Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Siyasət / Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.
Müraciət hüquq müdafiəçisinin Facebook səhifəsində dərc edilib. G.Vanyan öz müraciətində “qısa müddət ərzində Bakı və Yerevanda müvafiq konsulluq xidmətlərinin açılışı ilə Ermənistan və Azərbaycan vətəndaşlarının hərəkət azadlığını təmin etməyi” xahiş edir.
Hüquq müdafiəçisi onun müraciətinə qoşulmağa hazır olan Azərbaycan və Ermənistan vətəndaşlarına münasibətdə, bütün dünyada xoşməramlı insanlar üçün “təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların aradan qaldırılmasını” vacib sayır.
Birincisi, Vanyan yazır ki, “uzun illərin irqçilik elementləri olan informasiya müharibəsinə baxmayaraq, Azərbaycanda yaşayan ermənilərə və Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik nifrət zəminində məişət cinayətləri olmayıb”.
İkincisi,”müharibənin nəticələri güman etməyə imkan verir ki, bu yaxınlarda hərbi rəqib olmuş bir ölkəyə səfər etmək istəyənlərin böyük axını olmayacaq, təhlükəsizlik qüvvələri bunu əsas tutaraq yarana biləcək arzuolunmaz insidentlərin qarşısını asanlıqla ala bilərlər”, – deyə erməni hüquq müdafiəçisi qeyd edir.
Üçüncüsü, o, davam edərək bildirir ki,”ikitərəfli və çoxtərəfli görüşlərin ölkələrimizin ərazisinə köçürülməsi Ermənistan-Azərbaycan münaqişəsinin qəti həlli prosesində etimad mühitinin yaradılması üçün zəruri zəmin yaradacaq”.
Georgi Vanyan, iki ölkənin liderlərinə müraciətində qeyd edir ki, “bütün regional kommunikasiyaların blokdan çıxarılması prinsipi Qazax və Tavuş arasında rabitənin açılmasını da nəzərdə tutur. Sərhəd-keçid məntəqəsi SSRİ dövründə işlək magistral yolu birləşdirən keçmiş yol polisi postunun yerində quraşdırıla bilər. Cəmi 30-50 metrə yaxın asfaltı təmir etmək lazımdır. Viza rejiminin yaradılması sərhədboyu zonada yaşayan vətəndaşların qarşılıqlı səfərlərinə imkan yaradacaq (onlar uzunmüddətli viza ala, sənədlərin verilməsi prosedurundan onlayn istifadə edə bilərlər). Tavuş və Qazaxın özünüidarəetmə orqanları arasında, beynəlxalq təşkilatların iştirakı ilə, birbaşa təmaslar həm dövlət sərhədinin demarkasiyası prosesində, həm də minaların təmizlənməsi və infrastrukturun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində konstruktiv əməkdaşlıq üçün bir fürsət yaradacaq”.
Hüquq müdafiəçisi həm də “bütün maraqlı şəxslərə və təşkilatlara Ermənistan və Azərbaycan rəhbərliyinin müsbət reaksiyasına səbəb olacaq informasiya kampaniyasına başlamaq” təklifi ilə çıxış edib.
Vanyan postskriptumunda yazıb: “Mənim erməni pasportumun Azərbaycan ştampı ilə olan səhifəsi var. Mən iki ölkə arasında “vizasız” rejimin qeyri-rəsmi proseduruna əməl edərək, 2018-ci ildə Azərbaycanda olmuşam. İkitərəfli müqavilə ilə təsbit edilmiş qarşılıqlı səfərlərin hər kəsə hüquqi və əlçatan mexanizmini yaratmağın vaxtıdır”. Virtualaz.org

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …