında güclü külək nəticəsində dekabrın 4-də qəza baş vermişdi. Nəticədə platformada olan 63 nəfərdən 33-ü xilas olunsa da, yerdə qalanları xilas etmək mümkün olmayıb. Onlardan 6 nəfərinin cəsədi tapılsa da, digərlərinin axtarışları hələ də davam edir.

Həmçinin oxuyun

Elmira Axundova ilə bağlı AÇIQLAMA

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif …

Bir cavab yazın