Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb – Fotolar

Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb – Fotolar

Prezident İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə 2014-cü ildə start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.

Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.

Mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir.

İndiyədək 115 min 488 fermer qeydiyyata alınıb. Həmçinin bu günədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. İndiyədək 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.

Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb.

Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da var.

Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir. Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır.

Prezident İlham Əliyev müəssisəsinin istehsalat sahəsində də olub. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.

Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.

Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.

Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

Həmçinin oxuyun

Əli Kərimli: “Azərbaycan baxımından əldə olunan nəticələr çox pozitivdir”

“Təxminimiz özünü doğrultdu. Ərdoğan-Bayden görüşü çox yaxşı keçdi. İlk açıqlama Baydendən gəldi. “Ərdoğanla çox yaxşı …

Bir cavab yazın